“Sakit mühitdə hər kəs öz fikrini ifadə edə bilər, amma zorakılığa əl atanda ölkədə inqilab, çevriliş təşkil etmək istəyi yaranır”
Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze bəyan edib ki, istənilən vətəndaş sakit mühitdə öz fikrini ifadə edə bilər. Lakin heç kimə ölkədə inqilab təşkil etməyə imkan verilməyəcək. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Kaladze jurnalistlərə deyib.
“Sakit mühitdə hər kəs öz fikrini ifadə edə bilər, amma zorakılığa əl atanda ölkədə inqilab, çevriliş təşkil etmək istəyi yaranır. Bu, alınmayacaq, dostlar”, deyə mer bildirib.
Kaladzenin sözlərinə görə, 2024-cü il oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində “Gürcü Arzusu” qalib gəlib. O, müxalifəti məğlubiyyətlə barışmağa çağırıb.
“Dövlətçilik var və inqilab olmayacaq. Seçkilər var, onların vasitəsilə hakimiyyət dəyişir. Seçkini uduzdunuz. Siz gürcü xalqına məğlub oldunuz. 1 milyon 200 min insan sülhü dəstəklədi və faşizmə yox dedi", - Kaladze əlavə edib.
Siyasətçi müxalifətə xatırladıb ki, onun nümayəndələri də Gürcüstan vətəndaşlarıdır və onlar respublikanın qanunlarına əməl etməlidirlər: “Əks halda müvafiq qurumlar onların hərəkətlərinə hər zaman reaksiya verəcək”.