İşğaldan azad olunmuş ərazilərə avtobusla səfər şərtləri açıqlanıb - DETALLAR

Cəmiyyət

18.01.2022 - 14:11

Yanvarın 24-dən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müntəzəm səfərlərlə bağlı sayt yaradılıb. AYNA xəbər verir ki, "Yolumuzqarabaga.az" saytının bu gündən işə düşəcəyi gözlənilir. 

Yanvarın 24-dən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. Nəzərdə tutulan marşrut xətləri Bakı - Şuşa - Bakı, Əhmədbəyli - Şuşa - Əhmədbəyli, Bakı - Ağdam - Bakı və Bərdə - Ağdam - Bərdədir. Bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulub. 

Yanvarın 24-dən Bakıdan Şuşaya və Bərdəyə həyata keçirilməsi planlaşdırılan avtobus səfərləri üzrə biletlərin qiymətləri:

- Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti (bir tərəfli olmaqla) 10,4 manat, 

- Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti (bir tərəfli olmaqla) 9,4 manat, 

- Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti (bir tərəfli olmaqla) 7 manat, 

- Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti (bir tərəfli olmaqla) 5 manat, 

- Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Beyəlxalq Hava Limanı üzrə isə biletin qiyməti (bir tərəfli olmaqla) 6 manat olacaq. 

Bu qiymətlər yalnız bir istiqamətədir və gediş-gəliş biletləri eyni vaxtda almalıdır.  

- Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə reyslər olacaq. 

Bakıdan Şuşa və Ağdama avtobus biletlər yalnız "yolumuzqarabaga.az" portalı üzərindən satılacaq və hər kəs ildə bir dəfə səfər edə biləcək. Sərnişinlər fərdi qəza sığortası ilə təmin edilir. 

Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə #pulsuz bilet almaq imkanı yaradılıb.  Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.  Təkrar edim, imtiyazlı şəxslər də daxil olmaqla bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.

İlkin olaraq bütün səfərlər müşayiətlə həyata keçirəcək. Vətəndaşlar azad olunmuş ərazilərə daxil olmamış son duracaqda onlar tabletlər vasitəsilə bir daha yoxlanacaq və polis əməkdaşı avtobusa əyləşəcək. Səfər onun iştirakı ilə təşkil ediləcək.

Səfər edənlərə orada gecələməyə icazə verilməyəcək. Qeyd edilir ki, bu, təhlükəsizliyə görə vacibdir. Çünki ərazidə minalanmış yerlər ola bilər və əgər kimsə başqa yerlərə getmək istəsə bu fəsadlara gətirə bilər. Bu səbəbdən də belə şərt qoyulub.

Azad edilmiş ərazilərə səfərlər üçün alınan biletlər kimin adınadırsa, yalnız o şəxslər səfərdə iştirak edə bilərlər. Biletlərin kənar şəxslərə verilməsi yolverilməzdir.  Biletlər QR-kod vasitəsilə avtobuslara minən zaman aidiyyəti qurumların əməkdaşları tərəfindən yoxlanılacaq.

Əslən azərbaycanlı, amma xarici ölkə vətəndaşı olan həmvətənlərimizin ilkin mərhələdə bu səfərlərdə iştirakı nəzərdə tutulmayıb.

Müəllif: Ayna.az