Kafe-restoranlar qarşısında haqlı tələb: <font color=red> Bəs, “zınqırovu kim taxacaq”?</font>

Cəmiyyət

05.05.2020 - 10:30

İctimai iaşə müəssisələrində çalışanların tibbi müayinədən keçmələri tələb olunur, lakin onların heç əmək müqavilələri yoxdur

 

Azərbaycanda mövcud sanitar-epidemioloji vəziyyəti və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri nəzərə alınaraq, xüsusi karantin rejiminin müddəti mayın 31-i saat 00:00-dək uzadıldı. Eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargah əvvəllər tətbiq edilmiş bir sıra məhdudiyyətlərin yumşaldılmasına qərar verdi.

 

Məhdudiyyətlərin yumşadılması mərhələlərlə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər bölgələrdə həyata keçirilir. İş icazəsi verilən sahələr arasında ictimai iaşə obyektləri də var. Düzdür, Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda kafe və restoranlar mayın 31-dək bağlı qalacaq. Ancaq ölkənin qalan bölgələrində obyektlər öz işini bərpa edəcək.

 

Operativ Qərargahın bu qərarında bəzi qeyri-müəyyənliklər var. Xatırladaq ki, 30 aprel 2020-ci il tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almağa yönəlmiş ictimai iaşə obyektlərinin istismarına dair tələbləri dərc etdi. Bu tələblərə görə, kafe, restoran və digər iaşə obyektlərinin işçiləri qanuna uyğun olaraq məcburi tibbi müayinədən keçməlidirlər.

 

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun AYNA-ya dediyinə görə, ictimai iaşə müəssisələrində çalışanların məcburi tibbi müayinədən keçməsi tələbi əvvəllər də mövcud olub, lakin buna məhəl qoyulmayıb: “Qida Təhlükəsizliyi Agentliyinin bu təlimatı alqışlanmalıdır. Ancaq unutmamalıyıq ki, ictimai iaşə müəssisələrində çalışanların əksəriyyəti əmək müqaviləsi bağlamadan işləyir. Qida Təhlükəsizliyi Agentliyinin kafelərdə, restoranlarda və digər iaşə obyektlərində çalışanların hamısının tibbi müayinədən keçməsini təmin edəcək qədər əməkdaşı, imkanı varmı? Üstəlik, tam tibbi müayinənin dəyəri, təxminən 120 manatdır. Bu pulu kim ödəyəcək?”.

 

Əmək hüququ mütəxəssisi Azər Quliyev AYNA-ya bildirib ki, ictimai iaşə müəssisələrinin işçilərinin tibbi müayinədən keçirilməsi məsələsi Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir: “Bu tələblərə görə, ictimai iaşə müəssisələrinin sahibləri öz işçilərinin sağlamlıq vəziyyətinə cavabdehdirlər və əmək müqavilələri bağlanmış ictimai iaşə müəssisələrinin bütün işçiləri vaxtaşırı tibbi müayinədən keçməlidirlər. Bu tələblərə uyğunluğun yoxlanılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyinə həvalə edilib”.

 

Beləliklə, kağız üzərində hər şeyin düzgün olduğu görünür. İşçilər tam tibbi müayinədən keçməlidirlər. Bəs buna görə kim ödəniş edəcək? Müəssisə sahibləri öz müştərilərinin təhlükəsizliyi naminə bunu etməyə hazırdırlarmı? Aidiyyəti qurumlar bu suallara cavab verməlidir.

 

Əmək Müfəttişliyi uzun illərdir ki, ictimai iaşə obyektlərinin sahiblərinin işçilərlə əmək müqaviləsi bağlaması üçün əlindən gələni edir. Ancaq buna baxmayaraq, bu günə qədər həmin sektorda çalışanların əksəriyyəti qeyri-leqal fəaliyyət göstərir. Bu, həm də onların tibbi müayinədən keçməsini mümkünsüz edir və nəticədə koronavirus daşıyıcıları olma riski meydana çıxarır.

Müəllif: Rəşad Rüstəmov