Moskva kimləri “rusdilli” sayacaq - “Beşinci kolon”un çağırışı və yeni təcavüz ssenarisi

Siyasət

30.03.2022 - 13:15

Arif Əliyev: “Kreml bu yolla təxribatlar törətməyi, “rusdilli” adlandırdığı şəxslərdən “beşinci kolon” kimi istifadə etməyi nəzərdə tutur”

Firudin Cəlilov: “Bu sənədin müzakirəyə çıxarılması qəbuledilməzdir və dünya ictimaiyyəti tərəfindən qəti şəkildə qınanmalıdır”

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, hakim Vahid Rusiya Partiyasının deputatı Konstantin Zatulin rus dilini bilənlərin hamısının həmvətən kimi tanınmasını təklif edən qanun layihəsini palataya təqdim edib. Layihədə qeyd olunur ki, qanun əsas “vətəndaş” anlayışının əsassız geniş şərhi ilə bağlı çatışmazlıqları aradan qaldırır.

Sənəddə xüsusilə də rus dilini bilən şəxslərin Rusiya ərazisində yaşayan həmvətənlər kimi tanınması təklif edilir. Eyni zamanda, SSRİ-nin dağılmasından ötən 30 il ərzində SSRİ vətəndaşlığı olmayan “yeni nəsil soydaşlara” da qanunun şamil olunması nəzərdə tutulur və “həmvətən”lə “SSRİ vətəndaşlığı” arasındakı bağ da ortadan qaldırılır.

Analitiklər hesab edirlər ki, Rusiya bu yolla gələcəkdə keçmiş SSRİ dövlətlərinə müdaxiləsini rəsmiləşdirməyə çalışır. Yəni, həmin ölkələrdə yaşayan “rusdillilər” Rusiyadan kömək istəyəcəkləri təqdirdə, Moskva onların “hüquqlarını qorumaq” məqsədilə müdaxilə edə bilər. Bu isə öz növbəsində postsovet məkanında hiddətlə qarşılanır və təklif olunan bu qanun layihəsi SSRİ-nin digər formada yenidən bərpası cəhdi kimi qiymətləndirilir.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin və Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev AYNA-ya şərhində deyib ki, bu qanun qəbul edilsə belə, işlək mexanizmi olmayacaq: “Məlumdur ki, Rusiyada hakimiyyət qolları müstəqil deyil və Prezidentin tapşırığı əsasında qərarlar qəbul edirlər. Bu mənada bu qərarın da Putinin iradəsi ilə müzakirəyə çıxarıldığı heç bir şübhə doğurmur. Buna görə də biz bu addımı dövlət siyasəti kimi qəbul edirik”.

“Əlbəttə “rusdillilər” ifadəsinin seçilməsi təsadüfi deyil və gələcəkdə təxribatçı məqsədlər üçün istifadə oluna, hüquqi yozumlara əsas verə bilər. Yəqin ki, elə bu məqsədlə də qanun layihəsini hazırlayıblar. Lakin Rusiya bu gün elə bir vəziyyətdədir ki, Dövlət Duması əslində başqa məsələlərin üzərində köklənməlidir. Rusiyanı gözləyən böyük təhdidlərin qarşısının alınması istiqamətində səylərini artırmaq əvəzinə, müstəqil dövlətləri təhdid etmək çıxış yolu deyil. Bu Kremlin ənənəvi siyasətidir və imperialist maraqlarından qaynaqlanır”, - deyə o bildirib.

Həmsöhbətimiz hesab edir ki, bu qanun layihəsi təklifi qəbul olunsa belə, yaxın dövrlər üçün işlək mexanizmi olmayacaq: “Lakin bütün hallarda təhlükəli məqamdır. Moskvanın bu gün təcili həll etməli olduğu ciddi problemləri mövcuddur. Bu baxımdan onlar imperiya maraqlarını kənara qoyub, ilk növbədə özlərini qorumaq haqqında düşünməlidirlər”.

Onun sözlərinə görə, Rusiyanın keçmiş SSRİ vətəndaşları ilə bağlı ardıcıl qərarları Kremlin dövlət siyasətinin tərkib hissəsidir: “Bundan öncə də vaxtilə SSRİ vətəndaşlığı olmuş şəxslərin özlərinin və övadlarının Rusiyada vətəndaşlıq almasını, aqrar sektorda fəaliyyət göstərməsini asanlaşdıran qərar qəbul etdilər. Bu gün isə “rusdillilər” ilə bağlı yeni qanun  layihəsi hazırlayıblar. Şübhəsiz ki, Moskva uzaqgörən məqsədlər üçün bu qanunu müzakirəyə çıxarır. Bu yolla da postsovet məkanına daha bir təsir rıçağı  əldə etməyə çalışır”.

