Milli Məclisin sabiq Sədri: “Geriyə yolumuz yoxdur”

Siyasət

05.10.2020 - 10:20

“Ən azından, Dağlıq Qarabağ ətrafındakı rayonların azadlığına təminat verilsə, o zaman danışıqlara dönmək istiqamətində düşünmək olar” – Yaqub Məmmədov

 

Sentyabrın 27-dən başlayaraq Ermənistan cəbhə xəttində növbəti təxribata əl atıb və təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına keçib. Artıq günlərdir, Qarabağ cəbhəsində şiddətli döyüşlər davam edir. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Füzuli və Cəbrayıl rayonlarının işğalda olan bir neçə kəndi, həmçinin Murovdağ yüksəkliyi, Talış kəndi istiqamətində, Ağdərə istiqamətində bir neçə strateji yüksəkliklər düşmən silahlılarından təmizlənib.

 

Bununla yanaşı, beynəlxalq təşkilatlar, xarici ölkələr, xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər atəşi dərhal dayandırmağa, sülh danışıqlarını bərpa etməyə çağırır. Azərbaycan tərəfi isə əməliyyatları davam etdirir. Cəmiyyət də atəşi dayandırmağın əleyhinədir. Xalq əməliyyatların sonadək aparılmasını, Qarabağın azad edilməsinin tərəfdarıdır.

 

AYNA-nın hərbi əməliyyatlarla bağlı suallarını Azərbaycan Milli Məclisinin sabiq Sədri, professor Yaqub Məmmədov cavablandırıb:

Yaqub Məmmədov: “Koronavirus böyük oyun, masştablı prosesdir” » Reyting.az

- Fəxr edirəm ki, Azərbaycan Ordusu, əsgər və zabitlərimiz böyük igidliklər göstərirlər. Bu gün ermənilərin cəbhədə müqaviməti sındırılır. Baxmayaraq ki, işğalçı ölkənin beynəlxalq təşkilatlar tərəfindən dəstəyi var, bizim geriyə yolumuz yoxdur. Biz qələbə uğrunda döyüşürük. Torpaqlarımızın işğaldan azad edilməsi üçün sonuna qədər getməliyik, yalnız irəli addımlamaq lazımdır. Haqq, ədalət bizim tərəfimizdədir, beynəlxalq qanunlar bizim tərəfimizdədir. Biz bu gün başqa ölkənin ərazisində müharibə aparmırıq, işğal edilmiş ərazilərimizi erməni terrorçularından təmizləyirik. Ərazilərimizi azad etmək üçün əks-hücum əməliyyatlarına başlamışıq, hesab edirəm ki, bu işi sona çatdırmaq lazımdır.

 

- Beynəlxalq təşkilatlardan, ayrı-ayrı ölkələrdən atəşi dayandırmaq, sülh danışıqlarını bərpa etmək istiqamətində çağırışlar gəlir, bəyanatlar verilir. Xüsusilə də, Azərbaycana təzyiqlər hiss edilir. Bunu necə qiymətləndirirsiniz?

 

- Azərbaycana 30 ildir təzyiqlər edilir. 30 ildir ki, danışıqlarda irəliləyişin olmaması basqı deyilmi? Ermənilər xarici ölkələrdə böyük diaspor fəaliyyəti göstəriblər. Hətta, bəzi ölkələrin rəhbərlərinə erməni lobbisi təsir imkanına malikdir. Bunun nəticəsində də, beynəlxalq təşkilatlardan, bəzi ölkələrdən hər zaman Azərbaycana basqı edilib. Amma düşünürəm ki, bu çağırışlara, təzyiqlərə əhəmiyyət vermək lazım deyil. Bizim müharibəmiz ədalətli müharibədir, haqsız deyilik. Öz torpaqlarımızda müharibə aparırıq. İşğalçı erməniləri ərazilərimizdən çıxarmaq istəyirik, Allahın köməyi və ordumuzun qüdrəti nəticəsində bu prosesi xeyrimizə sonlandıracağıq. Beynəlxalq təşkilatlar 30 ildir gəlib-gedir. Minsk Qrupunun diplomatları gəlirlər, burda danışırlar, gedirlər Yerevanda danışırlar, Xankəndinə gedirlər, orada separatçılarla danışırlar. Heç bir nəticə də ortaya qoymurlar. Boş, mənasız səfərlərin nə əhəmiyyəti var?! Nəticəsiz danışıqların nə mənası var?!

 

- Yenə “sülh danışıqları” deyirlər...

 

- Nə edək, bundan sonra 30 il də gözləyək ki, o 3 diplomat gəlib getsin, mənasız yerə danışıqlar aparılsın? Hesab edirəm ki, buna yol vermək olmaz. Bizim ölkə rəhbərliyi düzgün qərar qəbul edib, çox böyük qətiyyət göstərir. Xalq da rəhbərliyin qərarını dəstəkləyir. Hamımız rəhbərliyimizin, ordumuzun arxasında möhkəm dayanmışıq, qələbəni qazanana kimi də müharibəmizi aparmalıyıq. Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri bəyanatlarında nə dedilər – “İlkin şərt olmadan sülh danışıqları bərpa olunsun”. Onların bəyanatında hiss edilmir ki, sülh danışıqları bərpa olunsa, hansısa müsbət nəticə əldə edilə bilər. Əgər hiss edilsəydi ki, danışıqlar bərpa olunduğu təqdirdə ən azından işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı rayonlar azad ediləcək, o zaman danışıqlara dönmək istiqamətində müəyyən qədər düşünmək olardı. Amma bunlar “heç bir şərt irəli sürülmədən” deyirlər. Belə olan halda nə danışıq?! İndi zəmanət versinlər ki, heç olmasa, ətraf rayonlar qaytarılacaq, siz sülh danışıqlarına dönün. Bunu demirlər, demək niyyətləri də yoxdur.

