Seçim etmək sırası Azərbaycanda

Siyasət

18.04.2020 - 20:00

Şimalmı, Cənubmu, Qərbmi – pandemiya bu suala cavab tapmağa yardım edir

 

Koronavirus qlobal iqtisadiyyata zərbə vurmaqla yanaşı, digər məqamları da ortaya çıxardı. Məsələn, dövlətlərin çətin dövrlərdə bir-birlərinə kömək və ya bundan imtina etməsi kimi. Dünya dövlətləri müəyyən bir sınaqdan keçdi.

 

Götürək Azərbaycanı. Özü qonşu ölkələrlə sərhədlərini bağlamağa başlayanda koronavirusla mübarizə üçün İrana 5 milyon dollar humanitar yardım ayırdı. İranın "minnətdarlığı" da çox çəkmədi - erməni mediası İrandan yardım gətirən yük maşınlarının Azərbaycanın işğal olunmuş ərazilərində peyda olmasını əks etdirən görüntülər paylaşdı.

 

Belə olan halda, niyə Azərbaycan İrana yardım etdi? Hər halda, təkcə xeyirxahlıq üçün deyil, yəqin ki...?

 

Eyni zamanda, Ermənistan Avropadan da yardım aldı - 92 milyon avro. Bu məbləğin bir hissəsi hansısa formada Qarabağdakı separatçılara veriləcək.

 

“Nəzərə alaq ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq, Rusiyayönümlü xarici siyasət vektoruna sadiq qalır. Yəni Avropa İttifaqı (Aİ) bununla Ermənistana yox, şəxsən Baş Nazir Nikol Paşinyana dəstəyini ifadə etdi”.

Bunu AYNA-ya rusiyalı politoloq Qriqori Trofimçuk deyib. Onun fikrincə, Ermənistanın özü və əhalisi Qərbə lazım deyil: “Bu prinsipə əsaslanaraq Aİ-nin Azərbaycan rəhbərliyinə münasibəti aydındır. Lakin bu, xüsusən İlham Əliyev Aİ-nin Şərq Tərəfdaşlığına qəti mövqeyini nümayiş etdirdikdən sonra aydın şəkildə özünü göstərdi. Bununla da Aİ Azərbaycana xoş olmayan münasibətini sərgilədi. Amma rəsmi Bakı onun, ümumiyyətlə köməyə ehtiyacı olmadığını bəyan etdi”.

 

Politoloqun sözlərinə görə, Avropa başqa ölkələrə həm də onların coğrafi mövqeyi, təbiəti nöqteyi-nəzərindən yanaşır: “Ermənistan ərazisində tarixi abidələr, qədim qalalar yoxdur. Avropa qədim mədəniyyətə malik olan ölkələri özününkü hesab edir. Hətta mən bir dəfə bu mövzuda danışmışam və Aİ-nin genişləndirilməsi perspektivləri barədə Polşa Seymində misal da gətirdim. İzah etdim ki, hər baxımdan Ermənistan heç vaxt Avropa ölkəsi olmayacaq”.

 

“Lakin əgər Ermənistan rəhbərliyi Avropa ailəsinə daxil olmağa çalışırsa, Qərb bu istəyi nəzərə alacaq. Vaxtı çatanda bu ölkədən tam istifadə edəcək. Hazırda isə, əslində Ermənistan heç bir yerə can atmır”, - deyə Trofimçuk vurğulayıb.

 

P.S. Hadisələrin göründüyü kimi, Azərbaycan koronavirusla mübarizədə meydanda tək qaldı. İranlı "qardaşlar" ermənilərlə qardaşlıq nümayiş etdirdilər, liberal avropalılar özləri ilə bizim aramızda on qat fərq qoydular. Bütün bunlar arasında, ən az Azərbaycana 1.7 milyon dollar həcmində vəsait ayıran ABŞ yardımını da qeyd etmək lazımdır. Görünür, bu ölkə ilə münasibət qurmağa dəyər.

 

Azərbaycan çoxdan neytral siyasət yürüdür. Dünya dəyişir və çox güman ki, koronavirusdan sonra daha sürətlə dəyişməyə başlayacaq, yeni dünya nizamında yer uğrunda şiddətli mübarizə və rəqabət olacaq. Və görürük ki, hər kəs seçimini edib artıq. Deməli, Azərbaycanın ortaya konkert mövqe qoymasının və qonşularla fərqli geosiyasi mərkəzlər arasında seçim etməsinin də vaxtı çatıb - seçim etmək sırası Azərbaycanda!

Müəllif: Nicat Hacıyev