“Moskva “Artsax”ın mövcudluğunun qarantıdır” – AVRAAM ŞMULEVİÇ

Aktual

17.01.2022 - 18:48

Beynəlxalq ekspertlər İlham Əliyevin son açıqlamalarını dəyərləndirirlər: “Rusiya Qarabağa ona görə gəlib ki...”

Prezident İlham Əliyev yerli telekanallara son müsahibəsi zamanı Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağdakı hərəkətləri ilə bağlı bəzi narazılıqların olduğunu və Bakının bu barədə bir neçə dəfə Rusiya tərəfinə məlumat verdiyini bildirib. Onun sözlərinə görə, Bakı sülhməramlıların məsuliyyət zonasına giriş-çıxışda nə baş verdiyini dəqiq bilir: “Biz görürük ki, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Qarabağ ərazilərinə və Xankəndinə gələnlərin sayı gedənlərin sayından çox fərqlidir. Daha çox insan gedir. Biz bunu izləyirik. Bura daxil olan avtomobillərin 91 faizinin yoxlanıldığını görürük. Ancaq cəmi 46 faiz avtomobil geri yola düşən zaman baxışdan keçirilmir. Bunun mənası nədi? Bu, o deməkdir ki, Rusiya sülhməramlıları əraziyə girişi pulsuz etmək və çıxış yolunda müəyyən problemlər yaratmaq istəyirlər”.

Fransa prezidentliyinə namizəd Valeri Pekresin Xankəndi şəhərinə qanunsuz səfəri də Bakını qəzəbləndirib. “Sülhməramlılar daha sonra dedilər ki, siyasətçi adi maşınla gəlib və onların “gözündən qaçıb” . Bunun necə olduğunu sizə deyəcəyəm, inanmaq çətindir. Pekress özü ilə istədiyi qədər adam apara bilməyib, onu məhdud sayda adam müşayiət edib”, - deyə Əliyev bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, sülhməramlıların fəaliyyətinə “daha ​​geniş prizmadan baxmaq lazımdır və təbii ki, qıcıq yaradan məqamlar da çoxdur”.

Əslində, İlham Əliyev birbaşa sülhməramlıları onda günahlandırdı ki, onların məsuliyyət zonasında ermənilərin sayını artırmaq üçün hər şeyi edirlər, halbuki normal şəraitdə orada ermənilərin sayının azalması tendensiyası var, çünki çoxları getmək istəyir. Aydın məsələdir ki, Laçın dəhlizindəki postda olan sıravi zabit və əsgərlər öz istəkləri ilə belə hərəkətlərə yol verməzdilər, deməli, onların yuxarıdan belə bir əmri var - Moskvadan. Yəni, Azərbaycan rəhbəri Kremlə açıq şəkildə bildirir ki, onun Dağlıq Qarabağda erməni əhalisini süni şəkildə artırmaqla bağlı bu qanunsuz planlarından xəbərdardır.

Bəs söhbət nədən gedir? Bu, birinci qalma müddətindən sonra Rusiya kontingentinin mütləq Azərbaycan ərazisini tərk etməli olacağına işarədirmi? Dövlət başçısı hansı mesajları verir?

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Rusiyalı politoloq, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov:

“Sülhməramlıların fəaliyyətinə qarşı iddiaları şəxsən Azərbaycan Prezidenti (deputatlar və hətta Xarici İşlər Nazirliyinin rəhbəri deyil) açıq şəkildə bildirirsə, bu, təbii ki, Moskvanın xüsusi diqqətini Bakının bu məsələdə mövqeyinə cəlb etmək istəyidir. Xüsusilə nəzərə alsaq ki, əvvəllər İlham Əliyev, bir qayda olaraq, demək olar ki, bütün diqqətini sülhməramlıların fəaliyyətinin müsbət tərəflərinə yönəldirdi. Məsələn, 2021-ci ilin noyabr ayının sonunda Vladimir Putinlə görüş zamanı o, qeyd edib ki, il ərzində bu kontingentin məsuliyyət zonasında “ciddi insident, toqquşma, ciddi hadisələr baş verməyib”.

