Rauf Mirqədirov: “Türkiyənin Azərbaycanı açıq şəkildə dəstəkləməsi Rusiyanı qəzəbləndirir”
Artıq bir neçə gündür ki, Rusiyanın əksər aparıcı kütləvi informasiya vasitələri (KİV) Azərbaycan və Türkiyə əleyhinə təbliğata başlayıb. Buna misal olaraq, Rusiyanın “AİF.ru” saytında TASS xəbər agentliyinə istiandən verilən xəbəri göstərmək olar. Xəbərdə yazılır: “Suriyadakı Azad Suriya Ordusunda pul qarşılığında döyüşən əsgərlər yaxın zamanlarda Türkiyə ordusunun vasitəçiliyi ilə Azərbaycan ordusuna dəstək göstərmək üçün Azərbaycana göndəriləcək. Muzdlu döyüşçülərə 6 aylq müqavilə üçün ayda 3500 dollar ödəniləcək”.
Bundan əlavə, sözügedən saytda “Zvezda”ya istinadən “Axmaq deyilik, Azərbaycan Ermənistandakı nüvə stansiyalarına hücum edəcək” başlıqlı yazıda Ermənistanın açıq-aşkar müdafiə olunması və ermənipərəst mövqe sərgilənməsi diqqətdən yayınmır.
Rusiya KİV-nin Azərbaycan və Türkiyə əlyehinə təbliğatına “Qazete.ru” saytı da qoşulub. Həmin saytda “Türkiyə suriyalı yaraqlıları döyüşmək üçün Azərbaycana təhvil verəcək” başlıqlı yazı və yazıda “TASS xəbər agentliyi “Kürd” agentliyinə istinadən xəbər verir” qeyd olunması Rusiya mətbuatının niyyətindən və Türkiyə ilə Azərbaycan əleyhinə çıxış etməsindən açıq-aşkar xəbər verir.
Baş verənləri AYNA-ya şərh edən politoloq Rauf Mirqədirovun fikrincə, ilk növbədə bir sıra məsələləri bir-birindən ayırmaq lazımdır: “Məsələn, Azərbaycanın Rusiya ilə başqa münasibətləri var, Türkiyə ilə başqa münasibətləri. Türkiyə ilə Rusiyanın ən azından Suriya və Liviyada maraq toqquşması var. Amma Rusiya nəzərə alır ki, o, ərəb dünyasında yeganə oyunçu deyil. Onu da nəzərə almaq məcburiyyətində qalır ki, Türkiyə Yaxın Şərq dünyasında ənənəvi rol oynayır və tarixi oyunçudur. Yəni ki, indiki ərəb dünyası vaxtilə Osmanlı İmperiyasının tərkibində olub və bu baxımdan Rusiya ilə Türkiyənin maraqları toqquşsa da, Rusiya ən azından Türkiyə ilə həmin bölgələrdə barışmalı olur”.
“Amma Cənubi Qafqaza gəldikdə, situasiya bir qədər dəyişir. Yəni Rusiya Cənubi Qafqazı, ümumiyyətlə post-sovet məkanını yalnız özünün maraq dairəsi hesab edir və bu regionda digər bir oyunçunun mövcudluğunu qəbul etmək istəmir. Buna misal olaraq, Rusiyanın Gürcüstanın Qərb və NATO meylinin qarşısını almaq üçün 2008-ci ildə Gürcüstan hadisələrində necə fəal olduğunu və hansı addımlar atdığını göstərmək olaraq. Bundan əlavə, biz bunu Moldovada da, Şərqi Ukraynada da gördük. Yəni post-sovet məkanında digər bir oyunçunun peyda olmasını Rusiya qısqanclıqla qarşılayır və bu, rəsmi Moskvanın kəskin reaksiyasına səbəb olur”, - politoloq deyib.
Mirqədirov bildirib ki, son hadisələrdən sonra Moskva Ankaranın “qırmızı xətt”i keçdiyini hesab edir: “Ankara ənənəvi olaraq Azərbaycanın mövqeyini dəstəkləyir və bu fonda yeni heç bir şey yoxdur. Sadəcə olaraq Türkiyənin son bəyanatlarını nəzərə alsaq, Ankaranın Azərbaycan tərəfindən münaqişəyə fəal qoşulmağa hazır olduğunu görərik. Bu isə Moskvada sözsüz ki, yaxşı qarşılanmayıb. Yada salaq ki, bu günə qədər Ankara Ərdoğanın Putinlə bu məsələni müzakirə edəcəyinə və Putin Rusiyasının yardımı ilə Qarabağ münaqişəsini həll edəcəyinə ümid edirdi. Əslində, bu bəyanatlar bundan ibarət idi ki, Rusiya Dağlıq Qarabağ problemini həll edəcək, Ərdoğan isə özünün yaxşı münasibətlərindən istifadə edərək bunu sürətləndirə bilər. Yəni bu günə qədər, prinsipcə Türkiyə də Rusiyanın Cənubi Qafqazda, regionda hegemonluğunu qəbul edirdi və bununla barışırdı. Hətta, hesab edirdi ki, digər oyunçulardan daha çox Rusiya ilə danışmaq və maraqlarını nəzərə almaq lazımdır. Çünki Putinlə danışırsansa, sözsüz ki, onun maraqlarını nəzərə almalısan və bu istiqamətdə də problemin həllini axtarıb tapmaq lazımdır”.
“İndi isə Ankaradan səslənən bəyanatlara baxsaq, görərik ki, söhbət Rusiya ilə hansısa əməkdaşlıqdan getmir, Rusiyanın ünvanına heç bir mesaj yoxdur və Rusiyanı bu münaqişənin həllinə təhrik etməklə bağlı heç bir bəyanat yoxdur. Söhbət ondan gedir ki, Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyir, Azərbayacanın yanındadır və Azərbayacana istənilən yardımı göstərməyə hazırdır. Son günlərdə həm Azərbaycanda, həm də Türkiyədə Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Bu məsələlər də sözsüz ki, Rusiyanı həddindən artıq qıcıqlandırır və qəzəbləndirir”, - müsahibimiz vurğulayıb.
Siyasi şərhçi əlavə edib ki, Rusiya mətbuatı bununla bağlı işə keçsə də, Azərbaycan əleyhinə ənənəvi olaraq o qədər də ermənipərəst mövqe sərgiləməyib: “Amma unutmaq lazım deyil ki, bu mətbuat orqanlarının hər birinin Rusiyanın mövqelərinin gücləndirilməsi istiqamətində təhlilləri var. Yəni kim buna qarşı çıxırsa, onun üstünə düşürlər. Belə olan halda da Azərbaycanın son dövrlərdəki bəzi addımları, istisna edilmir ki, onları həddindən artıq qıcıqlandırır və nəticə etibari ilə Azərbaycanın Avropaya inteqrasiya proseslərində fəallaşması, Türkiyə ilə yaxınlaşması burada rol oynayır. Ölkə Prezidenti yeni Xarici İşlər nazirini təyin edərkən, buna mesaj da vermişdi: “Bizim Ermənistandan başqa bütün qonşularla yaxşı münasibətlərimiz var və bu istiqamətdə də işlər davam etməlidir”. Amma konkret olaraq heç bir ölkənin adı çəkilmədi. Yalnız Qərb ölkələrinə gəldikdə, Avropa İttifaqının, İngiltərənin, ABŞ-ın, ABŞ Prezidentinin adı xüsusi qeyd edildi. Yəni bu müasibətlərdə mövcud olan problemlər və problemlərin həllinə fərqli yanaşmaqla bağlı qarşılıqlı mesajlar vardı”.