Müxalifətin prezidentliyə namizədi hazırkı Prezidenti reytinqdə qabaqlayıb
Türkiyədə prezident seçkiləri ərəfəsində keçirilən sorğunun nəticəsinə görə, müxalifətin namizədi Kamal Kılıçdaroğlu hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanı qabaqlayıb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin “Duvar” qəzeti məlumat yayıb.
Nəşr “Motto” və “Bulgu Research” şirkətlərinin apreldə keçirdiyi sorğunun nəticələrinə istinad edir. Nəticələrə görə, Kılıçdaroğlu seçkilərin ikinci turunun keçiriləcəyi təqdirdə hazırkı Prezidenti məğlub edə bilər.
“Seçki bu bazar günü keçirilsəydi, prezident seçkilərində hansı namizədə səs verərdiniz?” sualına cavab olaraq, respondentlərin 49,5 faizi Kılıçdaroğlunun adını çəkib. Ərdoğanı isə respondentlərin 41,5 faizi dəstəkləyib. İkinci tur üçün rəyi soruşulanların 51,4 faizi müxalifətin namizədinə səs verəcəyini bildirib.
Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.