21 ədəd patron və kibrit qutularında qurudulmuş marixuana aşkarlanıb
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu sursat saxlayan və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin satışında şübhəli bilinən Oqtay Ağayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan avtomat silahına məxsus 21 ədəd patron və kibrit qutularında qurudulmuş marixuana aşkarlanıb.
Keçirilən digər əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər sakini Mahir Mehdiyev saxlanılıb. Onun istifadəsində olan VAZ-21099 markalı avtomobilə baxış keçirilərkən maşının yük hissəsində sellofan torbada gizlətdiyi narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.