Milli Məclisdə müxalifətə çağırış: “Eybi yoxdur, qoy məni söysünlər, amma...”

Aktual

27.12.2022 - 14:05

Parlamentdə Qərbi Azərbaycana qayıdışdan danışıldı, Xankəndidə xüsusi nümayəndəlik institununun yaradılması təklif edildi

Milli Məclisin bu gün keçirilən iclasında 23 qanun layihəsinin müzakirəsi keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantıda deputatlar əvvəlcə gündəmin mövzuları ilə bağlı çıxış edib, təkliflər səsləndiriblər.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxışında Qərbi Azərbycana qayıdış məsələsinə toxunub. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin öz doğum günündə Qərbi Azərbaycan İcmasının binasının açılışında iştirak etməsi, bir qrup Qərbi azərbaycanlı ilə görüşü, etdiyi çıxış yeni mübarizənin əsasıdır: “hesab edirəm ki, burada hər birimiz əlimizi daşımızın altına qoymalı, işləməliyik. Milli Məclis də bu prosesdə öndə olmalıdır. Qanunvericilik planında öz işlərimizi götürməliyik”.

Komitə sədri: “Sahibə xanım, sizdən xahiş edirəm, gələn sessiyada bu məsələyə baxaq”

“Nə qədər Qarabağ işğal altında idi biz qarabağlı idik. İndi kim özünü azərbaycanlı sayırsa, artıq Qərbi azərbaycanlı olmalıdır”, - deyə komitə sədri əlavə edib.

M.Quliyev çıxışında həmçinin Milli Məclisdə Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq qrupunun yaradılmasını təklif edib: “Şimali Kipr Türk Cümhuriyyətinin parlamenti bu addımı atıb və dostluq qrupu yaradılıb. Qarşı tərəflə danışıqlarımız olub. Səfərimiz zamanı onlar da bu barədə bizdən xahiş ediblər. Sahibə xanım, sizdən xahiş edirəm, gələn sessiyada bu məsələyə baxaq”.

Deputatlar Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanmasını təklif ediblər

“Qərbi Azərbaycana qayıdış konsepsiyası hazırlanmalıdır. Çünki Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət sahəsində Qərbi azərbaycanlıların geri qayıdacağı gün uzaqda deyil”. Bu sözləri isə deputat Jalə Əliyeva səsləndirib. Millət vəkili deyib ki, bütün hədəf və məqsədimiz aydındır: “44 gün ərzində torpaqlarımızı işğaldan azad etdiyimiz kimi Qərbi azərbaycanlılar da öz doğma torpaqlarına qayıdacaqlar”.

Deputat Fəzail Ağamalı da Qərbi azərbaycanlıların qayıdışından söz açıb: “Cənab Prezident Qərbi Azərbaycan İcmasının binasını ziyarət etdi, ziyalılarla bir araya gəldi, görüşüb müzakirələr apardı. Hesab edirəm ki, Prezident Qərbi Azərbaycana qayıdışın yol xəritəsini ortaya qoydu, təkzibedilməz arqumentlərlə Qərbi Azərbaycanın tarixi torpaqlarımız olduğunu sübuta yetirdi”.

“Geopolitik mahiyyətdən yaranan Ermənistan qondarma dövləti zamanla ərazilərimizi işğal edib, bunun hesabına genişlənib. İndi vəziyyət dəyişib, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qəhrəman əsgərimiz nəinki işğala son qoyub, eyni zamanda, Ermənistanın çöküşünə səbəb olub. Mən təklif edirəm ki, parlamentdə Böyük Qayıdış konsepsiyası hazırlayaq”, - F.Ağamalı vurğulayıb.

Deputat müxalifətə səsləndi: “Bu gün  yenə də ermənipərəst qüvvələrin Azərbaycana təzyiqləri artıb”

Millət vəkili Tahir Kərimli deyib ki, ermənipərəst dairələr Azərbaycanı “Qarabağ kartı” ilə vurmaq istəyiblər: “Amma Qarabağda qazanılan qələbədən sonra bizim mübarizəmiz yenidən başladı. Bu gün  yenə də ermənipərəst qüvvələrin Azərbaycana təzyiqləri artıb. Mən buradan müxalif qüvvələrə də səslənirəm. Bu gün dünyanın bir neçə dövlətindən ölkəmizə qarşı təhdidlər var. Eyni zamanda, xaricdə yaşayan bəzi azərbaycanlıların da bizə qarşı qərəzi var. Bildirmək istəyirəm ki, hakimiyyətə nifrəti dövlətə təsir etməli deyil. Eybi yoxdur, qoy məni söysünlər, amma onlar bilməlidirlər ki, bizim hələ də mübarizəmiz davam edir. Yalnız bir adamın ətrafında birləşməliyik – İlham Əliyevin. Son 200 ildə ilk dəfə biz torpaqlarımızı geri qaytarmışıq. Bunu kim edib? Ona görə də hər bir azərbaycanlı Prezidentin ətrafında birləşməlidir”.

“Gün gələcək ki, ermənilər Parisdə terrorçuluq fəaliyyəti göstərəcəklər”

“PKK terrorçuları Parisi dağıdırlar və bu, hamının gözü qarşısında baş verir”, - deyən deputat Fazil Mustafa çıxışına bu sözlərlə davam edib: “Talehin hökmünə baxın ki, Fransanın özünün bəslədiyi ilan ona qarşı çıxıb. Gün gələcək ki, ermənilər də Parisdə terrorçuluq fəaliyyəti göstərəcəklər”.