Sülh prosesi uğursuzluğa düçar olarsa..."

- İran da bir yandan Ermənistana yardım edir...

 

- Rəsmi tehranın bu addımlarını çox pis qiymətləndirirəm. İran özünü İslam aləminin görkəmli dövləti elan edir, bu yandan da müsəlman ölkəsi olan Azərbaycanın torpaqlarını işğala məruz qoyan ermənilərə yardım edir. Bu, İslam dünyasına da, qonşuluğa da, dostluğa da, insanlığa da xəyanətdir.

 

- Həmçinin rəsmi Tehran tərəflərə vasitəçilik təklif etdi. Sizin hakimiyyətdə olduğunuz vaxt İranın vasitəçiliyini görmüşük - Şuşa işğal olunanda...

 

- Vasitəçilik təklif edirlər, digər yandan da Ermənistana dəstək verirlər. Bu, necə sülh yaratma missiyasıdır?! Məncə, bizə İranın vasitəçiliyi lazım deyil. Vasitəçidən biri də - Fransa, görürsünüz, hansı hoqqadan çıxır? Hesab edirəm ki, rəsmi Parisin vasitəçiliyindən də imtina etmək lazımdır. Fransa birmənalı olaraq Ermənistanı dəstəkləyən ölkədir. Fransa Prezidenti gündə 5-6 bəyanat verir, dünyanı ayağa qaldırmaq istəyir ki, “qoymayın erməniləri türklər qırır”. Belə mövqeli ölkə necə vasitəçilik edəcək? Rədd eləmək lazımdır. Onlardan birmənalı imtina etmək lazımdır.

 

- Təkcə Fransadan, yoxsa ümumiyyətlə, Minsk Qrupundan?

 

- Təkcə Fransadan. Könül istərdi ki, həmsədrlərdən imtina edək. Amma Rusiya və ABŞ olmadan münaqişəni, problemi həll etmək çətindir. Yəni, bu iki supergücdən imtina etmək mümkün deyil. Amma Fransadan imtina etmək lazımdır.

 

- Yəni, Fransadan imtina edib, Minsk Qrupunda Türkiyənin vasitəçiliyini tələb etməliyik?

 

- Türkiyənin vasitəçiliyi çox yaxşı olardı. Amma hesab edirəm ki, Türkiyənin həmsədr olmasına ABŞ və Rusiya razı olmayacaq. Hər halda təklif etməliyik, tələb irəli sürməliyik. Bu gün Türkiyənin özünü də daş-qalaq edirlər ki, Qarabağda əməliyyatları Türkiyə aparır. Bunu ona görə edirlər ki, sülh danışıqları bərpa olunanda Türkiyə qarışa bilməsin, iştirakçı olmasın.

 

- Amma istər-istəməz, Türkiyə artıq proseslərin içindədir. Söhbət Dağlıq Qarabağ münaqişəsinə rəsmi Ankaranın mövqeyindən və bölgədəki güc sahibliyindən gedir...

 

- Türkiyənin Azərbaycana dəstəyi hər zaman olub. Bu dəstək indi daha yüksək səviyyədədir. Onlar qardaşlığını, dostluğunu əskik etmədilər. Türkiyə cəmiyyətinə də, rəhbərliyinə də buna görə təşəkkür edirəm. Nəinki mən, bütün azərbaycanlılar qardaş ölkəyə minnətdardır.

 

- Müharibə şəraitində daxili siyasi qüvvələrin davranışı necə görünür? Milli məsələmizə həmrəylik varmı?

 

- Hesab edirəm ki, siyasi mənsubiyyətindən asılı olmayaraq Dağlıq Qarabağ məsələsində hər kəs birlik nümayiş etdirməlidir. Bu da var, hər kəs Azərbaycan Ordusunun uğurlarını istəyir, ərazilərimizin azadlığına sevinir, ölkə başçısına dəstəyini ifadə edir. Bütün Azərbaycan xalqı Prezident İlham Əliyevin müharibə addımlarını birmənalı dəstəkləməli, qələbəyə gedən yolda ordumuza, dövlətimizə əlindən gələn yardımı göstərməlidir.

 

- Necə düşünürsünüz, hərbi əməliyyatlar torpaqlarımız tam azad olunanadək davam edəcəkmi?

 

- Təbii, bu, bizim arzumuzdur, istəyimizdir. Biz Qarabağın azadlığını, ərazi bütövlüyümüzün tam bərpasını istəyirik. Nə qədər gediləcək – bu, Prezidentin qərarından asılıdır. Mən əminəm ki, ölkə rəhbərliyi də, Azərbaycan Ordusu da sonadək getmək əzmindədir. Ölkə başçısının bəyanatlarından, açıqlamalarından da hiss olunur ki, geriyə yol yoxdur. Hələ ki, əməliyyatlar davam edir. Qarşıdakı günlərdə atılacaq addımlara uyğun nəsə demək olar. Bütün hallarda hesab edirəm ki, sonadək gedilməlidir, bizim başqa yolumuz yoxdur.

Müəllif: Anar Bayramoğlu