Metastaz bütün bədəni məhv edə bilər - Amputasiya qaçılmazdır!

Cəmiyyət

05.02.2022 - 10:26

“Əxlaq bütün bəşəri dəyərlərin əsasını təşkil edir” - Albert Eynşteyn

Deyəsən, tərbiyə, əxlaq və ədəb-ərkanın cəmiyyətimizin nə qədər ibtidai rudimentinə çevrildiyinin fərqinə varmamışıq. Xeyr, təbii ki, bəzi həmvətənlərimizin bu təhlükə barədə xəbərdarlıq etmək, mənəvi dəyərləri qorumağın vacibliyini başqalarına çatrıdmaq üçün cəhdlərini inkar etmək olmaz. Amma bu cəhdlər, daha çox səhrada tənha ağlayanın səsinə bənzəyir.

Prinsipcə, insan özünü dərk etdiyi andan cəmiyyət həmişə qütblü olub: onun üzvlərinin bəziləri əxlaq qütbünə, bəziləri şəhvət qütbünə daha çox cəlb olunub. Yer kürəsinin müxtəlif regionlarında bəşəriyyətin formalaşmasının müxtəlif mərhələlərində bu iki şərti qrupun nisbəti fərqli olub. Hər üç monoteist dinin müqəddəs kitablarına müraciət etsəniz, əcdadların bəzən hətta geri dönüşü olmayan yerə qədər yuvarlandığını öyrənmiş olarsınız. Və o, çox qədim dövrlərdən bəri "Sodom" və "Qomorra" adlarının ümumi olaraq, neqativ halına gəldi. Allaha şükür ki, biz bundan uzağıq. Hər halda mən buna inanmaq istərdim. Amma…

Baxırsan ki, ədəbsizlər, ərkansızlar, cahillər həmişə olub. Çox olub, az olub - məsələ bu deyil. Qanacaqsız elə qanacaqsızdır. Onlar tanınırdı, onlardan qaçırdılar, ailə üzvlərini, xüsusən də uşaqları onların zərərli təsirlərindən qorumağa çalışırdılar. Və onlar cəmiyyətdəki mövqelərini başa düşür və buna görə də buna uyğun davranırdılar. Amma yəqin ki, heç vaxt ölkəmizdə indiki kimi cəmiyyətin sağlam təbəqəsi bu cahiliyyə qarşı bu qədər müdafiəsiz olmayıb.

Bəs indi necə edək, məsələn, ailə başçısı oğlunu və ya qızını bu parazitlərdən necə qorusun? Onlar bizdən icazə almadan evimizə asanlıqla daxil olurlar. Biz olmayanda da, yaxınlıqda olanda da. Hə, hə! Siz sadəcə televizoru yandırmalısınız - və onlar mavi ekranlardan bütün orduları ilə birgə sizin evinizə girəcəklər. Aparıcılar, tiktokerlər, blogerlər, fonoqramasız oxuya bilməyən müğənnilər, "krutoylar" və bütün bu qəbildən olan tör-töküntülər.

Onlar bütün sosial şəbəkələrdə də var. Onlar medianın böyük əksəriyyətində də özlərinə yuva qurmağa nail olublar. Və bu, bizim reallığımızdır. Yalnız bir çürük meyvə təzə meyvələrdən ibarət böyük bir zəmbilə düşdükdə, çox qısa müddətdə bütün digərlərini məhv edə bilər - əgər lazımi tədbirlər görməsəniz, daha doğrusu, bu meyvəni zibil qutusuna atmasanız. Təəssüf ki, bizim televiziya və media resurslarımızın efirləri sadəcə olaraq belə çürük meyvələrlə dolub.

Bu günlərdə böyük həyəcanla, sadəcə olaraq “fenomenal” başlıq ilə xəbər yayıldı: “Rəqqasə Renkanın nalayiq jesti: uşağı öz sinəsini sığallamağa məcbur etdi”. Xəbərə bu hərəkətin videosu əlavə olunur. Burada çoxlu suallar yaranır, amma biz özümüzü sadəcə göz qabağında olan bir neçəsi ilə məhdudlaşdıracağıq.