Təbii ki, noyabr replikasından danışarkən onun hansı şəraitdə deyildiyini nəzərə almaq lazımdır - dövlət başçılarının danışıqlarının publik hissəsi çərçivəsində, əgər onlar arasında açıq-aşkar soyuqlaşma yoxdursa, bir qayda olaraq, iti künclər hamarlanır (bu, mövcud olan məsələlərin publik olmayan formatda müzakirəsinə mane olmur). Nə olursa olsun, 2021-ci ilin dekabrından biz İlham Əliyevin ictimai bəyanatlarında sülhməramlıların fəaliyyətinə də təsir edən bir sıra formalaşmış təcrübələrə yenidən baxılmasının mümkünlüyü barədə daha bariz vurğunun şahidi olduq.

Əvvəla, onun ötən ilin sonunda verdiyi bəyanatı xatırladaq ki, əgər Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirməli olan marşrutun öz ərazisindən keçən hissəsində gömrük infrastrukturunun yaradılmasında “israr edərsə”, onda Bakı da Laçın dəhlizində “eyni təcrübədə israr edəcək”. Qeyd etmək olar ki, bu, hələ Fransa prezidentliyinə namizəd Valeri Pekresin regiona məlum səfərindən əvvəl də ifadə edilib.

Yenə də çətin ki, İlham Əliyevin hazırkı bəyanatı 2025-ci ildə Rusiya sülhməramlılarının münaqişə zonasından çıxarılması üçün zəmin hazırlasın. İlham Əliyevin siyasi üslubu dəqiq, uzunmüddətli planlaşdırmanı, “uzun oyun”u nəzərdə tutsa da, sülhməramlı kontingentin gələcək taleyinə həlledici təsiri 2023-2024-cü illər hadisələri (o cümlədən 2023-cü ildə Türkiyədə parlament və prezident seçkiləri, 2024-cü ildə Rusiya və ABŞ-da prezident seçkiləri kampaniyaları) göstərə bilər.

Buna baxmayaraq, Rusiya sülhməramlı kontingentinin münaqişə zonasında mövcud olduğu bütün müddət ərzində onun səlahiyyətləri ilə bağlı nüanslar daim Moskva və Bakı arasında məsləhətləşmələrin mövzusu olacaq. Yəqin ki, hazırda Azərbaycan rəhbərliyi bu nüansların müzakirəsinə qayıtmaq üçün əlverişli məqam görür. Ola bilsin ki, Bakı regionda kommunikasiyaların deblokadası müzakirəsində yeni mərhələ ərəfəsində, eləcə də Ermənistan və Türkiyə arasında dialoq fonunda bu məsələ ilə bağlı danışıqlarda mövqelərini gücləndirməyə ümid edir.

Bundan əlavə, daha az əhəmiyyətli qlobal amillər də rol oyanaya bilər - Fransada eyni prezident seçkiləri kampaniyası davam edir, orada “Pekres gedişi”ni təkrarlamaq istəyən siyasətçilər ola bilər. Bakının niyə məhz indi bu məsələdə mövqeyini bir daha təsdiqləməsinin başqa səbəbi də bu ola bilər”.

Almaniya Xarici Əlaqələr Şurasının Beynəlxalq Nizam və Demokratiya Proqramının rəhbəri Ştefan Mayster:

“Baş verənlərin təfərrüatı barədə heç nə deyə bilmərəm, çünki regionda deyiləm. Mənə elə gəlir ki, Əliyev Rusiyanın Qarabağdakı rolunu inkişaf etdirməsindən çox narazıdır. Onda belə bir təəssürat yaranır ki, Rusiya burada daha çox qalmaq istəyir, orada insanların sayını artırır, şərait yaradır. Pasportlaşma haqda da eşitdik və “Regnum.ru”nun Qarabağla bağlı araşdırma mərkəzi yaradacağı barədə də.

Bu, o deməkdir ki, Rusiya oradakı vəziyyətdən istifadə edərək regiondakı rolunu artıra, Azərbaycana qarşı təsir rıçaqlarından istifadə edə və guya öz xalqını qorumaq üçün bölgəyə daha çox əsgər göndərə biləcək vəziyyət yarada bilər. Görünür, regionun ruslaşdırılması gedir və Rusiyanın çox qeyri-şəffaf hərəkətlərini nəzərə alsaq, bu, Əliyev üçün yaxşı xəbər deyil”.

