Müharibə iştirakçıları Zvartnots hava limanına gedən yolu bağlayıblar
İrəvan ətrafında azərbaycanlı deputatların Ermənistana səfərinə etiraz olaraq keçirilən aksiya əlbəyaxa davaya çevrilib. AYNA erməni mediasına istinadən bildirir ki, bir qrup müharibə iştirakçısı İrəvanın Zvartnots hava limanına gedən yolu bağlayıb.
“Biz türklərlə (azərbaycanlılarla) dost olmamaq üçün toplaşmışıq. Uşaqlar türklərin buraya gəlməsinin qarşısını almaq üçün keşik çəkirlər. Amma burada onları sərbəst buraxırlar ki, gəlib kofe içsinlər”, - etirazçılardan biri deyib.
Etirazçılar İrəvan-İstanbul aviareysinin bərpasına və Türkiyə ilə əlaqələrin qurulmasına da qarşı olduqlarını deyiblər.
Polis aksiyaya müdaxilə edərək yolu açmağa çalışıb və bundan sonra əlbəyaxa dava baş verib.
Bir neçə cəhddən sonra polis nəqliyyatın hərəkətini bərpa edə bilib. Lakin etirazçılar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə daha böyük və daha ciddi aksiyalar keçirəcəklərini deyiblər.
Qeyd edək ki, Avronest Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvləri, deputatlar Tahir Mirkişili və Soltan Məmmədov komitənin fevralın 22-də İrəvanda keçiriləcək iclasında iştirak etmək üçün Ermənistana səfər ediblər.