Moskva Azərbaycan-Ermənistan sülhünün lehinədir, “Sputnik” əleyhinə

Siyasət

15.04.2022 - 20:24

“Azərbaycan və Türkiyə ilə “bal ayı” uzaqda deyil və bu romantik münasibətlər Artsaxın maraqlarının ziyanına olacaq”

Rusiyanın rəsmi “Sputnik” İnformasiya Agentliyinin Ermənistan bölməsinin Azərbaycan əleyhinə təbliğat ruporuna çevrilməsi çoxdan bəllidir. Rusiya rəsmilərinin Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsi olduğunu bəyan etmələrinə baxmayaraq, “Sputnik Ermənistan”ın saytında “Dağlıq Qarabağ” rubrikası var və digər Rusiya KİV-lərindən fərqli olaraq, Azərbaycan ərazisindəki separatçı tör-töküntüləri, qondarma rejimi dövlət kimi göstərir.

Başqa sözlə, “Sputnik” Azərbaycan torpağında separatizmi dəstəkləməklə, bu ilin fevralında imzalanmış Azərbaycan ilə Rusiya arasında Müttəfiqlik Bəyannaməsinin müddəalarını açıq şəkildə pozur.

“Sputnik Ermənistan” bu gün Azərbaycan əleyhinə nəşrlər silsiləsindən “Paşinyanın Ermənistan üçün “sülh”ü və ya hakimiyyətdəki deputatlar pomidoru tanklardan necə üstün tuturlar” başlıqlı məqalə dərc edib.

Bu nəşr Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasının zəruriliyi ilə bağlı bəyanatlarını tənqid edir. Məqalənin əsas mesajı ondan ibarətdir ki, Ermənistanın hazırkı hakimiyyəti ölkənin milli maraqlarına xəyanət edir, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına tərəfdar olan məmurlar ikiüzlü və öz maraqlarını düşünən dəllallar kimi ifşa olunur.

Yeri gəlmişkən, Rusiya hakimiyyəti də Ermənistanla Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşmasının tərəfdarıdır. Lakin bu hal Rusiya dövlət büdcəsindən maliyyələşən “Sputnik”in əks mövqe tutmasına mane olmur.

“Hakimiyyət (vətəndaş razılaşması - red.) daxilindəki əhval-ruhiyyəyə baxsaq, Azərbaycan və Türkiyə ilə “bal ayı” uzaqda deyil. Bir şey üzücüdür - bu romantik münasibətlər çoxdan əziyyət çəkən Artsaxın maraqlarının zərərinə olacaq”, - deyə “Sputnik Ermənistan” qeyd edir.

Bu sətirləri oxuyanda belə bir hiss yaranır ki, bu məqalə dövlət büdcəsindən maliyyələşən Rusiya nəşrində yox, erməni mətbuatında dərc olunub. Amma təəssüflər olsun ki, bu yazı da minlərlə anti-Azərbaycan məqalələri kimi məhz Rusiya mətbuatında dərc olunub.

Bu, bir daha sübut edir ki, “Sputnik Ermənistan” Azərbaycan və Türkiyəyə qarşı informasiya qarşıdurmasında erməni təbliğatının əsas rıçaqıdır. Bundan əlavə, bu nəşr həm də nasizmi reabilitasiya etmək cəhdindən yorulmayan kanala çevrilib. Rusiya tarixin yenidən yazılmasına və İkinci Dünya müharibəsi həqiqətlərinin təhrif edilməsinə həmişə fəal şəkildə qarşı çıxdığı halda, “Sputnik Ermənistan” açıq şəkildə nasizmi tərənnüm edən qüvvələrin tərəfinə keçib.

Bu, cari ilin yanvarında Rusiya Erməniləri Birliyinin (SAR) Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının 30 illiyi münasibətilə Moskvada alman faşistlərinin əlaltısı Qaregin Njde haqqında filmin nümayişini təşkil etməyə cəhd edərkən baş verib. Rusiya mediası və ictimai təşkilatları nasizmi tərənnüm etmək cəhdini pisləyib.

Bütün bunların fonunda “Sputnik Ermənistan” açıq şəkildə nasizmi tərənnüm edənlərin tərəfinə keçərək, sovet qoşunlarının arxa cəbhəsində təxribat fəaliyyəti üçün diversantların hazırlanmasında iştirak etmiş erməni legionunun təşkilatçılarından biri Qaregin Njdeni ağartmağa çalışıb.

Bax beləcə “Sputnik Ermənistan” etnik nifaq səpməkdə, revanşist əhval-ruhiyyəni qızışdırmaqda və Azərbaycan əleyhinə təxribatlar törətməkdə davam edir. Və belə olan halda Ermənistanın indiki hakimiyyətini də xəyanətdə ittiham edir...

Müəllif: Asif Aydınlı