Milli Məclisdə Fransaya sərt sözlər: “Əlaqələrə yenidən baxılmalıdır”

Aktual

16.11.2022 - 12:45

Deputatlar Senatın qətnaməsini tənqid etdilər: İşçi Qrupu yaradılması təklif edilib

Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi ilə bağlı deputatlar fikirlərini səsləndiriblər. Millət vəkilləri hesab ediblər ki, Azərbaycanın Fransa ilə münasibətlərinə yenidən baxılmalıdır.

Deputat Kamran Bayramov xatırladıb ki, Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul edib: “Sirr deyil ki, bu kağız parçası Ermənistan lobbisinin məhsuludur. Həmin kağız parçası tövsiyə xarekteri dayışır, əvvəllər də olduğu kimi, qanuni qüvvəsi olmayacaq. Görünən odur ki, Fransa Cənubi Qafqazda sülh istəmir”.

“Fransa “demokratiyanın”, “ədalətin” mərkəzi olaraq, Senatının belə qətnamə qəbul etməsi onun nə qədər ikiüzlü olduğunu göstərir. Fransa həm də ATƏT-in Minsk Qrupunun üzvüdür, amma buna baxmayaraq, ermənipərəst olduğunu sübut etdi. Demək ki, Fransa Azərbaycanla dost, tərəfdaş ölkə deyil. Ona görə də Fransa ilə əlaqələrə yenidən baxılmalıdır”, - Bayramov söyləyib.

“Özünü yeni Napoleon hesab edənlər tarixə diqqətlə baxmalı və demokratik çıxış etməlidirlər”, deyə çıxışına başlayan deputat Tural Gəncəliyev bildirib ki Fransanın Azərbaycana qarşı siyasəti beynəlxalq hüquqa ziddir: “Onlar bir daha sübut etdilər ki, ermənipərəst mövqedən vaz keçməyəcəklər”.

Millət vəkili Vahid Əhmədov isə Fransa Senatının qətnaməsinə cavab olaraq Milli Məclisdə İşçi Qrupu yaratmağı təklif edib: “Təklif edirəm ki, İşçi Qrupu yaradaq. Bununla da Milli Məclis adından Fransa Senatına mövqeyimizi bildirək”.

Milli Məclisin sədri Sahibə Qafarova təklif üçün təşəkkür edib və buna baxılacağını söyləyib.

“Fransa tərəfindən oxşar vəziyyət Vətən müharibəsindən əvvəl də müşahidə edilirdi. Ancaq həmin sənədin təsir qüvvəsi Senatın divarlarından kənara çıxmadı”, - deyən deputat Cavanşir Feyziyevin sözlərinə görə, Ermənistan hökuməti anlamır ki, Senatın bu qərarı heç də erməniləri müdafiə etmək istəyindən irəli gəlmir: “Bu, Fransanın Cənubi Qafqazda öz geosiyasi maraqlarını yeritmək istəyindən irəli gəlir. 10 noyabr Üçtərəfli Birgə Bəyanatda da Fransanın imzası yer almadı. 44 günlük müharibənin nəticələri dünya tarixininə Azərbaycanın uğuru, Minsk Qrupunun isə uğursuzluğu kimi yazıldı. Öz uğursuzluğuna görə bu gün onlar belə addımlar atırlar”.

“Davamlı sülh bəzi ölkələrin maraqlarını qane etmir. Fransalı həmkarlarımız nəzərə almaldıır ki, 2 ildir Cənubi Qafqaz yeni reallıqlar şəraitində yaşayır. Bu bölgədə söz sahibi də, güc sahibi də Azərbaycandır”, - deyə millət vəkili əlavə edib.

