Mahmud Abbas: “Dünya Fələstin tarixində ən böyük fəlakətin şahidi olacaq”

Dünya

28.04.2024 - 21:50

Fələstin Prezidenti: “Bir neçə gündən sonra İsrail Rəfahda hərbi əməliyyata başlayacaq”

Fələstin Prezidenti Mahmud Abbas İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki hərbi əməliyyatının yaxın bir neçə gün ərzində başlayacağına inanır. AYNA xarici mediaya istinadənm bildirir ki, Prezident bu varədə Ər-Riyadda keçirilən Dünya İqtisadi Forumunun xüsusi sessiyası çərçivəsində deyib.

“Bir neçə gündən sonra İsrail Rəfah şəhərində hərbi əməliyyata başlayacaq. Çünki Qəzzada qalan bütün fələstinlilər orada toplaşıb: bir məhdud zərbə onların hamısını Fələstin ərazisini tərk etməyə məcbur etmək üçün kifayət edəcək", - Fələstin Prezidenti bildirib.

M.Abbas qeyd edib ki, bu baş verərsə, qonşu ərəb ölkələri Misir və İordaniya fələstinli qaçqınları qəbul etməkdən qətiyyətlə imtina edəcək: “Bununla da, dünya Fələstin tarixində ən böyük fəlakətin şahidi olacaq”.

Abbasın sözlərinə görə, hazırda Qəzzada vəziyyət kritikdir: “İsrail hərbçiləri anklav ərazisinin ən azı 75 faizini məhv edib, onların hərəkətləri nəticəsində əksəriyyəti qadınlar olmaqla 34 min insan həlak olub. İsrail bu əməliyyatı HƏMAS-dan qisas almaq üçün başlatdı, lakin hazırda onun hərəkətləri bütün Fələstin xalqına qarşı müharibəyə çevrilib”.

Prezident qeyd edib ki, Qəzzada baş verənlər Almaniyanın İkinci Dünya müharibəsi zamanı törətdiyi cinayətlərdən daha dəhşətlidir: “Mən bunun belə olduğuna inanan avropalı siyasətçilərin qiymətləndirmələri ilə razılaşıram”.

“İordan çayının qərb sahili və Qəzza zolağındakı Fələstin ərazilərinin vahid siyasi qurumda birləşdirilməsi üçün beynəlxalq konfransın keçirilməsini təklif edirəm. Fələstin Dövlətinin müstəqillik hüququnu hələ də tanımayan bütün ölkələr İsrailin müstəqilliyini tanıdıqları kimi bunu da etməlidirlər. Yalnız belə əsaslarla fələstinlilər İsrail tərəfi ilə tam və bərabərhüquqlu dialoq apara biləcəklər”, - Abbas fikrini tamamlayıb.

Müəllif: Ayna.az