Metroda mühüm yenilik: sərnişinlər robotun, maşinistlər Allahın ümidinə buraxılacaq?

Cəmiyyət

31.07.2021 - 19:10

“SOCAR-da onminlərlə insan ixtisara düşdü, əgər Metropoliten də bu yolla gedərsə, maşinistləri SOCAR işçilərinin aqibəti gözləyir”

 

Bakı metrosunda maşinistsiz qatarlar hərəkət edəcək, ancaq bu, yalnız metropolitenin bənövşəyi xəttinin tikintisi başa çatdıqdan sonra mümkün olacaq. Bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

 

Qurumun rəsmisi onu da əlavə edib ki, bu məsələ xəttin təməl prinsiplərində nəzərdə tutulub: “Həmin sistemin təməl baza elementləri tələb olunan səviyyədə quraşdırılır. Bənövşəyi xəttin tikintisi başa çatdıqdan sonra bu xəttin öz deposu tam istifadəyə veriləcək. Və bundan sonra qatarların maşinistsiz idarə edilməsi mümkün olacaq”.

 

Qeyd edək ki, bənövşəyi xətt üzrə artıq üç yeni stansiya sərnişinlərin istifadəsinə verilib, dördüncü stansiyanın isə inşaatının ilkin hazırlıq işlərinə başlanılıb.

 

Nəqliyyat eksperti İlqar Hüseynli AYNA-ya şərhində deyib ki, qatarların maşinistsiz idarə olunmasında müəyyən proqramlaşdırma təşkil ediləcək: “Həm qatarlararası, həm stansiyalararası məsafədə dəqiq dayanma və durma əmrlərinin komanda şəklində verildiyi yeni IT sistemlərindən istifadə olunacaq, proqramlaşdırılacaq, sensor sistemləri tətbiq olunacaq. Bu texnologiya dünyanın inkişaf etmiş xeylis sayda ölkələrində mövcuddur. Azərbaycanda da tətbiq olunacağı gözlənilir”.

Ekspert hesab edir ki, ölkəmizdə bunu tətbiq etmək də olar, etməmək də olar: “Çünki burada daha çox məsələnin sosial tərəfini düşünmək lazımdır. Məsələnin maşinstlərlə bağlı olan hissəsi bir sıra problemlər yaradacaq və yarada bilər. Ona görə ki, Metropolitendə kifayət qədər maşinist çalışır, əmək haqqı alır, onlar yer altında çalışdıqları üçün pensiya təminatları da var. Maşinistlərin sosial, əmək hüquqları təmin olunur. Əgər qatarlar tam olaraq maşinistin iştirakı olmadan hərəkət edəcəksə, o zaman maşinsitlərin işdən azad olma məsələləri gündəmə gəlmiş olacaq”.

 

“Yaponiyada restoranlarda ofisiant xidmətlərini robortlar əvəz edir. Ora Yaponiyadır, orada işləməyən, çalışmayan, iş yeri robortlarla əvəz olunan işçilərin hamısının bütün sosial hüquqları qorunur. Onların əmək hüquqları qorunur, onlar yeni alternativ iş ilə təmin olunurlar. Yaponlar sadəcə taleyin ümidinə buraxılmırlar. Azərbaycanda isə bunun əksini görürük. Məsələn, SOCAR-da onminlərlə insanın ixtisara düşdüyünün şahidi oluruq ki, onlar taleyin ümidinə buraxılıb, heç bir işlə təmin olunmayıblar”, - deyə Hüseynli vurğulayıb.

 

“Əgər Metropolitendə bu cür proses baş verərsə, maşinistlərin də aqibəti SOCAR işçilərinin aqibəti kimi olacaq. Ona görə də düşünürəm ki, maşinistlərin sosial maraqları, əmək hüquqları pozulmadan bu proseslərə start vermək olar. Yox, əgər bu insanlar taleyin ümidinə buraxılıb, hər hansı işlə təmin olunmayacaqlarsa, piltosuz idarəetmə işinin metronun işinə tətbiq olunması xeyli narazılıqlara səbəb olacaq”, - deyə həmsöhbətimiz fikrini tamamlayıb.

Müəllif: Ülviyyə Şahin