Milli Məclis büdcəyə yenidən baxmalı olacaq

İqtisadiyyat

13.04.2020 - 15:21

Belə bəsit iqtisadi sistemi olan ölkədə pulun bircə mənbəyi var – Neft Fondu

 

Aprel-may aylarında 10 milyonluq ölkə ancaq büdcə vəsaitinin müxtəlif yollarla paylanılmasına görə ayaqda qala biləcək. Yəni, acından ölən, şükür ki, yoxdur, olmayacaq da – həm büdcədən maaş-təqaüd-müvavinat alanların sayı və analizi, həm də hökumətin sosial liftinə inanmayan cəmiyyətin daxili resurslar hesabına yaratdığı ailədaxili sosial liftlər ölkəni ayaqda tutmağa davam edir.

 

Amma əsas iki sual var:

 

1) Nə vaxta qədər ailədaxili, nəsildaxili sosial liftlər, bu resurs dəstək ola biləcək;

2) Dövlət büdcəsinin üzərinə düşən xərclərin yerini nə əvəz edəcək, büdcə necə doldurulacaq.

 

Əlimizdə real rəqəamlər olmadığından, gəlin, rəsmi rəqəmlərə istinad edərək modellər quraq: Əhalimiz 10 mln. nəfərdir - 1,3 mln. nəfər təqaüd alır, 915 min nəfər dövlət sektorunda çalışır deyə maaşını almaqda davam edir, 400 min nəfər dövlətdən müxtəlif sosial müavinat alır, 293 min nəfərə ölkədə Prezident təqaüdü verilir. Bu insanların cəmi 2,9 mln. nəfər edir.

 

Son açıqlanan hökumət proqramına əsasən, özəl sektorun qapadılan sahələrində çalışan 300 min nəfərin maaşını dövlət ödəyəcək, özəl sektorun qapadılmayan sahalərində (ərzaq mağazaları, apteklər, logistika və s.), təqribən, 150 min nəfər çalışır, onlar da maaşlarını almaqda davam edəcəklər, 200 min nəfər işsiz vətəndaşa (zülmlə olsa da) hər ay 190 manat veriləcək (2 ay müddətinə, ümumiyyətlə, yuxarıda da qeyd etdiyim kimi, bütün hesab-kitab 2 aylıq götürülüb) – deməli bu vətəndaşları da ümumi saya əlavə etsək, ölkədə 3 mln. 600 minə yaxın insan hər ay, az-çox pul alır-alacaq. Deməli, hər ailədə azı 1, bəzi hallarda isə 2-3 nəfər aylıq pul görür-görəcək. Və ölkənin bütün iqtisadi aktivliyi, ticarət dövriyyəsi yaxın 2 ayda bu şəxslərin, əsasən büdcədən aldığı pul üzərinə inşa edilib.

 

Məmləkətin uzun illər səhv və elmsiz idarə edilməsi ölkədə dövlət iqtisadiyyatının ən eybəcər formasının təsis olunmasına səbəb olub – orqanik iqtisadi institutlar təsis edilməyib, bazar iqtisadiyyatının adı var, özü yoxdur, dövlət-məmur iqtisadiyyatı yaradılıb. Yuxarıda da qeyd etdiyim kimi, indi bütün yük büdcə üzərinə düşüb, büdcənin də formaşdırılmasında neft gəlirləri 60%-dən çox rol oynayır.

 

Gəlin, bir az da büdcəni sadə dillə təhlil edək: 2020-ci ilin büdcəsinin gəlirləri 24 mlrd. 134 mln. manat nəzərdə tutulub. Əvvəl gəlirlərin strukturuna baxaq: 11 mlrd. 350 mln. manat sırf Neft Fondundan büdcəyə olunacaq transfertdir – bu da büdcənin 48%-ni təşkil edir. Bu məbləğdə problem yoxdur – neft 10 dollar da olsa, Neft Fondu həmin məbləği büdcəyə köçürəcək (amma Neft Fondunun öz büdcəsi bərbad günə düşəcək, bu, ayrı mövzudur), büdcənin, təqribən 12%-i neft şirkətlərindən gələn müxtəlif təninatlı vergi ilə dolmalı idi və vergi daxilolmaları neftin ortalama 55 dollar varsayımı üzərindən hesablanıb. Yəni, ABƏŞ, SOCAR və digər neft şirkətləri büdcəyə, təqribən, 2,5 mlrd. manat vəsait köçürməli idilər.

 

İndiki qiymətlərlə onların vergi ödəmələri, ən yaxşı halda 1 mlrd. manat azalacaq. Fiziki şəxslərin gəlir vergisindən bu il büdcəyə 1 mlrd. 175 mln. manat daxil olmalı idi – yəni, neftin pulundan dövlət sektorunda çalışanlara maaş verirdilər, onlar da həmin pulun 14%-ni büdcəyə qaytarırdılar, adı da olurdu ki, fiziki şəxslər, guya, vergi verirlər. Bu vəsait büdcəyə daxil olacaq, cüzi azalma mümkündür, amma özəl sektor gəlir vergisi verməsə də, Sosial Müdafiə Fonduna vəsait köçürməli idi – bax o köçürmələrdə ciddi daralma olacaq.

 

Bu il büdcə ƏDV-dən 4 mlrd. 735 mln. manat daxil olmalı idi, amma bu proqnoz yerinə yetməyəcək:

1) Qeyri-ərzaq satışı minimuma düşüb;

2) Çox sayda sahələr tam qapadılıb;

3) İqtisadi aktivlik və xarici ticarət zəifləyib. İndidən nə qədər azalma olmasını demək çətindir, amma söhbət, ən azı, 1 mlrd. manatdan gedəcək.

 

Gömrük Komitəsinin də yığdığı ƏDV var. Gömrük bu il 2 mlrd. 705 mln. manat ƏDV və 900 mln. manat rüsum yığmalıdır. İndiki iqtisadi aktivliyin dibə vurması, sərhədlərin bağlı olması bu proqnozun da kəsirlə yerinə yetiriləcəyini indidən söyləməyə imkan verir – azı, 500 mln. manat az vəsait toplaya biləcəklər.

 

Bu il büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 840 mln. manat nəzərdə tutulmuşdu – karantin rejimini nəzərə alsaq, bu proqnozun da özünü doğrultmayacağını indidən söyləmək olar, daxilolmalar, azı 100-150 mln. manat azalacaq.

 

Qısası, büdcəyə nəzərdə tutulmuş daxilolmalar bütün istiqamətlər üzrə azalacaq, amma büdcə xərcləri indidən 2,5 mlrd. manat artırılıb. Sadə dillə desək, büdcəyə daha az vəsait daxil olacaq, amma daha çox xərcləmələr məcburiyyəti yaranacaq. Bəs, bu pullar hardan alınacaq?

 

Belə bəsit iqtisadi sistemi olan məmləkətimizdə pulun bircə mənbəyi var – Neft Fondu. Deməli, bu il Fonddan daha çox vəsait xərcləməyə məcbur olacaqlar. Məncə, may-iyun ayında Milli Məclis büdcəyə yenidən baxmalı olacaq – gəlir və xərclər bölümünə əl gəzdirməli olacaqlar. Sırf infrastruktira xərclənəcək vəsaiti azaldıb sosial xərcləri artırmaq olardı – amma bu da mümkün deyil:

1) İqtisadi aktivliyin böyük bir hissəsi büdcə xərclərinə görədir;

2) Bu xərclər həm də siyasi loyallığın təminatıdır.

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert