Narkotikin saxlanması və daşınmasında şübhəli bilinən qardaşlar tutulub

Xəbərlər

04.07.2022 - 11:44

Onların üzərindən metamfetamin və marixuana aşkar olunaraq götürülüb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələri əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Tərlan Əzimovu saxlayıblar. Onun üzərindən psixotrop maddə olan metamfetamin və marixuana aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, T.Əzimov narkotik vasitələri qardaşı Qəşəm Əzimovdan götürüb.

Q.Əzimovun üzərinə və yaşadığı evə baxış keçirilən zaman bükümlərdə ümumi çəkisi 30 qramdan çox heroin, külli miqdarda metamfetamin, marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Tərlan Əzimov barəsində polisin nəzarəti altına vermək qismində qətimkan tədbiri seçilib, Q.Əzimovun barəsində isə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az