Vəliəhd: “Küveyt 2040-cı ilə qədər istixana qazlarının tullantılarını 40 faiz azaltmağı planlaşdırıb”
Küveyt 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq istəyir. AYNA xəbər verir ki, bu barədə Bakıda keçirilən COP29 konfransı çərçivəsində liderlər sammitində çıxış edən Küveytin vəliəhdi Sabah Əl-Xalid Əl-Sabah deyib.
O qeyd edib ki, Küveyt 2050-ci ilə qədər olan dövr üçün iqtisadi inkişaf modeli yaradıb və bu model aşağı istixana qazı emissiyalarına əsaslanır.
“2060-cı ilə qədər karbon neytrallığına nail olmaq hədəfi qoyulub. Buna nail olmaq üçün biz bütün sektorlarda karbon emissiyalarını azaltmaq üçün bir sıra strateji layihələr həyata keçiririk. Eyni zamanda, “təmiz” enerji sahəsində layihələrə üstünlük verilir. Bundan əlavə, biz 2050-ci ilə qədər enerji kompleksində günəş enerjisinin payının 50%-ə çatmasını təmin etməyi hədəfləyirik. Bu baxımdan, biz davamlı enerjinin bütün imkanlarından istifadə etmək üçün yeni aşağı karbonlu texnologiyalar tətbiq edəcəyik və uzunmüddətli tərəfdaşlıq əlaqələri inkişaf etdirəcəyik”, - deyə bildirib.
Vəliəhdin sözlərinə görə, Küveyt 2040-cı ilə qədər istixana qazlarının tullantılarını 40 faiz azaltmağı planlaşdırıb.