“Niderlanda pişik ağacdan düşə bilməyəndə, arxasınca yardım gəlir. Bakıda isə insanlar Xəzər yanğınını sakitcə seyr edirdilər”
İyul ayının 4-ü gecə saatlarında Xəzər dənizində güclü partlayışla bağlı videonun sosial şəbəkədə yayılmasından sonra rəsmi qurumların ictimaiyyətə açıqlama verməkdə gecikməsi, verilən məlumatların bir-birini təkzib etməsi, qeyri-dəqiqlik, jurnalistlərin rəsmi xəbərlərlə kifayətlənməsi müzakirələrə səbəb oldu. Kimi jurnalistlərimizi bacarıqsızlıqda qınayarkən, kimi də onların fəailiyyət göstərdiyi media qurumlarının imkanlarının məhdud olmasını əsas gətirməklə müdafiə etdi.
Məlumdur ki, rəsmi qurumlar bir çox hallarda informasiya verməkdə gecikir və ya qeyri-dəqiq məlumatlarla ictimaiyyətdə çaşqınlıq yaradır. Bu zaman isə bütün gözlər jurnalistlərə zillənir. Hər kəs dəqiq və dolğun xəbəri onlardan gözləyir.
Bəs, görəsən, xarici ölkələrdə ictimai əhəmiyyətli hadisə baş verdikdə aidiyyəti qurumların və medianın buna reaksiyası necə olur? AYNA mövzuya dair xarici ölkələrdə yaşayan həmyerlilərimizlə həmsöhbət olub.
“Niderland dövləti heç bir halda insanları məlumatsız qoymur”
Niderlandda yaşayan həmyerlimiz, “Connect” təşkilatının rəhbəri Vüqar Abbasov söyləyib ki, orada jurnalistlər auditoriyalarına məlumatı, informasiyanı vaxtında, rəqiblərindən öncə çatdırmaqda maraqlıdırlar: “Niderlandda yaşadığım müddətdə müqayisə apara biləcəyim elə bir qeyri-adi hadisə baş verməyib. Ancaq məlum virusla bağlı ilk gündən bu günə qədər olan dövrə nəzər salaraq deyə bilərəm ki, burada bununla bağlı hər bir məlumatı - statistikadan tutmuş tətbiq olunmuş qaydalara qədər - almaq imkanları var idi və indi də var. Dövlət, aidiyyəti qurumlar insanları məlumatsız qoymadı və qoymur. Ümumiyyətlə isə, düşünürəm ki, Niderlandda dövlət istənilən məsələdə insanları məlumatsız qoymaz”.
“Mətbuata gəlincə... Açıq deyim ki, Azərbaycanla Niderlandı bu sahədə müqayisə etməkdə çətinlik çəkirəm, “müqayisəyə gəlməz”, - deyə düşünürəm. Belə deyim, Azərbaycanda jurnalistlərə (bir qisminə) ev payladılar, burada isə jurnalistlər ev almaq üçün özləri pul qazanmalıdırlar. Bununla demək istəyirəm ki, burada jurnalistlər auditoriyalarına məlumatı, informasiyanı vaxtında, rəqiblərindən öncə çatdırmaqda maraqlıdırlar və bu məsələdə sərbəstdirlər. Bunun üçün kimdənsə, hardansa təlimat gözləməyə də ehtiyac yoxdur. Dövlət də jurnalisti məlumatsız qoymur, qoya da bilməz. Hər kəs mətbuatın cəmiyyətdəki yerini bilir və mətbuat da cəmiyyətdə oynadağı, oynamalı olduğu rolu dərk edir”, - deyə müsahibimiz bildirib.
Abbasov hesab edir ki, Azərbaycanda da mətbuata sağlam rəqabət şəraiti yaradılsa idi, bugünkündən fərqli olardı: “Qərb mətbuatı, onların imkanları ilə Azərbaycan mətbuatını və onun imkanlarını müqayisə etməyi düzgün bilmirəm - ən azından indiki halda. Burada mətbuat, media sahəsi həm də bir biznes sahəsidir. Hər bir media qurumu oxucusunu, tamaşaçısını, dinləyicisini, yəni öz auditoriyasını qoruyub saxlamaq və hətta imkan daxilində onu genişləndirmək istəyir, buna çalışır. Bu isə öz növbəsində qazanc, gəlir deməkdir. Elə təkcə reklamlardan əldə edə biləcəklərini qeyd etmək kifayət olar. Əgər Azərbaycanda da mətbuata sağlam rəqabət şəraiti yaradılsaydı, əminəm ki, durum bugünkündən fərqli olardı. Daha doğrusu, əvvəllər belə bir rəqabət var idi, pis-yaxşı olmağından aslı olmayaraq. Getdikcə də bu, mükəmməlliyə doğru gedə bilərdi”.
