“Münaqişə hərbi yolla həllini tapdı, artıq Minsk Qrupuna ehtiyac yoxdur”

Siyasət

21.11.2020 - 10:30

Tofiq Abbasov: “Ermənilər Azərbaycanın vətəndaşı olaraq yaşamaq istəmirlərsə, öz problemləridir”

 

“Azərbaycanın qələbəsi bütün dünya birliyi tərəfindən qəbul olunub. Düzdür, bəzi qüvvələr var ki, bunu qəbul etmirlər, qərəzli reaksiyalar verirlər. Həmçinin, bundan sonrakı, yəni, Qarabağ münaqişəsinin siyasi mərhələsində ATƏT-in Minsk Qrupunun prosesə cəlb olunması haqqında fikirlər səsləndirilir. Amma indiki vəziyyət Minsk Qrupunun artıq iflasının göstəricisidir”.

 

Bu sözləri, Qarabağ münaqişəsi ilə bağlı Minsk Qrupunun aktivləşdirilməsi fikirlərini AYNA-ya şərh edən politoloq Tofiq Abbasov deyib. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlamasında bildirib ki, Dağlıq Qarabağın statusu məsələsi müzakirə olunmalıdır. O, müzakirənin Minsk Qrupunun təklifləri ilə aparılmalı olduğunu qeyd edib. Növbəti danışıqlar mərhələsində Minsk Qrupunun iştirakı məsələsini Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko da qaldırıb. Eyni zamanda, Fransa xarici siyasət orqanları haqqında da bu barədə çağırışlar edilir.

 

T.Abbasovun sözlərinə görə isə, Minsk Qrupu uzun illərdir ki, guya, münaqişəni tənzimləməklə məşğul idi: “Əslində isə işğalçı Ermənistan tərəfinin əməllərini görməzdən gəlirdi, Azərbaycana təzyiqlər etməyə çalışırdı. Həmsədrlərin “turist diplomatiyası” ilə məşğul olduqları haqqında deyilənlər təsadüfi deyil. Onlar həqiqətən də Ermənistanın işğalına haqq qazandıraraq, ortada var-gəl edirdilər, mənasız səfərlər həyata keçirirdilər. Məsələ hərbi yolla həllini tapdı. İndi bəzi dövlətlər, bəzi qüvvələr çalışırlar ki, Minsk Qrupunu yenidən gündəmə gətirsinlər. Amma həmsədrlərə faktiki olaraq ehtiyac yoxdur, məsələ onlarsız həllini tapır. Minsk Qrupunu prosesə yenidən qoşmaq istəyənlər də bunu anlayırlar. Sadəcə vəziyyəti sinirə bilmirlər”.

Azərbaycanlılar Dərbənddə təzyiqlərə məruz qalır` - Tofiq Abbasov

“Azərbaycan Minsk Qrupuna, bu institutun qərəzinə 25 ildən çox dözdü. Sonunda nə oldu? Gördük ki, bunlar yararsız, fərsiz və ikiüzlüdürlər. Onlar Azərbaycana vəd verdilər, amma vədlərinin üzərində dayanmadılar, münaqişənin həllində bir addım da müsbətə doğru addım atılmadı. Əksinə, Ermənistanın sifarişlərini yerinə yetirməklə məşğul oldular. İndi həmsədr dövlətlərin bəzi rəsmiləri, xüsusən də Fransanın xarici siyasəti ilə məşğul olan şəxslər canfəşanlıq edirlər ki, prosesə daxil olsunlar. Çünki prosesdən kənar qalırlar, erməni maraqlarını müdafiə edə bilmirlər”, - deyə analitik vurğulayıb.

 

Politoloqun qənaətincə, rəsmi Bakı gərək onların çağırışına cavab verməsin: “Biz əsas məsələni döyüş meydanında həll etdik, qalib gəldik. Göstərdik ki, biz dünyanın ən ali siyasi qurumu olan BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi 4 qətnaməsini icra etdik. Öz gücümüzə, Azərbaycan Ordusunun qəhrəmanlığı ilə bunu həll etdik. Bundan sonra Minsk Qrupu kimi ikiüzlü təşkilata ehtiyacımız yoxdur”.

 

T.Abbasov həmsədrlərin digər niyyəti barədə də maraqlı fikir səsləndirib. Onun sözlərinə görə, həmsədrlər artıq gündəmdən çıxmış Qarabağın statusu məsələsini yenidən gündəmə gətirmək, bunun ətrafında müzakirələr təşkil etmək arzusundadır: “Amma bu, alınan deyil. Azərbaycan Prezidentinin də dediyi kimi, artıq status məsələsi yoxdur. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, vəssalam. Bundan sonra çalışmalıyıq ki, işğaldan azad edilən ərazilərimizdə Azərbaycanın qanunları bərpa olunsun. Bizim üçün maraqlı deyil ki, ABŞ-ın, Fransanın, Rusiyanın daxilində olan bəzi ermənipərəst qüvvələr nə deyirlər. Bu gün Fransada da, Rusiyada da müəyyən qüvvələr var ki, ermənilərin maraqlarının müdafiəçisi rolundadırlar. Amma bu niyyətlərinə çata bilməyəcəklər”.

 

Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığına isti yanaşmaması məsələsinə gəlincə, müsahibimiz hesab edir ki, onlar vətəndaşlığımızı qəbul edib, normal yaşamalıdırlar: “Status yoxdur, bunu unutsunlar. Razı olacaqlar, yaşayacaqlar. Razı olmurlarsa da, cəhənnəmə razı olsunlar. Biz onları gözləməli, nazları ilə oynamalı deyilik. 25 il idi ki, Azərbaycan onlara təkliflər verirdi. Deyilirdi ki, status məsələsi həllini tapa bilər, gəlin danışaq, barışaq, normal yaşayaq. Bu təkliflərin hamısını geri çevirdilər. Artıq o mərhələ arxada qaldı. İndi Azərbaycanın vətəndaşı olaraq yaşamaq istəmirlər, o, bizim problemimiz deyil. Biz öz məsələmizi həll etdik, ərazi bütövlüyümüz bərpa olundu. Dekabrın 1-dən sonra bölgəmizdə yeni reallıqlar yaranacaq. Qarabağ erməniləri istəyirlər, gəlsinlər, yaşasınlar. Ən ali səviyyədə, yəni, Prezident səviyyəsində onlara təminat verilib ki, vətəndaşımız olaraq hər kəsə necə, vətəndaşımız olan ermənilərə də elə münasibət sərgilənəcək. Başqa nə edilməlidir ki?! Onlar nəvaziş gözləyirlər, yoxsa ki, status gözləyirlər? Yoxdur, olmayacaq!”.

Müəllif: Anar Bayramoğlu