Kremlin Qərblə Qarabağ davası - “Buranın ağası mənəm”

Siyasət

20.04.2022 - 15:05

Asif Nərimanlı: “Rusiyanın addımı Qərbin vasitəçiliyini tormozlamağa hesablanıb”

Ötən gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdə ölkələr arasında əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə olunub. Bu gün Moskva ilə İrəvan arasında sənədlərin imzalanacağı gözlənilir. Bizim üçün görüşlə bağlı önəmli xəbər Azərbaycanla Ermənistan arasında sülhə doğru atılan və atılacaq addımlarla bağlı müzakirə olunan məsələlərdir. 

Kremlin Mətbuat Xidməti Putin-Paşinyan danışıqlarının yekunları ilə bağlı birgə bəyanat haqqında məlumat yayıb. Məlumatda qeyd edilir ki, Rusiya Prezidenti və Ermənistan Baş naziri Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər.

"Tərəflər 26 noyabr 2021-ci il tarixli mövcud üçtərəfli razılaşmaya uyğun olaraq, Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və təhlükəsizlik məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər", - deyə bəyənatda vurğulanır.

Bununla yanaşı, bəyanatda qeyd edilib ki, görüşdə Putinlə Paşinyan Cənubi Qafqazda "3+3" regional əməkdaşlıq platformasının uğurla fəaliyyətə başlamasından danışıblar: "Tərəflər bütün region ölkələri arasında dialoqu və çoxplanlı əməkdaşlığı inkişaf etdirmək üçün əlavə imkanlar yaradan "3+3" Regional Əməkdaşlıq Platformasının uğurla fəaliyyətə başlamasını qeyd ediblər".

Putin-Paşinyan görüşü və görüşdə verilən bəyanatlarla bağlı AYNA-nın suallarını cavablandıran siyasi icmalçı Asif Nərimanlı xatırladıb ki, Paşinyanın Moskvaya səfəri əvvəldən planlaşdırılırdı və Rusiya-Ermənistan münasibətləri fonunda yeni sənədlərin imzalanması gözlənilən idi:

- Rusiyanın Ukraynaya hərbi təcavüzə başlanmasından sonra dəyişən geosiyasi şərtlərdə Moskva İrəvanla münasibətlərini yeni şəraitə uyğunlaşdırır. Lakin Qarabağ və Cənubi Qafqazdakı proseslər fonunda Paşinyan-Putin görüşünün nəticələri xüsusilə maraqlıdır. Rəsmi məlumatlara və verilən məlumatlara baxdıqda Putinin bölgədə təşəbbüsü yenidən ələ almaq cəhdini görürük, xüsusilə Brüssel görüşündə sülh sazişi və sərhədin müəyyən edilməsinə dair razılaşmalar fonunda. 

- Görüşün yekunları ilə bağlı verilən bəyanata əsasən bunu deyirsiniz?

- Bəli. Moskvada Putin və Paşinyan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Birgə Sərhəd Komissiyanın yaradılması prosesini sürətləndirməklə bağlı razılaşdı. Əslində bu, 26 noyabr 2021-ci il tarixində liderlərin Soçi görüşündə razılaşdırılmışdı, lakin heç bir irəliləyiş olmadı. Nəzəri baxımdan yeganə irəliləyiş Brüsseldə tərəflərin Birgə Sərhəd Komissiyasının aprel ayının sonuna qədər yaradılması hesab oluna bilər və Brüssel razılaşmasındakı sərhəd məsələsində məhz Soçi bəyanatına istinad edilir. Yəni Rusiyanın özünün vasitəçilik etdiyi razılaşmaya əsasən Brüsseldə vaxt razılaşdırılır, lakin Putin Paşinyanla görüşdə məsələnin sürətləndirilməsi üzərində yenidən razılaşır. Bu, Rusiyanın “əsas vasitəçi mənəm” deməyimdən başqa bir şey deyil. Amma hansısa irəliləyişin olacağı yenə şübhə altına düşür. Çünki Rusiyanın mövqeyi Brüssel razılaşmasını – Qərbin vasitəçiliyini tormozlamağa hesablanmış kimi görünür. Bu isə mövcud vəziyyətdə Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsinə imkan yaradır. 

- Yəni ki, rəsmi İrəvanın yenidən manipulyasiya edəcəyi istisna deyil...

