İşğaldakı 8 kəndin azadlığı gündəmdə: “Danışıqlarla almalıyıq, çünki müharibə...”

Siyasət

06.03.2024 - 17:35

“Ermənistan cəmiyyəti nəcib deyil, amma anlayır ki, sülhdən başqa yolları yoxdur” – Şahin Cəfərli

Hələ də Ermənistanın işğalı altında qalan 8 Azərbaycan kəndinin – Qazağın 7, Naxçıvanın Kərki kəndinin hərbi yolla qaytarılması məsələsi yenidən gündəmə gəlib. Bu dəfə hərbi əməliyyatlara çağırış Milli Məclisdə edilib.

Deputat Fəzail Ağamalı Milli Məclisin sonuncu iclasında deyib ki, işğaldakı kəndlər azad edilməlidir – həm də hərbi yolla: “Bu gün Ermənistan Fransa və Yunanıstanla birlik yaradaraq bu dövlətlərdən silahlanmaq üçün istifadə etməyə çalışır. Ermənistanda hakimiyyətdə olanlar da, sadə vətəndaşlar da revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşmaqdadırlar. Azərbaycan öz müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparır. Sona qədər gedəcəyik, heç bir qüvvənin qarşısında təslim olmayacağıq”.

Onun fikrincə, nə qədər ki, Ermənistan güclü şəkildə silahlanmayıb, biz hərbi əməliyyat keçirməli, işğal altında olan 8 kəndimizi də torpaqlarımıza birləşdirməliyik: “Belə hesab edirəm ki, hadisələrin gedişi heç də xoşagələn deyil”.

İkinci Qarabağ müharibəsindən sonra 8 kəndin diplomatik yolla qaytarılacağı barədə rəsmi və qeyri-rəsmi bəyanatlar səsləndirilib. Amma Ermənistan kəndləri boşaltmasa, hərbi yol da heç vaxt istisna olunmayıb.

İşğaldakı kəndlərimizin qaytarılması üçün Azərbaycan Ordusunun tezliklə hərəkətə keçəcəyi nə qədər realdır? Yoxsa tərəflər diplomatik yolun tükənmədiyi qənaətindədir? AYNA-nın bu yöndə suallarını politoloq Şahin Cəfərli cavablandırıb:

- Əvvəlcə onu deyim ki, Azərbaycan rəhbərliyi zaman-zaman işğalda olan kəndlərin hərbi yolla qaytarılmasını istisna etməyən bəyanatlar verir. Bildirilir ki, Ermənistan danışıqlarda konstruktivlik nümayiş etdirməsə, o zaman Azərbaycan Ordusu hərəkətə keçə bilər. Bu, beynəlxalq hüquqa zidd deyil. Çünki faktiki olaraq, Azərbaycanın 8 kəndi Ermənistanın işğalı altındadır. Azərbaycan təbii ki, o kəndləri diplomatik yolla alınmasa, güc tətbiqi ilə geri qaytarmaq hüququna malikdir.

Nəzərə almaq lazımdır ki, işğaldakı kəndlərin geri qaytarılması üçün Azərbaycan Ordusunun hərbi əməliyyat keçirə biləcəyini təkcə Fəzail Ağamalı demir, bir çox ekspertlər, jurnalistlər də səsləndirirlər. Bunun hansı məqsədlə gündəmə gətirildiyinin tam səbəbini demək çətindir. Ola bilsin ki, rəsmi Bakı işğalda qalan 8 kəndin qaytarılmasının tezləşdirilməsi üçün İrəvana təzyiq göstərmək istəyir. Yəni ki, Ermənistana mesaj ötürülür ki, kəndlər məsələsinin diplomatik masada həllinə yaxın olmasa, hərbi güc tətbiq edilə bilər. Əgər belədirsə, bunu normal qəbul etmək olar. Çünki bu ritorika qarşı tərəfi masaya cəlb etmək, onun mövqeyinə təsir göstərmək üçün normal üsuldur. Amma yox, həqiqətən də Azərbaycanın 8 kəndi hərbi yolla qaytarmaq niyyəti ciddidirsə, bu, ziyanımıza işləyə bilər. Çünki danışıqlar yolu ilə kəndlərin qaytarılması mümkündür və bu, elə də mürəkkəb deyil.

- Hansı mənada ziyanımıza işləyər?

