Koronavirusa meydan oxuyan ölkə: Burada fərqli mübarizə metodu seçilib

Dünya

03.04.2020 - 19:54

Rahim Sadıqbəyli: “Harvard Universiteti də İsveçin koronavirusla mübarizə strategiyasını bəyəndiyini açıqlayıb”

 

Avropanın müxtəlif ölkələrində Covid-19-a yoluxma və ölüm halları artmaqdadır. Əksər qitə ölkələrində karantin tədbirləri ən üst səviyyəyə qaldırılsa da, bəzi ölkələr, sanki koronavirusdan qorxmur.

 

Avropada bu istiqamətdə yaşananları AYNA-ya, İsveçdə yaşayan tanınmış rejissorumuz, həmyerlimiz, diaspor fəalı Rahim Sadıqbəyli danışıb.

 

- Rahim müəllim, yaşadığınız ölkədə hazırda vəziyyət nə yerdədir?

 

- Burada koronavirusla bağlı vəziyyəti qənaətbəxş hesab etmək olmaz. İsveç Dövlət Epidemiologiya Mərkəzinin direktoru Anders Tegnell vaxtaşırı vəziyyətlə bağlı məlumat verir. Son məlumata görə, ölkədə koronavirisa yoluxanların sayı 5568 nəfərdir. Ötən gün 5540 nəfər idi. Ölənlərin sayı isə 300-dən çoxdur. 1240 nəfədən çox insan xəstəxanada müalicə alır. Burada da ölənlər, əsasən yaşlı insanlardır, 80-90 yaşlı xəstələr çoxluq təşkil edir. Qocalar evlərində ölüm halları, yoluxma yayılıb. Hətta bir yaşlılar evində yoluxan 230 nəfərdən 50-si vəfat etdi.

 

- Ölkədə virusla mübarizə tədbirləri necə aparılır?

 

- İsveç hökuməti karantin tədbirlərini sərtləşdirməyib. Burada hələ də məktəblər işləyir, ictimai nəqliyyat öz işindədir, avtobuslar pulsuz xidmət göstərir. Marketlər əvvəlki kimi normal işləyir, hər hansı zaman limiti yoxdur. İri ticarət mərkəzləri, “Mall”lar isə axşam saat 6-ya (əvvəl axşam saat 8-9-qədər açıq olurdu) qədər işləməlidir, alıcı sıxlığı olduğu üçün burada məhdudiyyət qoyulub. Gimnaziyalar bağlanıb, onlayn, distant təhsil var, amma məktəblər işləyir. Məktəblərdə də daim nəzarət var. Ümumiyyətlə, burada hər şey tövsiyə xarakterlidir, hökumət insanları özlərini pis hiss etdikləri, virus simptomları olduğu təqdirdə çölə çıxmamağa çağırır. İnsanlar özlərinin məsuliyyətini dərk etməlidir və edirlər də. Bizim Danimarkadan gələn körpü sərhədimiz var, orada da sərt sərhəd qaydası yoxdur, kiçik bir küçədir. Burada da vəziyyət əvvəlki kimidir. Qısaca belə demək olar ki, İsveçdə həyat öz axarında davam edir.

İsveçdə yaşayan soydaşımız Rahim bəy kimdi?

- İsveçdə koronavirusla bağlı rəqəmlər az deyil. Bəs, əhali hökumətdən başqa ölkələrdəki kimi sərt addımlar atmağı edirmi, buna görə etrazlar varmı? Tədbirləri də yarımçıqdır, misal üçün, təhsil ocaqlarının yarısı işləyir, yarısı dayanıb…

 

- İsveçlilər qayda-qanunu sevir, əməl edirlər. İsveç hökuməti barədə məlumatı olmayan üçün bu tədbirlər zəif, qeyri-ciddi hesab oluna bilər. Bəli, hökuməti tənqid edənlər az deyil, mübahisələr var. Deməzdim ki, yarımçıq tədbirlər görülür. Burada tədbirlərdən çox Covid-19-la bağlı elmi dəyərləndirmə işi aparılır, geniş miqyasda analiz, tədqiqat gedir, alimlər çalışırlar. Antivirus məsələsindən ən çox danışılır, peyvəndin tapılması istiqamətində işlər görülür.