Birinci sual: Səhifələrində belə şeylər yerləşdirən həmin KİV-ləri ciddi hesab etmək olarmı? Əgər mümkündürsə, bağışlayın, bəs bu halda “ciddi” media “sarı mətbuat”dan nə ilə fərqlənir? Cavab, ümumiyyətlə, üzdədir.

İkinci sual: Ədəb və əxlaqın nə olduğunu heç xatırlayırıqmı? Çox ciddi qorxular var ki, əgər hələ bununla bağlı kütləvi amneziya yaranmayıbsa belə, vəziyyət o qədər də ürəkaçan deyil. Ojeqovun izahlı lüğətinə görə ədəb - davranış qaydası, nəzakət, əxlaq deməkdir.

İndi isə nəzəri olaraq da olsa, mənəviyyat, əxlaq və ədəb-ərkanın nə olduğunu xatırladıqsa, gəlin, özümüzə başqa ritorik sual verək: bağışlayın, cənablar, amma bütün digər hərəkətlərində, istər səhnədə, istərsə də virtual həyatda, bu şəxs ədəb-ərkan kanonlarına əməl edirdi ki? Yenə də bu ritorik sualdır. Bəs təəccüblü nə baş verdi, niyə belə bir ajiotaj yaradıldı?

Etiraf etmək nə qədər kədərli olsa da, ədəbsizlik gündəlik, adi hala çevrilib. Və bu cümlə söz xatirinə deyilmir. Demək olar ki, eyni gündə - Renka uşağa erotikanın əsaslarını öyrədəndə, daha bir “ulduz” və müasir gəncliyin kumiri reper Nəvai də fərqləndi. Tanınmış müğənni Eminlə səhnəni bölüşən və “Gəlin Bakıya qaçaq” mahnısında onunla duet oxuyan Nəvai Azərbaycanın paytaxtını “bordel” (fahişəxana) adlandırıb. Və bu, hələ Moskva səhnəsində reperin dilindən səslənən o sözün Azərbaycan dilinə ən mədəni tərcüməsidir. Düzdür, sonradan hiddət dalğası “ulduz”un donmuş beyninə çatanda, o, üzr istədi: “Mən Bakıya necə fahişəxana deyə bilərəm, axı orada anam, bacım yaşayır”.

Yadıma əfsanəvi "Üçüncü planetin sirri" cizgi filmindən Veselçak U-nun təəccüblü etirazı düşür: "Mən yerə özüm düşmədim, məni yerə atdılar".

Bu reperi kimin, nə vaxt və haradan yerə saldığını bilmək yaxşı olardı – onun danışdıqlarının başqa izahatı yoxdur. Həqiqətən də bilmirsən ki, ağlayasan, yoxsa güləsən. Amma, burada nəyə və necə güləsən?  Ağlamaq üçün daha çox səbəb var...

Belə nümunələr çoxdur, müxtəlif iştirakçılar, müxtəlif auditoriyalar, lakin eyni janr: qanacaqsızlıq, mənəviyyatsızlıq, cahillik...

Alman maarifçi filosofu İmmanuel Kant deyirdi ki, əxlaq xarakterdə olmalıdır. Vəziyyətin bütün faciəviliyinin nədə olduğunu başa düşürsüz? İndi əsirliyində olduğumuz bu mənəviyyatsızlar, Kanta görə, əxlaqın yer almalı olduğu həmin elementə sahib deyillər. Tamamilə yoxdur! Bu, amorf, anlaşılmaz, indiyə qədər elmə məlum olmayan substansiyadır. Və nə vaxtsa ədəb və əxlaqın birdən-birə heç nədən yenidən doğulacağına inanmaq - etiraf edək ki, ağıllı insanlar belə xəyallar qurmurlar!

Buna görə də hər hansı bir stasionar, hətta daha çox ambulator müalicədən söhbət belə, gedə bilməz. Əməliyyat, amputasiya lazımdır. Cəmiyyət nə qədər tez belə bir addım atmağa qərar versə, bir o qədər tez yaxşılaşacaq. Və cərrahi müdaxilədən sonra qalanlardan artıq yeni, daha sağlam, əxlaqlı və layiqli bir bərpa olacaq. Ümid edirəm ki, metastaz bütün bədəni məhv etməyəcək!

Müəllif: Vüsal Əliyev