“Hətta qanunlar olmadan da Rusiya tərəfindən bu istiqamətdə atılmış bir çox addımların şahidi olmuşuq. Təsadüfi deyil ki, Dnestryanı, Luqansk, Donetsk, Cənubi Osetiya, Abxaziya, hətta Qarabağda nə qədər insan Rusiya vətəndaşı pasportunu daşıyır. Halbuki bu, onların aid olduğu dövlətlərin qanunlarına tamamilə ziddir. Moskva buna məhəl qoymayıb və dəfələrlə bu məsələlər gündəmə gəlib. Mövcud şəraitdə bunu rəsmi səviyyədə həyata keçirməyə səy göstərirlər. Rusiya gələcəkdə bu yolla təxribatlar törətməyi, həmin “rusdilli” adlandırdıqları şəxslərdən “beşinci kolon” kimi istifadə etməyi nəzərdə tutur”, - deyə Əliyev vurğulayıb.

Sabiq təhsil naziri, dilçi alim Firudin Cəlilov da AYNA-ya açıqlamasında söyləyib ki, belə bir qanun layihəsinin müzakirəyə çıxarılması Rusiyanın təcavüzkar mahiyyətindən qaynaqlanır: “Bu qanunun qəbul edilməsi insan hüquq və azadlıqlarına ziddir və konkret təhdid yaradır. Hər bir dövlətin vətəndaşları deyilən anlayış mövcuddur. Bu vətəndaş rus da ola bilər, türk də, rusdilli də, digər millətlərin təmsilçiləri də. Burada şovinizm elementləri aydın görünür. Əslində təəccüblü və qeyri-adi bir şey də yoxdur. Bir halda ki, Moskva müstəqil və suveren dövlətin ərazisinə daxil olub, oranın vətəndaşlarını bombalayır, bunu da edəcək. Məhz elə buna görə də, Putinin avtoritar və imperialist idarəçiliyinə son qoyulmalıdır”.

“Bu, təkcə digər millətlərin deyil, rusların da maraqlarına qarşıdır. Digər ölkələri və onların vətəndaşlarını təhdid edən bir avtoritar hakimiyyət öz vətəndaşlarını da istədiyi kimi idarə edəcək. Bu baxımdan həm Rusiyanın, həm də keçmiş İttifaq dövlətlərinin vətəndaşları bu məsələyə kəskin etiraz etməli, Kremlin məkrli planına qarşı birgə mübarizə aparmalıdırlar. Bu, petisiya da ola bilər, digər beynəlxalq hüquqi mexanizmlər də”, - deyə müsahibimiz qeyd edib.

Onun fikrincə, bu gün olmasa da, gələcəkdə bunun çox ağır fəsadları ola bilər: “İddia olunur ki, Rusiyanın başı özünə qarışıb və bu istiqamətdə heç nəyə nail ola bilməyəcək. Lakin unutmaq lazım deyil ki, Kreml gələcəkdə bunu əlində əsas tutub, postsovet ölkələrinə qarşı təcavüz edə bilər. Yəni, bununla başqa dövlətlərin ərazilərində əməliyyat aparmaq üçün özləri üçün hüquqi zəmin yaradırlar. Bu sənədin müzakirəyə çıxarılması qəbuledilməzdir və dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə qınanmalıdır. Hətta konkret bu fakta görə Rusiyaya qarşı yeni sanksiyalar da tətbiq edilməlidir”.

“Müasir şərait, yeni texnologiyalar sərhəd tanımır və bu gün nəinki  rus dilində, müxtəlif dillərdə səlis danışan insanların sayı milyonlarladır. O ki qaldı keçmiş SSRİ-nin vətəndaşlarına və onların varislərinə “yaşıl işıq” yandırılması məsələsinə, artıq Sovet İttifaqı yoxdur. Bu ittifaqı Rusiyanın da iştirakı ilə üzv dövlətlər çoxdan dəfn edib. Bu mürtəce qanunla heç bir dövlət barışmayacaq və Baltikyanı ölkələr başda olmaqla, bütün postsovet məkanı buna kəskin formada öz etirazını bildirəcək. Çünki bu cür şüarlarla dəfələrlə təxribatçı ssenarilərini həyata keçirib, müxtəlif ölkələrə soxulublar. Yenidən belə bir cəhdi heç nə olmamış kimi qəbul etməyin özü belə yolverilməzdir”, - deyə Cəlilov fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev