İrəvandan “sülhə hazırıq” bəyanatı: bu, Paşinyanın növbəti oyunudur, yoxsa...

Siyasət

16.02.2023 - 18:38

Sabiq nazir: “İrəvan manipulyasiya edəcək və məsələni nə qədər bacarırsa, o qədər də uzadacaq”

“Anlamalıyıq ki, hazırda müharibə yoxdur, amma mübarizə davam edir, qarşıdurma qalır. Söhbət diplomatik, siyasi, iqtisadi qarşıdurmadan gedir”

Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən Azərbaycanla sülh sazişinin imzalanması barədə bəyanat verib. Paşinyan hökumətin iclasında bildirib ki, Ermənistan öz təklifləri ilə sülh müqaviləsinin yeni variantını Azərbaycana təhvil verib: “Dünən Ermənistan Azərbaycanla sülhün bərqərar olması və əlaqələrin qurulması layihəsi üzrə işin növbəti mərhələsini başa çatdırıb. Bizim təkliflərimiz Azərbaycan tərəfinə verilib”.

Ermənistan Baş nazirinin sözlərinə görə, sənədin tərtib edilməsində məntiq elədir ki, onu istənilən vaxt imzalamaq olar: “Bu sənəd Azərbaycan üçün də məqbul ola bilər. Ümid edirik ki, danışıqların üç raundunda qeyd olunan tərəqqiyə əsaslanmaq mümkündür”.

Paşinyan bəyan edib ki, o, mümkün qədər tez zamanda uzunmüddətli sülh və sabitliyin qarantı olacaq sənədi imzalamağa hazırdır: "Mən belə bir vəzifə götürməyə və belə bir məsuliyyət daşımağa hazıram".

Xatırladaq ki, bu səpkili bəyanat Paşinyanın dilindən ilk dəfədir səslənmir. Bundan əvvəl də Ermənistan rəhbəri sülh sazişini imzalamağa hazır olduğunu bildirib, lakin sonrakı mərhələdə ciddi addımlardan yayınıb.

AYNA-nın mövzu ətrafında suallarını cavablandıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Paşinyan yenə də manipulyasiya ilə məşğuldur:

- Başa düşməliyik ki, siyasi oyunlar davam etdirilir. Bəzən fikirlər səslənir ki, Paşinyan sülh istəyir, ona imkan vermirlər, Rusiya mane olur və s. Təbii ki, sülhü istəməyənlər, ona mane olanlar çoxdur. Həm Rusiya, həm Fransa sülhü istəmədiyini göstərir. Amma biz bir məsələyə diqqət etməliyik. Nəzərə almaq lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda seçkilər keçirildi, Paşinyanın partiyası qalib gəldi. Onun partiyasının seçki ilə bağlı proqramına baxsaq görəcəyik ki, Qarabağa aid məsələlər var. Mən bilmirəm ki, biz niyə buna fikir vermirik. Çünki orada yazılıb ki, Qarabağ Azərbaycandan ayrılmalıdır ki, “xilas olsun”. Paşinyanın partiyasının şüarında bu var. Bu siyasəti Paşinyanın partiyası həyata keçirmək üçün addımlar atır. Hər il Ermənistanın dövlət büdcəsi qəbul ediləndə 360 milyon dollar Qarabağa ayrılır. Bizim ərazimizə Ermənistan pul ayırır, təsəvvür edirsiniz ki, bu nə deməkdir?

- Paşinyan yenə manipulyasiya edir?

- Siz inanırsınız ki, İrəvan Bakının təklifləri ilə razılaşacaq, sülh müqaviləsini ona əsasən imzalayacaq?! Təbii ki, belə olmayacaq. Bu, Paşinyanın növbəti siyasi oyunudur. İrəvan manipulyasiya edəcək və məsələni nə qədər bacarırsa, o qədər də uzadacaq. Əks halda, Paşinyanı devirəcəklər. İndi Paşinyanın rolu bundan ibarətdir ki, siyasi oyun oynasın, manipulyasiya ilə məşğul olsun.

- Bu proses illərlə uzana bilməz axı. Azərbaycan nə edəcək və ya nə etməlidir?

- Paşinyanın bu oyununu başa düşürük. Bununla yanaşı, başqa məsələlərdə daha fəal olmalıyıq. Azad olunmuş ərazilərimizdə real varlığımızı gücləndirməliyik. Qarabağdakı separatçı ünsürlərin imkanlarını azaltmalıyıq, bölgəyə nəzarəti addım-addım gücləndirməliyik. Hesab edirəm ki, bunun nəticəsində Azərbaycan istəyinə nail olacaq.

Biz anlamalıyıq ki, hazırda müharibə yoxdur, amma mübarizə davam edir, qarşıdurma qalır. Söhbət diplomatik, siyasi, iqtisadi qarşıdurmadan gedir. Demək istədiyim odur ki, bir dəfəyə bu məsələ həll olunmayacaq.

- Hərbi əməliyyatla məsələni birdəfəlik həll etmək mümkün deyilmi?

- Təəssüflər olsun ki, buna hələlik imkanımız yoxdur. Ona görə yox ki, bizim siyasi iradəmiz yoxdur, ordumuz zəifdir. Xeyr, sadəcə şərait hələlik buna imkan vermir. Biz addım-addım hədəfə getməliyik. Reallığı görmək lazımdır. Mən indi populist ifadələrdən istifadə edərəm. Həm də bilirəm ki, bizə nə lazımdır, o yöndə də populist danışa bilərəm. Amma söhbət reallıqdan gedirsə, o zaman reallıqdan danışmalıyıq. Məsələlər çoxdur. Məsələn, Vardanyanı neytrallaşdırmaq lazımdır, vardanyanla Arayikin arasında gərginliyi artırmalıyıq, Vardanyanla Paşinyan arasında gərginliyi çoxaltmalıyıq. İmkan verməməliyik ki, Qərblə Rusiya səylərini birləşdirsin və s. Demək istəyirəm ki, məsələlər çoxdur. Və bunları birdəfəlik etmək mümkün deyil.

- Sizcə, İrəvanın yeni sülh sazişi variantında nələr var?

- Mən İrəvandan Bakıya göndərilən sülh layihəsinin mətnini görməmişəm. Amma təxmin etmək olar ki, Ermənistanın tələbləri yuxarıdır. Artıq məlumdur ki, Ermənistan israr edir, açıq bəyan edir ki, sülh sazişində Qarabağa aid beynəlxalq danışıqlar davam etməlidir. Bu, İrəvanın açıq tələbidir. Təbii ki, əgər yeni variantda bu tələb qalırsa, bunun Azərbaycan tərəfindən qəbul olunması mümkün deyil. Hesab edirəm ki, diplomatik qarşıdurma belə də davam edəcək.

Müəllif: Anar Bayramoğlu