Həmyerlimizin dediyinə görə, əvvəllər bir-biri ilə sağlam rəqabət aparan mətbuat nümunələrimizin sayı çox olub: “Elə Sizin də çalışdığınız “Ayna” buna əyani sübutdur. Öncələr “Ayna” və “Zerkalo” kağız formatında çap olunurdu. Bu qəzetlərdə reklamın qiyməti o dövr üçün kifayət qədər yüksək idi. Buna baxmayaraq qəzetin səhifələri reklamla zəngin idi. O zaman mən də öz şirkətimizin reklamlarını həm də bu qəzetlərdə verirdim və bunu az qala hər nömrədə təkrar edirdik. Sizə deyim ki, nəticəsini də hiss edirdik - şirkət tanınırdı, müştərilərimiz artırdı. Əlbəttə ki, adını çəkdiyim qəzetlər sadəcə bir örnək idi. Oxunan, bir-biri ilə sağlam rəqabət aparan qəzetlərimizin sayı çox idi. Bura həm də o dövrdə yaradılan televiziyaları, radioları da əlavə etmək olar. Əsl rəqabət var idi”.
“Bu və digər qəzetlər və ümumiyyətlə, mətbuat xəbərləri öz auditoriyasına, necə deyərlər, isti-isti çatdırmağa çalışırdı. Qəzetlərdə maraqlı yazılar, araşdırma yazıları və s. olurdu. Hər biri öz oxucu, tamaşaçı, dinləyici auditoriyasını artırmağa çalışırdı. Bu barədə çox yaza, çox danışa bilərik. İndi isə mətbuat dövlətdən ayrılan yardımlara möhtac haldadır. Bu, həmçinin informasiyanın oxucuya çatdırılması məsələsində də belədir, mətbuat hər mənada ona veriləcəklərdən aslıdır - maddi dəstək, informasiya, göstəriş və s. Belə bir druma salınmış mətbuatı qınamaqdan asan heç nə ola bilməz. Qeyd etdiyim kimi, məsələ çox genişdir və bu barədə çox yazmaq, demək olar. Ancaq hələlik bu qədər bəsdir, deyə düşünürəm”, - deyə Abbasov fikrini tamamlayıb.
“Rusiyada da rəsmi məlumatlara inam azdır”
Moskvada yaşayan həmyerlimiz, telejurnalist, şərhçi Xəyal Tağıyev isə hesab edir ki, belə hallarda hansısa standart yoxdur və əsas olan məlumatın dolğunlu və dəqiqliyidir: “Azərbaycan rəsmi orqanlarının konkret sözügedən hadisəylə bağlı reaksiyasını izlədim. Hesab etmirəm ki, onların reaksiyası operativ deyil. Sadəcə, bu cür hadisələrin öyrənilməsinə müəyyən vaxt tələb olunur. Burada hansısa standart yoxdur, əsas odur ki, məlumat dəqiq və dolğun olsun və insanların arasında şayiələrin yayılmasına səbəb olmasın. Fikrimcə, keçirilən brifinq, ictimai marağı təmin etdi. Bu, ayrı məsələ ki, rəsmi orqanlara etibar və inam sarıdan müəyyən problemlər var. Məncə, rəsmi qurumların mətbutla iş üzrə bölmələri mühiti sağlamlaşdırmaq üçün xeyli zəhmət çəkməlidir”.
Həmyerlimiz söyləyib ki, Rusiyada da rəsmi məlumatlara inam azdır: “Rusiyadakı vəziyyətə gəlincə, əslində, burda da cəmiyyət şayiələrə meyillidir. Və çox zaman rəsmi məlumatlara inanmır. Bu, özünü koronavirus və peyvənd məsələlərində açıq göstərir. Rəsmi orqanların bu sahədəki fəaliyyətinə gəlincə, düşünürəm ki, ictimai maraq kəsb edən məlumatların yayını baxımından hər şey yetərincə operativdir”.