- İrəvan “güzgü prinsipi” ilə qoşunların sərhəd xətti boyunca geri çəkilməsini, bundan sonra prosesin başlanmasını istəyir. Eyni zamanda, Paşinyan son dövrlər sərhədin SSRİ dağılanda mövcud olan xətlər üzrə aparılmasını təklif edir. Hər iki halda bu, Ermənistanın xeyrinədir. Azərbycan Ordusu böyük ölçüdə sərhədi de-fakto bərpa edib, niyə geri çəkilməlidir?! Bununla yanaşı, SSRİ-nin dağıldığı dövrün xətləri ilə sərhədi müəyyən etmək həm anklavlar, həm də otlaq və əkin adı ilə Ermənistana verilən ərazilərin taleyini sual altına salır. Azərbaycan tərəfi bunu qəbul etmir və sərhədlə bağlı məsələdə SSRİ dövrünə aid, hazırda Rusiya Baş Qərargahında saxlanılan müxtəlif dövrlərin xəritələrinin əsas götürülməsini istəyir. Təbii ki, bu fikir ayrılığı Rusiyanın təşəbbüsü yenidən ələ almasına şərait yaradır. Belə olduqda proses yenidən uzana, aprel ayının sonuna qədər Birgə Sərhəd Komissiyasının yaradılması təxirə düşə bilər. 

- Bəyanatda kommunikasiyaların blokdan çıxarılması məsələsi də müzakirə edildi...

- Elə bu məsələnin üzərinə gəlirdim. Digər razılaşma kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası üzrə Üçtərəfli İşçi Qrupunun fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı oldu. Bu, Rusiya üçün ən önəmli məsələdir. Ukraynaya hücumdan sonra Cənubi Qafqazda mövqelərini qorumaq və Ermənistana Gürcüstan marşrutundan əlavə quru yolu açmaq istəyi bunu daha da aktuallaşdırıb. Üçtərəfli İşçi Qrupu işini aktivləşdirə bilər. Lakin burada iki məsələ açıq olaraq qalır:

Birincisi, Zəngəzur dəhlizi. Ermənistan tərəfi “yol məntiqi”ndən çıxış edir. Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bildirdi ki, İrəvan bununla bağlı heç texniki-iqtisadi əsaslandırılma işinə belə, başlamayıb. Əliyev bununla Aİ-yə bildirir ki, Ermənistan dəhlizin “yol məntiqi” ilə açılması razılaşmasına da əməl etmir. İrəvanın dəhlizin öz istəyinə uyğun çəkilişini həyata keçirmədiyi təqdirdə, 10 noyabr razılaşmasına uyğun “maneəsiz keçid”ə şərait yaradacağı ehtimalı kiçikdir. Belə olan halda Üçtərəfli İşçi Qrupunun işini aktivləşdirməsi praktiki nəticələr vəd etmir.

İkincisi, Rusiya sərhəd və kommunikasiya üzrə irəliləyiş istəyirsə, 10 noyabr razılaşmasının 4-cü bəndi icra edilməli, erməni ordusunun qalıqları Azərbaycan ərazisindən çıxarılmalıdır. Ermənistan tərəfi Qarabağdakı silahlı dəstəni separatçıların qruplaşması kimi göstərir, halbuki 10 noyabr bəyanatında onlar “Ermənistan silahlı qüvvələri” olaraq göstərir və müharibədən qısa müddət sonra Paşinyan bu dəstənin sayının 15-20 min arası olduğunu deyirdi. Ermənistan silahlı qüvvələrinin qalıqları çıxarıldıqdan sonra separatçıların silahlı dəstələri artıq Azərbaycanın daxili problemidir. Erməni ordusunun qalıqları çıxarılmadığı halda iki ölkə arasında sərhədin müəyyən edilməsi, yaxud kommunikasiya əlaqələrinin bərpası mümkün deyil. Bu baxımdan, Rusiya irəliləyiş istəyirsə, bunu icra etməlidir.

- Anlaşılan, Putin-Paşinyan görüşü və verilən açıqlamalar da ümumi xarakterlidir, nəticəyünümlü sayılmır.

- Görüşdə 10 noyabr razılaşmasının bütün bəndlərinin icrasına ümumi qeydlə toxunulur və danışıqlarla bağlı açıq mənbələrdəki məlumatların analizi Moskva görüşünün ümumi fikirlərdən irəli getmədiyini deməyə əsas verir. Yeganə nəticənin Rusiya üçün ola biləcəyini deyə bilərik. Çünki Putinlə Paşinyan razılaşdı ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli təmasları intensivləşdirilsin. Bu, həm də Əliyevlə Paşinyanın Brüsseldə razılaşdığı “ikitərəfli format”a Putinin müdaxiləsi kimi görünür.

Ümumilikdə, proseslərin inkişafı sərhəddə və Qarabağda yeni gərginlik vəd edir. Ermənistan tərəfi “güzgü prinsipi”ni işə salmaq üçün sərhəddə təxribat hücumlarını artıra bilər. Qarabağda isə 4-cü bəndin icrasının yeganə yolu erməni ordusunun qalıqlarının məcbur edilməsi kimi görünür.

Müəllif: Anar Bayramoğlu