İsrailli politoloq, Qafqaz, İslam dünyası və Yaxın Şərq üzrə mütəxəssis, Şərq Tərəfdaşlığı İnstitutunun sədri Avraam Şmuleviç:

“Hamıya məlumdur ki, Rusiya mahiyyətcə qondarma “Artsax”ın mövcudluğunun davam etdirilməsinin qarantıdır. Yəni, Rusiyanın üzərinə götürdüyü öhdəliklərin əksinə, rəsmi Bakının gözləntilərinin və hətta dediklərinin əksinə olaraq, “DQR”-in qalan hissəsində bu “dövlət”in bütün strukturları, “parlament”, "hökumət", tərksilah edilməyən və tərkibində Ermənistandan olan hərbçilərin qaldığı "Artsax Müdafiə Ordusu" fəaliyyətini davam etdirir.

Məlumdur ki, “Rusiya sülhməramlıları” adlanan qüvvələr əslində Azərbaycan və Ermənistan qüvvələri arasında buferdir və bu, “Artsax Respublikası”nın mövcudluğunu təmin edir və Azərbaycan ordusuna onu hansısa yolla bitirməyə imkan vermir. Təbii ki, Rusiya qüvvələrinin ermənilərə himayədarlıq etməsi, onların Qarabağa qeyri-qanuni (Azərbaycan baxımından və beynəlxalq hüquq baxımından) yüklərin, o cümlədən, silahlar daşınmasını ört-basdır etməsi ilk dəfə deyil. Burada yeni heç nə yoxdur. Azərbaycan rəhbərliyi də dəfələrlə oxşar bəyanatlar verib, Rusiya qüvvələrinə tələblərlə müraciət edib, lakin heç bir dəyişiklik baş verməyib.

Əliyevin indiki bəyanatının sülhməramlıların birinci qalma müddətindən sonra Rusiya kontingentinin Azərbaycanı tərk etməsinə gətirib çıaracağına inanmıram. Çünki Azərbaycan indi bunu etmək istəsəydi, kifayət qədər bəhanələri vardı, birbaşa deyə bilərdi ki, Rusiya qüvvələrinin Qarabağda olması mandatının uzadılması bu mandatın onlar tərəfindən yerinə yetirilməsindən asılıdır. Yəni bu mandat, Azərbaycan Respublikasının bu ərazi üzərində suverenliyini bərpa etmək, Azərbaycanın iarəçiliyinə tam keçməsi üçün hansısa keçid dövrünü təmin etmək məqsədilə erməni silahlı birləşmələrinin, o cümlədən “Artsax ordusunun” tərksilah edilməsini nəzərdə tutur. Hər halda bu qüvvələr gətiriləndə Bakının rəsmi mövqeyi belə idi. Reallıqda isə belə bir şey görmürük.

Qarabağdakı Rusiya qüvvələrinin sayı da razılaşdırılanla uyğun gəlmir. Bu qüvvələrin necə istifadə olunması da razılaşmalara uyğun gəlmir. Bakı istəsəydi, bu sualı birbaşa verə bilərdi. Amma bu, baş vermədi. Ona görə də düşünürəm ki, Əliyevin indiki bəyanatı da nəticəsiz qalacaq. Ola bilsin ki, Rusiyadan hansısa kosmetik dəyişikliklər olacaq, amma prinsipcə, Rusiya Federasiyasının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bu hissəsində erməni varlığını saxlamaq üçün Qarabağa əbədi qalmaq üçün gəldiyi heç kimə sirr deyil”.

Ukraynanın keçmiş informasiya siyasəti nazirinin müavini, Post-İnformasiya Cəmiyyəti İnstitutunun direktoru, Kiyev-Mogilyan Akademiyasının müəllimi Dmitri Zolotuxin:

“Dağlıq Qarabağda sülhməramlı kontingentdən istifadə etməklə Kremlin aktiv hərəkətlərini çoxdan, hələ rus bölmələrinin bölgəyə gəlişi barədə qərar qəbul ediləndə proqnozlaşdırırdıq. Keçid məntəqələrində baş verən hadisələri dəyərləndirə bilmərəm. Və Prezident Əliyevin fəaliyyətini qiymətləndirmək o qədər də korrekt olmazdı.

Qazaxıstandakı vəziyyət göstərdi ki, Nikol Paşinyan təkcə Putinin tapşırıqlarını yerinə yetirməyə deyil, həm də Kremlin ondan nə istədiyini açıq şəkildə səsləndirməyə hazırdır. Göründüyü kimi, belə sıx qarşılıqlı əlaqənin ikitərəfli olduğunu güman etmək olar. Sülhməramlı missiya üçün isə bu, ən azı maraqların toqquşmasıdır”.

Müəllif: Rauf Orucov