“Problem jurnalistlərdə deyil, dövlət qurumlarındadır”
İsveçdə yaşayan rejissor, TV prodüser və SAMM TV-nin rəhbəri Rahim Telman Sadıqbəyli deyib ki, belə hallarda aidiyyəti qurumların informasiyanı gecikdirməsi jurnalistlərin günahı deyil: “Burada, əvvəla, aidiyyəti qurumlar o saat reaksiya verir və uzaqlıq məsafəsindən asılı olmayaraq, həmin yerə araşdırma heyəti göndərirlər və yaxuda da uzaqdan görmə cihazları ilə nə baş verdiyini müəyyənləşdirirlər. Amma mən Xəzər dənizində baş vermiş məlum olayla bağlı Azərbaycan mediasına baxdım ki, aidiyyəti qurumlar bir-birini təkzib edən cavablar verdi. Bu cavabların heç biri şəxsən məni qane etmədi. Xarici mediaya da baxdım, orada da müxtəlif reaksiyalar vermişdilər. SOCAR-ın hansısa buxtasında baş vermiş hadisə olduğunu, Rusiyanın təxribatı da ola biləcəyini deyirdilər. Belə bir qənaətə gəldim ki, Azərbaycandakı müvafiq orqanlar bunun səbəbini ciddi cəhdlə saxlayır, gizlədir. Ancaq onlar ictimaiyyətə açıq informasiya verilməlidirlər. Nə qədər gizli qalarsa, anında reaksiya verilməzsə, şayiələrə bir o qədər çox şərait yaranar. Yenə də deyirəm, Azərbaycandakı aidiyyəti orqanların bu hadisəyə reaksiyası məni qane etmədi”.
Bu cür hadisələrdə auditoriyanı anında informasiya ilə təmin etməklə bağlı jurnalistlərin qınanmasına isə həmkarımızın fikri belə olub: “Azərbaycan jurnalistlərinin bacarıqsız olması ilə bağlı fikirləri qətiyyət qəbul etmirəm. Azərbaycanda həm gənclər, həm də nisbətən orta yaşlı jurnalistlər arasında çox peşəkar, çevik, anında informasiya vermək qabiliyyətində olan jurnalistlər var. Ümumiyyətlə, Azərbaycan jurnalistika məktəbi yüksək səviyyədədir. Bu jurnalistikanın Elçin Şıxılı, Arif Əliyev, Qulu Məhərrəmli kimi nümunələri var. Buna görə Azərbaycanda olan jurnalistləri bacarıqsızlıqda, səriştəsizlikdə, hadisələrə gec münasibət bildirməkdə qətiyyən günahlandırmaq olmaz. Bu məsələlərdə ən böyük günahkar müvafiq orqanlardır. Azərbaycandakı bütün idarələrdə, dövlət qurumlarında, təşkilatlarda mətbuat xidməti fəaliyyət göstərir. Həmin mətbuat xidmətinin vəzifəsidir ki, jurnalistlərə anında informasiya versin. Əgər aidiyyəti qurumlar mətbuatla işləməkdə əziyyət çəkirsə və ya işləmək istəmirsə, bu, jurnalistlərin günahı deyil”.
“Azərbaycanda müstəqil jurnalistika çox az duyulur. Daha çox iqtidar və müxalifət olaraq qütbləşib. Bu, təəssüf ki, həm Azərbaycana, həm Rusiyaya, həm Türkiyəyə aiddir. Amma müstəqil fəaliyyət göstərən jurnalistlər də var. Azərbaycan jurnalistləri arasında öz sözünü ön cəbhədə də, arxa cəbhədə də deyə biləcək adamlar var. Biz bunu 44 günlük müharibədə də gördük”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.
“Burada ağacdan bir heyvvan asılı qalanda onun arxasınca təcili yardım gəlir”
Niderlandda fəaliyyət göstərən “Time Tv” media qrupun rəhbəri Fikrət Hüseynli də söyləyib ki, Niderlandda ictimai əhəmiyyətli hadisələr baş verdikdə aidiyyəti qurumlardan buna dərhal reaksiya verilir: “Burada bir heyvan ağacdan düşəndə və ya bir problem olanda ona heyvan ambulansı gəlir. Amma mən baxdım, Azərbaycanda o boyda partlayış baş verib, lakin buna rəğmən insanlar sadəcə dayanıb baxırlar. Dənizdə nə baş verdiyi bilinmədiyi halda insanların bu cür tamaşa etməsi təhlükəli idi. Burada belə bir hadisə baş versə idi, dərhal alarm işə düşərdi və insanların evakuasiyası başlayardı. Niderlanda davamlı olaraq hər həftənin birinci günü saat 12-də alarm verilir və ölkənin bu məsələlərə hazırlıq səviyyəsi yoxlanılır. Vətəndaşların, eləcə də digər canlıların təhülkəsizliyi ciddi şəkildə təmin olunur”.
