Korrupsiyaya qarşı yeni mübarizə metodu: daha şəffaf, daha hesabatlı?

Cəmiyyət

07.04.2022 - 13:16

Həkimlər Klinikalar SEO Xidməti

Qubad İbadoğlu: “Hökumət orqanı prosesə təkbaşına nəzarət edəcəksə, hansı şəffalıqdan danışaq olar?!”

Çingiz Qənizadə: “Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq”

Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair” sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə 2022-2026-cı illər üçün “Milli Fəaliyyət Planı” təsdiq edilib.

“Milli Fəaliyyət Planı”nda vətəndaş cəmiyyəti insitutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının (QHT) korrupsiyaya qarşı mübarizədə fəal iştirakı nəzərdə tutulub. Lakin Azərbaycanda QHT-lərin beynəlxalq əməkdaşlıq imkanlarının mimimum həddə olduğunu, maddi-texniki bazasının yetərli, peşəkarlıq səviyyəsinin isə qənaətbəxş olmadığını nəzərə alsaq, bu zaman onların hansı resurslar vasitəsilə ictimai nəzarəti həyata keçirəcəyi ciddi suallar doğurur.

“Milli Fəaliyyət Planı” ölkəmizə nə verəcək: Azərbaycanda korrupsiyanın miqyasını azaldacaq, yoxsa bu da bəzi dövlət qanunları və sənədləri kimi, yalnız kağız üzərində mövcud olacaq? QHT-lərin bu prosesdə iştirakı nə vəd edir?

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu AYNA-ya açıqlamasında deyib ki, hazırkı sərəncam ötən dəfəkindən o qədər də fərqlənmir: “Bu sərəncam “Açıq Hökumət Tərəfdaşlığı” Proqramını icra etmək məqsədilə nəzərdə tutulub. Orada dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəli xərclənməsinə dair ayrıca bir bənd mövcuddur. Həmin bənddə qeyd olunur ki, icraçı təşkilat Maliyyə Nazirliyidir. Maliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyətinə aid qurumdur. Burada müstəqil nəzarəti təmin etməli olan Hesablama Palatasının və ictimai birliklərin fəaliyyəti qeyd edilməyib”.

“Hökumət tərkibinə daxil olan nazirlik büdcə xərclərinə təkbaşına nəzarəti necə həyata keçirəcək və burada hansı şəffaflıqdan danışmaq olar?! Bu, kifayət qədər ciddi məqamdır. Məlumdur ki, Azərbaycanda büdcə xərcləri barədə ictimaiyyətə səhih məlumatlar verilmir. Çox məhdud sayda adam bilir ki, ayrılan vəsait nəyə və hansı məqsədlərə sərf olunub. Budəfəki fəaliyyət planında da nəzarət mexanizmləri aydın göstərilməyib. Bu, artıq sənəndin işlək olmayacağına dair mühakimə yürütməyə əsas verir”, - deyə həmsöhbətimiz bildirib.

Onun fikrincə, şəffalığa nail olmaq üçün informasiya çıxışını təmin etmək lazımdır: “Uzun illərdir müstəqil ekspertlər təklif edir ki, məmurlar gəlir bəyannaməsi təqdim etsinlər. Eyni zamanda Rəqabət Məcəlləsinin də qəbul edilməsi illədir məqsədli şəkildə yubadılır. Belə bir şəraitdə şəffaflığa ümid etmək sadəlövhlük olardı. Məhz konkret nəticələrə fokuslanmadığına və korrupsiyaya qarşı mübarizə tədbirləri imitasiya xarakteri daşıdığına görə real nəticə əldə olunmur”.

“Hesab etmirəm ki, budəfəki fəaliyyət planı da ciddi dəyişikliklərə səbəb olsun. Azərbaycanda dəyişikliklər qanunlar və dövlət sənədləri ilə deyil, siyasi iradə ilə baş verir. Korrupsiya hallarının qarşısının alınması, idarəetmədə şəffalığın təmin edilməsi cəmiyyətdən gələn sosial sifarişdir. Lakin bir daha söyləmək istəyirəm ki, bu dəfəki sənədin də əsaslı dəyişikliklərə səbəb olmayacağı düşüncəsindəyəm”, - deyə İbadoğlu söyləyib.

