Hazırda ibtidai araşdırma intensiv davam etdirilir
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə AYNA-yaa Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin məlumat yaydığı məlum hadisə ilə əlaqədar, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb. Hazırda ibtidai araşdırma intensiv davam etdirilir.
Hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.
Hərbi Prokurorluğun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.