Kremlin “Facebook” xofu və ağıllı ruslar Putinə qarşı: Öz quyusunu qazır

Aktual

28.02.2022 - 20:51

Yaxud sosial şəbəkələri özünə təhlükə kimi görən rejimin dəyəri nədir?

Belə görünür ki, Rusiya hakimiyyəti öz vətəndaşlarının açıq məlumatlara sərbəst çıxışından, Ukraynada indi etdiklərinə alternativ baxışdan qorxur. Fevralın 25-dən “Roskomnadzor” Rusiyada “Facebook” sosial şəbəkəsinə girişi qismən məhdudlaşdırıb. Bu qərar iddia edilən “Rusiya mediasına senzura” ilə əsaslandırılır.

Məsələ burasındadır ki, fevralın 24-də “Facebook” sosial şəbəkəsi Rusiyanın dörd təbliğat mediasının, o cümlədən “Zvezda” telekanalının və “RİA Novosti”, “Lenta.ru” və “Gazeta.ru” internet resurslarının rəsmi hesablarını məhdudlaşdırıb.

“Roskomnadzor” (RKN) qeyd edib ki, onlar “Meta Platforms Inc” administrasiyasına sorğu göndəriblər: “Facebook” sosial şəbəkəsinin Rusiya mediasına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırın və onların tətbiq edilməsinin səbəbini izah edin.

“Sosial şəbəkənin sahibləri “Roskomnadzor”un tələblərinə məhəl qoymayıblar. Rusiya Federasiyası Baş Prokurorluğunun “Facebook” sosial şəbəkəsi ilə bağlı qərarına uyğun olaraq, 2022-ci il fevralın 25-dən etibarən “Roskomnadzor” qanuna uyğun olaraq, girişi qismən məhdudlaşdırmaq üçün tədbirlər görür”, - deyə RKN-dən bildirilib.

“Roskomnadzor”un məlumatına görə, Baş Prokurorluq sosial şəbəkənin “əsas insan hüquq və azadlıqlarının, habelə Rusiya vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasında iştirak etdiyini” tanıdığı üçün departament “Facebook”a “girişi qismən məhdudlaşdırmaq üçün tədbirlər görür”.

Girişi qismən məhdudlaşdırmanın dəqiq nə demək olduğunu RKN açıqlamayıb. Eyni zamanda, Rusiya Federasiyasının Baş Prokurorluğu “şirkət bu pozuntuları aradan qaldırmasa”, “Facebook” şəbəkəsini tamamilə bloklamaqla ilə hədələyib.

Artıq məlumdur ki, “Facebook” rəhbərliyi Rusiya hakimiyyətinin tələbini yerinə yetirməkdən və Rusiya media hesablarından məhdudiyyətləri aradan qaldırmaqdan imtina edib. Təbii ki, çoxmilyonlu rus xalqının planetin ən populyar sosial şəbəkəsindən imtinası gözlənilməz nəticələrə səbəb ola bilər.

Maraqlıdır, Putinin ətrafı belə bir qərar verməzdən əvvəl bu haqda düşünübmü? İnformasiya qidasının gündəlik və daimi insan ehtiyacına çevrildiyi bir dövrdə, qəfil belə bir ləğvə əl atmaq, girişi kəsmək Putin rejiminin özünün davamlı mövcudluğu üçün ciddi təhlükə yaratmaq deyilmi?

AYNA mövzunu tanınmış rusiyalı ekspertlərlə müzakirə edib.

Hərbi-siyasi ekspert Yuri Fedorov:

“Bəli, bu gün Rusiyada çox pis hadisələr baş verir, o cümlədən də hakimiyyətdən belə aşkar təhdidlər. Söhbət “Facebook”un rus auditoriyasından, xüsusən də bu sosial şəbəkəni çox sevən gənc auditoriyadan tamamilə kəsilməsindən getmir. Söhbət “Facebook”un fəaliyyətinin ləngidilməsindən gedir və ayrı-ayrı şəxslər və ictimai təşkilatlar tərəfindən onun hərəkətlərindən narazılıqlarının növbəti dəfə ifadə edildiyi halda, Rusiya hakimiyyəti tərəfindən onun bloklanması ilə bağlı birbaşa hədələrdən gedir.