Əlavə edib ki, Azərbaycanda müstəqil QHT-lərin fəaliyyəti üçün münbit şərait olmadığına görə onların bu prosesdə iştirakı mümkün deyil: “Azərbaycanda xarici donorların fəqaliyyətinə imkan verilmir. Yerli QHT-lərin xarici donorlarla əməkdaşlığı faktiki olaraq qadağan edilib. Düzdür, bəzi QHT-lər bundan yararlana bilir, bu da yalnız nəzarət altında baş verir. Ölkəmizdə QHT-lər üçün yeganə mənbə QHT-lərə Dövlət Dəstəyi Agentliyidir. Bu qurum isə müstəqil fəaliyyət göstərmək iqtidarında deyil”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, keçmiş deputat Çingiz Qənizadə isə fərqli fikirdədir. O, AYNA-ya açıqlamasında qeyd olunan sənədin mühüm əhəmiyyət kəsb etdiyini deyib: “Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə tədbirləri geniş vüsət almalıdır. Heç şübhəsiz, bu xüsusda 2022-2026-cı illər üçün “Milli Fəaliyyət Planı” təsdiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, dövlət idarəçiliyinin bütün sahələrini əhatə edən hüquqi, institusional və kadr islahatları ardıcıl olaraq davam etdirilir, Prezidentin son sərəncamı dövlətin bu kimi halların aradan qaldırılmasında maraqlı olduğunu ortaya qoyur”.

“Məlumdur ki, hazırda cəmiyyəti narahat edən əsas məsələlərdən biri korrupsiya və rüşvətxorluqdur. Beynəlxalq standartlara cavab verən qanunvericilik bazasının yaradılması, dövlət idarəetməsində şəffaflığın təmin edilməsi, ədalətli məhkəmə sistemi və səmərəli antikorrupsiya qurumlarının fəaliyyəti qarşıda duran əsas hədəflərdən biridir. Bütün hallarda bu kimi neqativ halların aradan qaldırılması dövlət başçısının siyasi idarəsini əks etdirir və cənab İlham Əliyev dəfələrlə bununla öz qəti mövqeyini nümayiş etdirib”, - deyə müsahibimiz vurğulayıb.

Onun qənaətincə, “Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi ilə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq: “Qeyd edim ki, “İctimai iştirakçılıq haqqında” Qanunun qəbulundan sonra dövlət qurumlarında ictimai şuraların yaradılması ictimai nəzarətin vacib elementlərindən biridir. Lakin bu ictimai şuralara keçirilən seçkilərdə çox ciddi problemlər meydana çıxır. Bir çox hallarda seçki prosesi zamanı qeyri-şəffaflığa və ciddi pozuntulara yol verilir. Hesab edirəm ki, ictimai şuraların formalaşdırılması məsələsinə yenidən baxılmalıdır”.

“Bəzi hallarda səsvermə prosesində əvvəlcədən öyrədilmiş şəxslərin iştirakına şərait yaradılır. Həmin şəxslər də öncədən razılaşdırılmış namizədlərin lehinə səs verirlər. Eyni zamanda, bir çox hallarda ixtisaslaşmamış QHT-lərin təmsilçiləri bu seçkilərin qalibi elan edilirlər. Bununla həmin icra qurumlarının fəaliyyətinə obyektiv nəzarəti təşkil etmək qeyri-mümkündür. “Milli Fəaliyyət Planı”nda ictimai nəzarətin təşkili və QHT-lərin bu prosesdə fəal iştirakı nəzərdə tutulub. Görünən odur ki, qanunlar və qəbul edilmiş qərarlar mükəmməl olsa da, bəzi məmurlar onların işlək olmasına süni maneələr yaradırlar. Hesab edirəm ki, ilk növbədə qəbul edilən qanunların və qərarların icrasına nəzarət mexanizmi təmin edilməli, ictimaiyyət nümayəndələrinin neqativ hallara qarşı mübarizəsinə münbit şərait yaradılmalıdır”, - deyə Qənizadə fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev

Pin up casino Pin-up casino giriş