Deputat Ramin Məmmədov Əlcəzair soyqırımı barədə Azərbaycan Parlamentində dinləmələrin keçirilməsini təklif edib: “Bütün bunların fonunda Fransa Senatının belə bir sənəd qəbul etməsi, bu ölkənin beynəlxalq hüquqa əsl münasibətini ifadə edir. Keçmişində Əlcəzair soyqırımı kimi bir ləkə olan, Seneqal, Kamerun, Ruanda və Mərakeşdə qətliamların iştirakçısı olmuş Fransanın irqi ayrı-seçkilikdən danışmağa haqqı yoxdur”.

“Milyon yarım insanın qətli ilə nəticələnən Əlcəzair soyqırımı barədə Azərbaycan parlamentində də dinləmələrin keçirilməsi məsələsinə baxmaq mümkündür. Xüsusi vurğulamaq istərdim ki, Senatın səs çoxluğu ilə qəbul etdiyi bu qətnaməyə səs verənlər nəticə etibarilə Fransanın Azərbaycan və Ermənistan arasında gedən danışıqlarda, Cənubi Qafqazdakı proseslərdə iştirakının əleyhinə səs verdilər”, - deyə deputat vurğulayıb.

Deputat Fəzail Ağamalı da Milli Məclisin İran və Fransanın əleyhinə sənəd qəbul etməsinin vacibliyini söyləyib: “Təklif edirəm ki, sabah İran və Fransanın ölkəmizə qarşı düşmənçiliyini müzakirə edək və parlament səviyyəsində sənəd qəbul edək”.

“Vətən müharibəsi təkcə hərbi meydanda deyil, həm də dövlətlərin siyasi simasını açdığına görə böyük Qələbədir. Fransa Senatının dünənki qərarı da 2020-ci ilin noyabrın 25-də Qarabağı tanımağa çağıranların 44 günlük müharibədəki məğlubiyyətidir. Qətnamənin preambulasında BMT Nizamnaməsinə istinad olunur. Baxın, dünya təhlükəsizliyinə cavabdehlik daşıyanlar millətləri necə birləşdirir?”, - deputat Zahid Oruc çıxışında bildirib.

Millət vəkili qeyd edib ki, Senatın qərarında ikinci bənd Türkiyədən qorxunu nümayiş etdirir: “Yunanıstanda olduğu kimi, Ermənistanla sərhədlərə qoşun yığıb, Gümrüdən Rusiya hərbi qüvvələrini çıxarıb Qafqazı tutmaq istəyirlər. Xalqımız bilməlidir ki, dünən Fransa Senatında qərar çıxaranlar İstanbulun mərkəzində qanlı terrorun sifarişçiləri ilə eyni qüvvələrdir. Siz Şarli Hebdo qətlindən sonra Parisdə çiyin-çiyinə dayanan dövlətləri Türkiyə və Azərbaycanla bir sırada görmərsiniz. Lakin o qətnamələr Vətən müharibəsinin nəticələrini dəyişmir, əskinə erməni xalqına növbəti zərbədir. Çünki ondan yalnız bir ovuc siyasi avantürstlər fayda götürür”.

“Çıxış yolu səfirliyə hücum etmək, yumurta və pomidor atəşinə əl atmaq deyil. Ərzağa heyifdir. "Total" şirkətini Abşeron yatağından qovmaq da ölkəmizin iqtisadi izolyasiyasını istəyənlərin xeyrinədir, əksinə kompaniyanın resurslarını Avropaya və Fransa elitasına qarşı yönəltmək gərəkdir. Biz Fransa Senatına Şuşada yeni bəyənnamələrlə cavab verməliyik”, - deyə Z.Oruc qeyd edib.

Xatırladaq ki, ötən gün Fransa Senatı Azərbaycana qarşı sansiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Sənədin lehinə 295, əleyhinə 1 senator səs verib. Qətnamənin müəllifləri Bruno Retaio, Patrick Canneri, Herve Marsey və Elian Asasidir. Sonradan onlara daha iki deputat – Kristian Kambo və Gilbert-Lyuk Devinaz qoşulub. Qətnamədə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklifi yer alıb.

Müəllif: Anar Bayramoğlu