Tələbat və istəklər nəzərə alınaraq avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib
İşğaldan azad edilmiş ərazilərə ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb. Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər. AYNA xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, marşrutlar üzrə sərnişindaşımanı həyata keçirən sürücülər və avtobuslarda sərnişinləri müşayiət edən könüllülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib, onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdirilir, həmçinin hər bir oturacağın üzərinə təlimat broşürü yerləşdirilib. Səfər zamanı avtobusları Daxili İşlər Nazirliyinin əməkdaşları müşayiət edirlər.