Milli Məclisdə ittiham: “Deyirlər ki, Rusiyadakı hadisələr kaş Azərbaycanda olaydı”

Aktual

29.03.2024 - 13:53

Deputat: “Azərbaycanı müxtəlif yanğınlarla sınağa çəkməyə çalışdılar, amma bunun da qarşısı alındı”

Bu gün Milli Məclisin növbəti iclası keçirilib. Gündəliyinə 21 məsələ daxil edilən plenar iclasda əvvəlcə deputatlar cari məsələlərlə bağlı fikirlərini səsləndirib, təkliflər veriblər.

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Ermənistan Parlamentinin sədri Alen Simonyanla keçirdiyi görüş barədə danışıb. Spiker bildirib ki, aparılmış müzakirələr zamanı iki ölkə arasında əlaqələrə parlamentin töhfəsi barədə müzakirə aparılıb.

Qafarova deyib ki, parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəlinib.

Qeyd edək ki, Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub. Aparılmış müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələlər nəzərdən keçirilib.

“Bir ölkə öz vətəndaşının təhlükəsizlik məsələsini təmin edə bilmirsə, onun digər hansı hüququnu təmin edə bilməz”

Deputat Siyavuş Novruzov çıxışında son vaxtlar dünyada gedən proseslərə diqqət çəkib. Onun sözlərinə görə, bu gün dünyada təhlükəsizlik məsələsi bir nömrəli məsələyə çevrilib: “11 sentyabr hadisələri dövründə Corc Buşun bir çıxışı var idi. Deyirdi ki, ABŞ birinci yerə vətəndaşın təhlükəsizlik məsələlərini çıxarır, media azadlığı, söz azadlığı və digər bu kimi məsələlərdən geri çəkilir. Bir ölkə öz vətəndaşının təhlükəsizlik məsələsini təmin edə bilmirsə, onun digər hansı hüququnu təmin edə bilməz. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ərazisində sosial xarakterli fövqəladə vəziyyət yaratmağa cəhd göstərsələr də, hüquq-mühafizə orqanları Prezidentin rəhbərliyi ilə bunun qarşısını aldı”.

“İkincisi, Azərbaycanı müxtəlif yanğınlarla sınağa çəkməyə çalışdılar, amma bunun da qarşısı alındı. Bu onun göstəricisidir ki, dünyanın mötəbər tədbirləri Azərbaycanda keçirilir. COP29 kimi tədbirin Azərbaycanda keçirilməsi ölkəmizdə olan demokratiyanın, söz, mətbuat azadlığının göstəricisidir. Bunu gözü götürməyən qüvvələr isə çoxdur. Hətta bəzi partiya sədrləri, blogerlər var, deyirlər ki, dünyanın müxtəlif yerlərindəki, məsələn, Rusiyadakı hadisələr kaş Azərbaycanda baş verəydi. Onlar vətəndaşları düşünmür, öz mənafelərini güdürlər”, - deyə S.Novruzov ittiham səsləndirib.

Milli Məclisin xüsusi iclasının çağırılması təklif edildi

“Azərbaycanda 24 ildir ki, bələdiyyələr var. Amma biz hələ də xırda məsələləri həll edə bilməmişik”.  Bu sözləri isə deputat Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, Azərbaycanda hələ hər hansı bələdiyyənin məktəbi, teatrı, xəstəxanası və s. yoxdur: “Çünki bələdiyyələrin maliyyə imkanları mövcud deyil. Hesab edirəm ki, bu məsələnin həlli üçün çalışılmalıdır”.

“Bir kənd yerində maliyyə imkanı olmayan bələdiyyə layihələri necə həyata keçirəcək?", deyə F.Mustafa sual edib.

Deputat Qüdrət Həsənquliyev isə Milli Məclisin xüsusi iclasının çağırılmasını təklif edib: “Rusiyada baş verən son hadisələrdən sonra Azərbaycanda da təhlükəsizlik sahəsində görülən işlərlə bağlı məlumat verilməsi zərurəti yaranıb. Hesab edirəm ki, Milli Məclisin bununla bağlı xüsusi iclası çağrılmalıdır. Rusiyada baş verənlərdən sonra Azərbaycanda da bu sahədə görülən işlərlə bağlı məlumat verilsin. Nəzərə almaq lazımdır ki, Milli Məclis həm də çağırışçı orqandır. İclas qapalı da keçirilə bilər”.

Deputatlar çıxışlardan sonra gündəlikdə olan məsələlərin müzakirəsinə başlayıblar. Bir sıra qanun layihələri müzakirə olunub, qəbul edilib.

Müəllif: Anar Bayramoğlu