Husilərin Səudiyyə Ərəbistanına artan hücumları da müzakirə olunacaq
Yaxın gələcəkdə Ər-Riyadda Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanının Strateji Siyasi və Müdafiə Komitəsinin iclası keçiriləcək. AYNA.AZ “RİA Novosti” agentliyinə istinadən bildirir ki, bu barədə Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar deyib.
"Prinsipcə, Strateji Siyasi və Müdafiə Komitəsinin iclasının tezliklə Ər-Riyadda keçirilməsi barədə razılığa gəlinib", - Dar bildirib.
Onun sözlərinə görə, üçtərəfli “Məkkə Sazişi”nə uyğun olaraq yaradılan komitə hər ölkədən üç nümayəndədən - xarici işlər naziri, müdafiə naziri və ordu qərargah rəisindən ibarətdir.
Digər məsələlərlə yanaşı, qarşıdan gələn görüşdə Yəmən husilərinin Səudiyyə Ərəbistanına artan hücumları da müzakirə olunacaq.
Qeyd edək ki, Məkkə Birgə Müdafiə Sazişi 7 avqust 2026-cı ildə Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə tərəfindən imzalanıb. Sənəddə iştirakçı ölkələrdən hər hansı birinə silahlı hücumun hər üçünə hücum kimi qəbul ediləcəyi qeyd olunur.