Deputat Tural Gəncəliyev isə xatırladıb ki, sabah Xankəndi şəhərinin və Kərkicahanın işğalının ildönümüdür: “Biz əlbəttə, ərazi bütövlüyümüzü bərpa etdik, amma bu tarixləri unutmamalıyıq. Azərbaycanlıların son dayaq nöqtəsi olan Kərkicahanda ermənilər azərbaycanlılara qarşı qırğın törədib. Kərkicahan ermənilərin Şuşaya tərəf gələrək Şuşanı işğal etməsi planını gecikdirdi. Ümumilikdə Xankəndidən 100-dən çox insan I Qarabağ müharibəsində şəhid olub, Kərkicahandan 34 nəfər şəhid var”.

Vitse-spiker: “Qərbi Azərbaycanla bağlı həlqənin cızıldığı aydındır”

“Dövlət başçısının Qərbi Azərbaycan İcması ilə görüşü çox maraqlı oldu. Prezident səviyyəsində məsələyə konseptual yanaşıldı. Bu görüş siyasi, mənəvi və tarixi tərəfləri özündə birləşdirdi. Dünya ictimaiyyətinin diqqətini Azərbaycana, Azərbaycan-Ermənistan münasibətlərinə yönəltdi", - deyən vitse-spiker Fəzail İbrahimli bildirib ki, İrəvanın vaxtilə ermənilərə verilməsi adi fikir, vətəndaş mövqeyi deyil, bu, dövlət başçısının bəyanatı idi: “Bu gün paytaxtı İrəvan olan Ermənistan bizim tarixi torpaqlarımızda qurulub və bu, dünya ictimaiyyəti tərəfindən bilinməlidir”.

“Prezidentlə görüşdə Qərbi Azərbaycandan gələn insanların keçdiyi tarixi yola nəzər salınıb. Onların keçdiyi faciəvi yol gündəmə gətirilib - 1918, 1948 faciələri... Bütün bunlar dünya ictimaiyyətinə çatdırılır. Bizim tarixçilər bu məsələlərə toxunur, amma dünyanın bundan xəbəri yoxdur. Prezidentin məsələyə böyük diqqət ayırması bu baxımdan da əhəmiyyət kəsb edir”, - vitse-spiker əlavə edib.

F.İbrahimli vurğulayıb ki, indi Qərbi Azərbaycan İcmasının oturduğu binada zamanında Qarabağ İcması fəaliyyət göstərib: “İndi Qərbi Azərbaycan İcmasının həmin binada olması bir mesajdır ki, siz də vətəninizə qayıdacaqsınız. Biz bir zamanlar qeyd edirdik ki, hamımız qarabağlıyıq və torpaqlarımıza dönəcəyik. Prezidentin məlum çıxışının içərisində Qərbi Azərbaycanla bağlı həlqənin cızıldığı aydındır. Əminəm ki, günün birində bu parlamentdə biz həmin məsələni müzakirə edəcəyik".

“İndi növbə Xankəndinindir”

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc vurğulayıb ki, Vətən müharibəsində qələbədən sonra yeni hakimiyyət quruculuğu, konstitusion islahatlar və birinci Qarabağ savaşı dövrünün idarəçilik mirasının ləğvi daha da sürətlənib: “1990-cı illərdə muxtar dövlətə çevrilən Naxçıvanın o vaxtkı statusu zamanın tələbi idi, lakin indi qələbədən sonra bütün ərazi vahidləri qanunverici orqan üzərindən deyil, ali icra hakimiyyəti tərəfindən birbaşa yönləndirilməlidir. Naxçıvan Ali Məclisinin ləğvi yalnız Konstitusion dəyişikliklərlə mümkündür. Göründüyü kimi, xüsusi nümayəndəlik institutu işğaldan azad olunan torpaqların hüdudlarını aşır, ölkəmizin bütün coğrafiyasına tətbiq olunmaqla Azərbaycanı etnik-milli, ərazi və işğal faktoru ilə parçalayan çoxəsrlik tarixin mənfi ənənələrini aradan qaldırır”.

“İndi növbə Xankəndinindir. Orada xüsusi nümayəndəlik institutunun yaradılması 300 il ərzində İrandan, Rusiyadan və Qərbdən qərarlar gözləyən yerli erməni əhalisini konstitusiya və qanunlara tabe olmağa, düşmənçiliyə son qoymağa imkan verəcək. Əgər bir vaxtlar Robert Köçəryan və Serj Sarkisyan Qarabağdan Ermənistan prezidentliyinə getmişdilərsə, indi erməni toplumunun özünə kənardan rəhbər gətirməsi xilas yolu ola bilməz. Qarabağın xoşbəxt gələcəyi yalnız Azərbaycanla bağlıdır. İndi Bakı Xankəndi, İrəvan və Təbrizdə yaşayan milyonlarla insanın ümid yeridir. Ona görə də siyasi islahatlar dövlətimizin mövqeyini gücləndirir”, - deyə deputat fikirlərini səsləndirib.

Müəllif: Anar Bayramoğlu