“Mariya Stadniki legioner saymaq olmaz”

İdman

23.09.2019 - 21:55

Mais Musayev: “Bu yarışdan gözləntilər daha çox idi, lakin yenə də ümumi vəziyyət qənaətbəxşdir”

 

Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan güləşçiləri 6 medal qazana biliblər. Güləşçilərimizdən Rafiq Hüseynov, Cəbrayıl Həsənov və Şərif Şərifov gümüş medalla kifayətlənməli olublar. Eldəniz Əzizli və Elis Manolova isə bürünc medallara layiq görülüblər.

 

Çempionatda ölkəmizə yeganə qızıl medalı, əslən ukraynalı olan Mariya Stadnik qazandırıb. O, 50 kq çəki dərəcəsində qələbə qazanaraq, küsrünün ən yüksək pilləsində Azərbaycan bayrağını dalğalandırıb.

 

Çempionatı AYNA-ya şərh edən güləş üzrə ekspert Mais Musayev qazanılan nəticələri elə də uğursuz saymır: “Nəzərə alaq ki, bu çempionat lisenziya xarakteri daşıyırdı və yarışlar çox gərgin formatda keçirdi. Ümumilikdə 1 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edə bildik. Bu, ötən illərdə keçirilən dünya çempionatlarının nəticələrinə görə, heç də zəif nəticə sayılmamalıdır”.

“Çünki qızıl da, gümüş də, bürünc də qazana bildik. Lakin idmançıların çıxışlarını ayrı-ayrılıda təhlil etsək, bəzi idmançıların bacardıqlarından zəif çıxış etdiklərini deyə bilərik. Yenə də bu, onların zəif çıxış etdiyini deməyə əsas vermir”, - Musayev bildirib.

 

Həmsöhbətimiz ölkəmizə yeganə qızıl medal qazandıran idmançıdan da danışıb: “Mariya Stadnik 2007-ci ildən Azərbaycan bayrağı altında yarışlara çıxır. Onun doğulduğu və böyüdüyü ölkə Ukrayna Respublikası olsa da, idmançı 12 ildir ki, Azərbaycanın uğurları üçün çalışır və Azərbaycanı layiqincə təmsil edir. Bu baxımdan, o, qazandığı nəticələrlə Azərbaycana aid olduğunu dəfələrlə sübut edib. Ona görə də onu qətiyyən legioner saymaq olmaz”.

 

“Amma bu yarışdan gözləntilər daha çox idi. Daha çox medal və lisenziya qazana bilərdik. Lakin bu, ümumi nəticəni də kölgəyə salmır. Bir növ nəticəni qənaətbəxş hesab etmək olar”, - deyə ekspert əlavə edib.

 

Qeyd edək ki, Nur-Sultanda baş tutan dünya çempionatı, həm də “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyırdı.

Müəllif: Mərahim Nəsib