İsrail hərbçiləri Qəzzada yüzlərlə fələstinlini həbs ediblər

Dünya

11.12.2023 - 15:03

“İnternetdə alt paltarında olan onlarla fələstinli kişinin foto və videoları yayılıb”

İsrail əsgərləri Qəzza zolağı və onun ətrafında yüzlərlə fələstinli kişini saxlayıblar ki, bu da insan haqları qruplarını narahat edir. AYNA xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın məqaləsində qeyd edilib.

“İsrail Müdafiə Qüvvələrinin nümayəndələrinin sözlərinə görə, saxlanılanlar təslim olan HƏMAS silahlılarıdır. Bununla belə, radikal qruplaşmanın nümayəndələri yaraqlıların təslim olması faktını təkzib edərək, məhbusların mülki şəxslər olduğunu bildirirlər”, - deyə məqalədə qeyd olunub.

Jurnalın yazdığına görə, internetdə alt paltarında olan onlarla fələstinli kişinin foto və videoları yayılıb: “Bəzi şəkillərdə onlar cərgələrdə oturmuş, gözləri bağlı və əllərini başlarının arxasında saxlayırlar. Digər fotolarda silah qalaqları əks olunub”.

İsrail ordusunun sözçüsü Daniel Hagari bildirib ki, fotoşəkillər iki bölgədən - HƏMAS-ın qalalarının yerləşdiyi Şucayi və Cəbəliyədən çəkilib.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Fələstinin HƏMAS hərəkatının hərbçiləri münaqişə zamanı öz mövqelərini sürətlə itirirlər. Onun sözlərinə görə, HƏMAS əsgərləri silahı yerə qoymağa başlayıb və İsrail hərbçilərinə əsir düşüblər.

Müəllif: Ayna.az