 

Məktəblərin işləməsinə gəlincə, qarşıdan Pasxa bayramı gəlir, onda uşaqlar tətilə çıxacaqlar. Məktəblərin indiki halda bağlanması aktual deyil. Ölkənin bəzi vilayətlərində heç bir yoluxma faktı yoxdur, Stokholmda daha çox yoluxma qeydə alınıb, mərkəz olduğu üçün bu, təbiidir. Həkimlər arasında da yoluxmalar var artıq, bu da xəstələrlə təmasda olmaqla əlaqədardır.

 

- İndi dünyada maska, spirt və ya dezinfeksiya məhsulları məsələsi ən aktual mövzudur. İsveçdə “maska tapılmır” şikayəti olmaz, yəqin ki?

 

- Maska, spirt qıtlığı yoxdur. İlk vaxtlar virusla bağlı burada da azca panika yarandı, insanlar tualet kağızı, spirt almağa başladılar, alıb evinə yığan da oldu. Amma indi cəmiyyətdə rahatlama var. İndi gigiyenik, dezinfeksiya, maska məhsulları kifayət qədərdir. Amma burada onlayın, internet alış-verişinə çox üstünlük verilir. Biz də internet marketlərdən istifadə edib maskanı və digər məhsulları sifariş edib alırıq. Ölkədə spirt istehsalı üçün də alternativlər var, tanınmış şərab, spirtli içki istehsal edən brendlər artıq spirt istehsalına keçiblər ki, qıtlıq olmasın. Əhali şəxsi müdafiə ilə məşğuldur. Misal üçün, maska alıb evə qoysaq da, burada maska taxan yoxdur. Sadəcə, hökumət insanlarda əminlik yaradacaq bəyanatlar verir, vəd edir ki, bütün qurumlar nəzarəti gücləndirib, vəziyyət Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında şəffaf şəkildə əksini tapır. İsveçin nüfuzlu Umea Universiteti var ki, bioloji, bakterioloji silahların araşıdırılması ilə də məşğul olar, ÜST-yə bağlı çalışmaları var. Bir də insanlar burada soyuqqanlıdırlar, heç nəyi faciəyə döndərmirlər. Amma fakt da budur ki, günbəgün yoluxma sayı, ölüm faizi artır. Yaşayış binalarından xəstələr daşınmaqda davam edir.

 

- Qeyd etdiniz ki, hökumət, alimlər virusla mübarizədən çox, virusu tanımaqla bağlı fəaliyyəti gücləndirib. Proqnozlar nədən ibarətdir bu yöndə?

 

- İsveçin baş epidemioloqu Tegnell deyir ki, “başqa şimal ölkələri ilə bizim aramızda böyük yoluxma fərqi var, bütün bunlar nəzərə alınır, yanaşmamız, tədbirlər planımız doğrudur”. Hətta Harvard Universiteti də İsveçin koronavirusla mübarizə strategiyasını bəyəndiyini bəyan edib. Proqnozlara gəlincə, belə fikir irəli sürülür ki, Covid-19 bir azdan səngiyə bilər, amma payız aylarında yenidən qayıdacaq, payız-qış aylarında yenə yaza qədər davam edəcək, başqa sözlə, 2021-ci ildə də virus təhlükəsi davam edəcək. Bura alimlərinin qənaətincə, virus yenidən qayıtsa, çox tələfat verməyə bilər, virusa vaxtilə yoluxmuş və sağalmış insanlar isə yenidən xəstələnməyəcək. Baş epidemioloqun söylədiklərini nəzərə alsaq, İsveçdə yoluxma və ölüm sayı indi də az deyil, hətta gələn həftələrdə vəziyyət pik həddə çata bilər. Burada sual olundu ki, “bəs, vəziyyət necə ələ alınacaq”. Cavabında deyildi ki, “ancaq gözləməliyik”.

 

- Yəqin ki, isveçlilərin çox hissəsi sosial təcridə əməl edib evində oturur. İsveç hökuməti insanlara sosial-iqtisadi dəstək verirmi?

 

- Bəli, burada insanların, işsizlərin evdə oturması üçün dövlət tərəfindən maddi dəstək verilir. İsveçin Sığorta İdarəsi bu məqsədlə 240 milyard kroon (40 milyard manatdan çox - red.) təzminat ayırıb. Həmçinin kiçik və orta bizneslə məşğul olan insanların maddi itkiləri hesablanıb, onlara dəstək verilir. Başqa sözlə, İsveç hökuməti maddi, iqtisadi, tibbi, sosial siyasəti ilə virus təhlükəsini dəf etmək iqtidarında olduğunu göstərir. Hökumət qadağalarla yox, başqa vasitələrlə mübarizə yolunu seçib.

Müəllif: Raminə Eyvazqızı