Baş nazir: “Əlbəttə ki, sanksiyalar cavabsız qalmayacaq”
Belarusun Baş naziri Roman Qolovçenko Qərb ölkələrinin sanksiyalarına qarşı cavab tədbirlərinin tətbiq ediləcəyini açıqlayıb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Qolovçenko “Belarus-1” telekanalının efirində deyib.
Baş nazir bildirib ki, cavab tədbirləri tamamilə adekvat və simmetrik olacaq: “Biz heç kimə hücum etməmişik, lakin bizə qarşı iqtisadi müharibə və ya hibrid müharibəsi artıq başlayıb. Əlbəttə ki, sanksiyalar cavabsız qalmayacaq".
Qeyd edək ki, dekabrın 3-də Qolovçenko Belarusun yaxın günlərdə Qərb ölkələrinə qarşı cavab iqtisadi sanksiyaları tətbiq edəcəyini bildirmişdi.
“Bu tədbirlər Avropa İttifaqı (Aİ), Böyük Britaniya və ABŞ-ın əvvəllər Belarusa qarşı tətbiq etdiyi “qeyri-qanuni” sanksiyalara cavab olacaq”, - Baş nazir vurğulayıb.
Xatırladaq ki, dekabrın 2-də Polşa-Belarus sərhədindəki miqrasiya böhranı ilə əlaqədar Avropa İttifaqı Minskə qarşı beşinci sanksiyalar paketini qəbul edib. Paketə 25-dən çox fiziki və hüquqi şəxs, o cümlədən “Belavia” aviaşirkəti, “Grodno Azot” və “Belarusneft” müəssisələri daxildir. Belarusa qarşı yeni məhdudlaşdırıcı tədbirlər ABŞ və Britaniya tərəfindən tətbiq edilib.