“Lakin Azərbaycanda Xəzər dənizində partlayışın olması və Fövqəladə Hallar Nazirliyinin insanlara xəbərdarlıq etməməsi, adamların rahat şəkildə restoranlarda oturması doğrudan da diqqətçəkən məsələdir. Belə məsələlərdə Azərbaycanda medianın, eləcə də televiziyanın vəziyyətinin çox aşağı səviyyədə olması özünü göstərir. Azərbaycanda televiziyalar bu barədə demək olar, heç nə vermir. Niderlandda bunun əksinə olaraq televiziya, xəbər saytları və s. bu məsələlərə ciddi reaksiya verərdi. Buna görə də Niderlanla Azərbaycanı bu məsələlərdə müqayisə etmək mümkün deyil. Burada ağacdan bir heyvvan asılı qalanda onun arxasınca təcili yardım gəlirsə, indi siz təsəvvür edin, belə bir olay olsa, nə baş verərdi. Mütləqdir ki, dənizə yaxın yerlərdə əhalini evakuasiya edərdilər”.
Jurnalistlərimizin belə hallarda bacarıqsızlıqda qınanmasına qaldıqda isə həmkarımız bunun əleyhinə olduğunu deyib: “Mən siravi jurnalistləri bu məsələlərdə qınamağın əleyhinəyəm, onların edə biləcəyi nəsə yoxdur. Azərbaycanın mərd, qoçaq, çalışqan jurnalistləri var. Lakin bəzi çatışmayan məqamlar var. Azərbaycanda adətən beynəlxalq təşkilatlar treninqlər keçirir. Yerli təşkilatların fövqəladə hallarda davranmaları ilə bağlı çox təəssüf ki, peşəkar yanaşmaya rast gəlməmişəm. Bunun səbəbkarı birbaşa olaraq media qurumlarının rəhbərləridir. Çünki onlar mediadan pulu müxtəlif vasitələrlə qazanırlar. Medianın birinci olmağı ilə qazansa idilər, bunu etmək üçün mütləq çalışardılar. Amma onlar ictimaiyyətin rəyini yox, onlar onlara sahiblik edən, onlara pul verənlərin rəyini nəzərə aldıqları üçün bu cür işləyirlər”.
Hüseynli Niderlandda vəziyyətin tamamilə fərqli olduğunu qeyd edib: “Özüm bu gün “koronavirusa yoluxma zamanı ilk köməyi necə etmək lazımdır” - bununla bağlı Qırmızı Xaçın təlimlərindəyəm. İctimai adamları, aktiv insanları bu prosesə cəlb edirlər ki, sabah hansısa fövqəladə vəziyyət olsa, insanlar əl ata bilsinlər. Hazırda maska qadağası ancaq ictimai nəqliyyatda qalır, amma bununla yanaşı bütün vətəndaşları fövqəladə durumlara hazırlayırlar”.
“Azərbaycanda isə belə bir şey yoxdur. Jurnalistlərə və vətəndaşlara yaradılan imkan sıfır səviyyəsindədir. Buna görə mən hesab edirəm ki, burada jurnalistləri qınamaqdansa media rəhbərlərini qınasaq, daha doğru və düzgün olar. Dövlətin müxtəlif qurumları var və onlar vətəndaşları və jurnalistləri belə vəziyyətlər üçün hazırlamalıdır. Azərbaycanda belə kurslar yoxdur, varsa da, pul silirlər. Jurnalistlər kurslarda iştirak etməli, sertifikat almalıdırlar. Medianın azadlığı üçün ayrılan pullarda bunlar nəzərdə tutulmur. Elə məqalə yazmaqla işi bitmiş hesab edirlər. Fövqəladə hallarda, müharibə vaxtı necə davranmaları ilə bağlı təlimlər keçirilmir. İki jurnalistin Kəlbəcərdə minaya düşməsi də bu cür məsuliyyətsiliyin nəticəsidir”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.