- Hərbi vəziyyətin yaranmasında maraqlı qüvvə Rusiyadır. Çünki hərbi əməliyyatların olması həm tərəfləri yenidən sülh danışıqlarından uzaqlaşdıracaq, həm də Qərb-Azərbaycan münasibətlərində gərginlik yenidən artacaq. Rusiya burada ikitərəfli mənfəət əldə etmiş olacaq. Bir tərəfdən Rusiyanın istəmədiyi sülh masasından Bakı və İrəvan qalxmış olacaq, digər tərəfdən Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycanla Qərb arasında gərginlik yüksələcək. Nəzərə almaq lazımdır ki, Rusiyanın maraqlarına uyğun proseslər Azərbaycanın ziyanınadır.

- Danışıqlar yolu ilə Ermənistanın kəndləri qaytaracağı nə dərəcədə inandırıcıdır?

- İnanmıram ki, Ermənistan hakimiyyəti 8 kəndi Azərbaycana qətiyyən qaytarmaq niyyətindən uzaq olsun. Bəli, kəndlərin qaytarılması prosesini rəsmi İrəvan uzada bilər. Yaxud da bu kəndlərin Azərbaycana qaytarılması müqabilində hansısa tələb irəli sürə bilər. Məsələn, Ermənistan Başkəndi Azərbaycandan tələb edə bilər. Bu mənada, prosesi uzatmaları mümkündür. Amma bunun danışıqlar vasitəsilə həllinə nail olmaq mümkündür. Məsələnin danışıqlarla həlli mümkündürsə, hərbi yola əl atmaq yanlışdır.

- Deputat eyni zamanda, Ermənistan hakimiyyətinin və cəmiyyətinin revanşist əhval-ruhiyyədə olduğunu, ermənilərin müharibəyə hazırlaşdığını da bildirdi...

- Ermənistan cəmiyyətində həqiqətən də revanşist qüvvələr var. Bu qüvvələr də əsasən Rusiyaya bağlı siyasi kəsimdir. Onların da kim olduğu bəllidir – “Qarabağ klanı” adlandırılan keçmiş hakimiyyət nümayəndələri, daşnaklar. Onlar həqiqətən də revanş hissi ilə yaşayırlar, bəyanatlarından da aydın olur ki, qisasçı mövqedədirlər. Amma bunu bütün Ermənistan cəmiyyətinə və Paşinyan hakimiyyətinə şamil etmək doğru deyil. Ona görə yox ki, ermənilər nəcibdirlər, sülhpərvərdirlər. Reallıq ondan ibarətdir ki, Ermənistana müharibə lazım deyil və Ermənistan müharibə etmək imkanına və gücünə sahib deyil.

Bugünkü mürəkkəb geosiyasi şəraitdə Paşinyanın əsas səyləri ona yönəlib ki, hansısa formada sülh olsun, Türkiyə ilə əlaqələr bərpa olunsun. Ermənistan hakimiyyəti anlayır ki, Azərbaycanla sülh və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanın təhlükəsizliyi üçün təminatdır. Cəmiyyətə gəlincə, ermənilərin nisbətən düşünə bilən hissəsi anlayır ki, müharibə onlar üçün bəladan başqa bir şey deyil. İkinci Qarabağ müharibəsində ağır itkilər verdilər, Ermənistana minlərlə meyit getdi. Sərhəd toqquşmalarında da Ermənistan ağır itkilərə məruz qaldı. Baş verənləri erməni cəmiyyəti gördü, ağrı-acını həyatında yaşadı. Bundan sonra onların müharibə istəyəcəyi inandırıcı deyil. Bu fikirlərimi təsdiqləyən məqamlar da yetərincədir.

- Söhbət hansı məqamlardan gedir?

- Məsələn, məğlub olduqları İkinci Qarabağ müharibəsi zamanı hakimiyyətdə olan siyasi qüvvələrə yenidən səs verdilər, hakimiyyətdə saxladılar. Erməni cəmiyyəti Paşinyan hakimiyyətindən ciddi şəkildə narazı olsaydı, yenə müharibə istəsəydi, məğlub olduqları müharibədən sonra keçirilən seçkilərdə 70 faizdən çox seçici Paşinyan komandasına səs verməzdi. Əvəzində revanşist qüvvələrə səs verərdilər, hakimiyyətə gətirərdilər. Amma bu, baş vermədi. Ona görə də Ermənistan hakimiyyətinin və cəmiyyətin mütləq əksəriyyətinin müharibə istədiyi fikri ilə razılaşmıram.

Ermənilərin başqa yolu yoxdur, ortada reallıqlar var. Azacıq ağlı, məntiqi olan erməni vəziyyəti analiz edərək yeganə çıxış yolunun Azərbaycanla sülh imzalanmasından keçdiyini anlayar. Eləcə də, Türkiyə ilə əlaqələri bərpa etməyin Ermənistan üçün nə qədər vacib olduğunu başa düşərlər. Normal məntiq, ağıl bunu deyir.

Müəllif: Anar Bayramoğlu