İtin olum, ay alman! – AXI NİYƏ?!

Maraqlı

21.01.2022 - 10:17

“Avropada qazın qiyməti filan qədərdir” bəhanəsini əsaslandırmağa çalışanların menyusuna

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

... 2010-cu ildə o, işə götürüləndə, mən 15 il, valideynim isə 37 il idi ki, əmək fəaliyyətinə başlamışdıq. Hərəmiz öz sahəmizdə yaşadığımız dövlətə, cəmiyyətə xeyrimiz dəyməsi, həm də özümüzü, ailəmizi dolandırmaq üçün ciddi-cəhdlə çalışırdıq. Müəyyən uğurlarımız da olurdu. O da, mən də, valideynim də öz sahəmizdə yaxşı işlədiyimiz üçün dəfələrlə tərifnamələr, işlədiyimiz insanlardan xoş sözlərlə, bəzən də mükafatlarla dəyərləndirilmişdik. O, oğruları, əliəyriləri tutmağa kömək edir, mən bacardığım qədər yazılarımla cəmiyyətimizi xəstələndirən o əliəyri ünsürləri işfa edir, valideynim də öz sahəsində xəstəliklərlə mübarizə aparırdı.

2020-ci ildə o da pensiyaya çıxası oldu, “65 yaşdan sonra professional olsan belə, heç kimə lazım deyilsən” absurdunu qanununiləşdirən vəzifədə oturan “zəka sahibləri”nin ucbatından valideynim də. O, eyni müəssisədə cəmi 10 il çalışmışdı, mənim valideynim isə sərasər düz 47 il. Amma, nədənsə onların ikisi də demək olar ki, eyni qədər pensiya alırdılar: o da ayda təxminən 240 manat alır, mənim valideynim də...

Bu sətirlərdən sonra rubrikanın sadiq oxucusunda sual yarana bilər ki, bunları yazmaqda məqsədim nədir. İzah edim.

Haqqında sözü gedən “O”, Avropa ölkələrinin, səhv etmirəmsə, Almaniyanının hansısa şəhərinin polis idarələrinin birində xidmət göstərən “Maço” ləqəbli alman ovçarkasıdır. Və söhbət heç də onun cəmi 8-10 il xidmət etməyindən getmir. Məlumdur ki, 10-11 yaşlı it ömrü elə yetkin adam ömrü qədər sayılır. Söhbət Avropada hətta itə belə, olan münsaibətdən gedir.

“Berliner Morgenpost” yazır ki, artıq 2018-ci ildən sonra Berlin polisinin itləri xidmətdən ayrıldıqdan sonra ömürlük pensiya alacaq. Şəhər Parlamentinin Daxili İşlər Komitəsi təqaüdçü xidməti heyvan sahiblərinin ev heyvanlarına qulluq və müalicə üçün aylıq müavinət almaq hüququna malik olduğuna qərar verdi. İndiyədək “atılan” itlərin sahibləri onları öz hesablarına yedizdirib müalicə etməli idilər.

Hazırda Berlin polisində 130-a yaxın it sədaqətlə xidmət edir. Onlar əsasən narkotiklərin, partlayıcı maddələrin axtarışı və cinayətkarların izinə düşmək üçün istifadə olunur. Orta hesabla, təxminən 8-10 ildən sonra xidməti tərk edirlər. Onları saxlayanlar heyvanın saxlanması üçün ayda 73 avro, müalicə xərcləri üçün isə daha 44 avro alırlar. İllik cəmi 1400 avro.

Və heyvan təqaüdə çıxandan sonra da onu ya dövlət öz müəssisəsində himayəyə götürür, ya da saxlanmasına razılıq verən şəxsə pensiya verir və hətta arada kinoloqlar gəlib yoxlayırlar ki, görsünlər, itə zülm vermirlər ki, yeməyi-içməyi yerindədirmi, həkim nəzarətindədirmi…

Bu münasibət, Avropa adı gələndə demokratik ənənələri bir kənara qoyub, ancaq homoseksualların hüquqlarını önə çıxararaq, şəbədə qoşan bəzi ağzıgöyçəklərimizə gülməli gəlməsin: Dövlət baba ona sədaqətlə xidmət etmiş itə belə, son gününə qədər dəstək olur, sahib çıxır.

Ancaq bu münasibət təkcə Avropada deyil. Məsələn, xarici mətbuat yazır ki, Hindistanda Polis Departamenti 8 yaşında və ya daha əvvəl işləyə bilməyən polis itlərinin işdən çıxarılmasını rəsmiləşdirdi və övladlığa götürmə komitəsi yaratmaq qərarına gəldi. Onlar indi nəinki pensiya alır, həm də təqaüdə çıxa və orijinal baxıcıları ilə yaşaya bilərlər. Əgər bu itlər vəzifə borcunu yerinə yetirərkən öldürülürsə, insan həmkarları ilə eyni şərəflə dəfn edilirlər…

Mən qəsdən Avropa və Azərbaycan pensiyaçısı arasında müqayisə aparmadım. Belə müqayisəni ancaq bizim qiymət qaldırmağa görə babat maaş alan və ətrafa ancaq öz personal avtomobilinin aynasından baxan rəsmilərimiz aparmağı sevirlər - “Avropada qazın qiyməti filan qədərdir…” bəhanəsini əsaslandırmaq üçün.

Alman ovçarkası ilə eyni qədər pensiya alan mənim valideynimin taleyində daha bir fərqli cəhət var. Ovçarkaya alman qiymətləri ilə ayda 240 manat bəs edir, çünki mənim valideynimdən fərqli olaraq, o, işıq, qaz, su pulu vermir, özünə paltar almır. Və onun dərmanlarının qiyməti də yəqin ki, bizim Tarif Şurasının müəyyən etdiyi qiymətlərdən xeyli aşağıdır. Əsas fərq isə ondadır ki, ovçarka Almaniyada doğulub, valideynim və mən isə yox…

P.S. Azərbaycanda minimal pensiya bu ilin yanvarından 20% qalxaraq, 200 manatdan 240 manat, minimal əmək haqqı isə 300 manat oldu. Qiymətlər isə… Və dövlətdən heç kim arada gəlib maraqlanmır ki, bu 240-300 manatla yazıq pensiyaçı zülm çəkir, ya yox, yeməyi-içməyi yerindədirmi, həkim nəzarətindədirmi. Mən isə hələ də işləyirəm. Axı niyə?!..

Müəllif: Yoldaş Mircəfər