Hesab edirəm ki, bu, Rusiya ictimaiyyətinin əhəmiyyətli hissəsinin Ukraynadakı müharibəni qəbul etməməsinin təzahürlərindən biridir. Odur ki, hadisələrin bu cür inkişafına, cəmiyyətin bu cür əhval-ruhiyyəsinə hazır olmayan Rusiya hakimiyyəti insanların (xüsusən də böyük şəhərlərin təhsilli təbəqəsi, ziyalıları) müxtəlif mənbələrdən, lakin əsasən sosial şəbəkələrdən, “YouTube”dan və s. müstəqil, obyektiv məlumat əldə etməsinə mane olmaq üçün hər şeyi edir. Burada söhbət rəsmi ritorikaya, rəsmi təbliğata zidd olan bütün məlumatların kəsilməsindən gedir. Bunun üçün hər şey edilir və ediləcək - Rusiya hökumətinin xarakteri belədir.

Kreml başa düşürmü ki, bu, öz varlığını sosial şəbəkələrdən kənarda təsəvvür edə bilməyən təhsilli təbəqənin, xüsusən də şəhər gənclərinin çox güclü narazılığına səbəb olacaq? Bəli, yəqin ki, başa düşürlər, lakin onlar bunu müstəqil məlumatların Rusiyanın ictimai məkanına buraxılmasından daha az riskli hesab edirlər.

Beləliklə, deyə bilərik ki, hakimiyyətin özü, təbii ki, oturduğu budağı kəsir. Amma düşünürəm ki, cənab Putin və onun ətrafı indi bununla barışmağa hazırdır. Ümid edirlər ki, zaman keçdikcə Ukraynadakı müharibə və onunla bağlı olan hər şey öz-özünə keçib gedəcək, dağılacaq. Müqəddəs kitabda deyildiyi kimi: “iman gətirən nə bəxtiyardır””.

Sosioloq, sosial antropoloq Denis Sokolov:

“Hesab edirəm ki, Rusiya Federasiyasında “Facebook”un fəaliyyətinin ləngiməsinin səbəbi Rusiya hakimiyyətinin hazırda Ukraynaya qarşı apardığı müharibədən informasiya axınını məhdudlaşdırmaq istəyidir. Rusiya hakimiyyəti ilk növbədə, işğalçıların Ukrayna ərazisində verdikləri itkiləri rus izləyicilərinin görməsini istəmir. İkincisi, rusiyalı izləyici Rusiya artilleriyası, aviasiyası, raket qoşunlarının Ukrayna şəhərlərinin yaşayış məntəqələrinə zərbələr endirdiyini görməsin deyə narahatdır hakimiyyət.

Kreml rus izləyicilərinin hücumun boğulduğunu, ukraynalıların isə öz torpaqlarını qoruyaraq, şiddətli müqavimət göstərdiyini görməməsini istəyir. Və ən azı bu vəziyyətdə Rusiya hakimiyyətini rus izləyicisinin nə istədiyi və istəmədiyi maraqlandırır.

Hesab edirəm ki, Putin rejiminin mövcudluğu üçün daha böyük təhlükə “Facebook” şəbəkəsinin bağlanması deyil, Ukrayna ilə müharibədə, böyük ehtimalla, məğlubiyyətdir. Bu müharibə getdikcə daha çox SSRİ-nin İkinci Dünya müharibəsindən əvvəl apardığı və əslində kiçik Finlandiyanı ələ keçirməyə çalışarkən böyük itkilər verdiyi Fin müharibəsini xatırladır.

İndiki halda bütün dünya Ukraynanın tərəfindədir. Onlar hərbi yardım göstərməyə başlayırlar. Demək olar ki, Moskvanın planlaşdırdığı vaxt çərçivəsində nəticələr hələ əldə edilməyib. Rusiya ordusu planlaşdırıldığından xeyli çox itki verir. Bütün bunlar birlikdə Putin rejiminə birbaşa təhlükədir. Rejimin özünü sürüklədiyi vəziyyətdən çıxış yolu tapması üçün çox az vaxtı qalıb”.

Müəllif: Rauf Orucov