İrəvana verilən mesajlar və edilən xəbərdarlıq: “Ağıllarını başlarına yığmasalar...”

Siyasət

11.04.2025 - 10:13

Həkimlər Klinikalar SEO Xidməti

Fərhad Məmmədov: “Anlamalıdırlar ki, kiçik təxribat Ermənistan üçün ağır nəticələrə gətirib çıxara bilər”

Aprelin 9-da ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bir çox məsələlərə toxundu, mesajlar səsləndirdi. Ölkə başçısı Azərbaycan-Ermənistan sülh sazişi, münasibətlərin normallaşması barədə suala cavabında bir çox mətləblərə toxunub. Prezident rəsmi Bakının tələblərinin İrəvan tərəfindən yerinə yetirilmədən sülh sazişinin imzalanmasının mümkün olmadığını bir daha təkrarladı. Eyni zamanda, Ermənistanın ziddiyyətli siyasətini tənqid etdi, İrəvana etimadın olmadığını vurğuladı.  

Prezidentin mesajlarını AYNA.AZ-a müsahibəsində şərh edən Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov deyib ki, ölkə başçısının dedikləri həm mesaj, həm də Ermənistana çağırışdır:

- Cənab Prezident sülh sazişinin mətninin hazır olduğunu, amma Azərbaycanın iki ön şərtinin olduğunu bir daha təkrarladı. Hansılar ki, bunlar Minsk Qrupunun de-yure ləğvi barədə İrəvanın Bakı ilə birgə ATƏT-ə müraciəti və Ermənistan Konstitusiyasında dəyişiklik edilməsidir. Bu şərtlər nə vaxt yerinə yetiriləcək, saziş də o zaman imzalanacaq. Bu, açıq fikirdir və dəfələrlə bəyan edilib. Prezident bildirdi ki, top Ermənistan tərəfindədir. Ermənistan tərəfi nə qədər tez bu şərtləri yerinə yetirəcək o qədər də tez sülh sazişi imzalanacaq. Burada çox maraqlı məqam odur ki, Prezident etimadı artıran addımlarla bağlı fikir bildirdi. Ölkə başçımız dedi ki, saziş imzalansa belə, birdən-birə əməkdaşlıq, xalqlar arasında münasibətlərin normallaşması çətindir və bunu gözləmək olmaz, vaxt lazımdır. Amma etimadı artırmaqla bağlı ölkə başçısı Gürcüstanın təklifini qeyd etdi. Bu, çaylarla bağlıdır, elə çaylar var ki, onlar hər üç ölkədən keçir. Məsələn, keçən il Ermənistanda Debet çayı daşdı, təbii fəlakət baş verdi, Gürcüstana da zərər verdi. Daşqın həmçinin Qazax rayonunda da fəsad yaratmışdı. Demək istəyirəm ki, biz müəyyən təbii fəlakətlərdən qorunmaq üçün birgə addımlar ata bilərik. Eyni zamanda, bölgənin ekoloji vəziyyəti ilə bağlı kordinasiya edilmiş  işlər görə bilərik. Gürcüstanın belə bir təşəbbüsü var, hansı ki, Prezident Azərbaycanın buna müsbət baxdığını söylədi. Etimadı artırmaq üçün digər addımlar da atıla bilər.

- Məsələn, etimadın yaradılması üçün başqa hansı addımlar atıla bilər?

- Vaxtilə belə tədbirlər həyata keçirilib – jurnalistlərin, politoloqların, ziyalıların, alimlərin Bakı və İrəvana səfərləri təşkil oluna bilər. Bu, ənənəvi sülhyaratma prosesinin tərkib hissəsidir ki, cəmiyyətlər bir-biri haqqında daha çox məlumata sahiblənsinlər. Prezident buna Azərbaycan tərəfinin hazır olduğunu söylədi.

Ölkə başçısının mesajlarından biri də o idi ki, Azərbaycan tərəfi Ermənistana qarşı hər hansı aqressiya barədə düşünmür. Amma Ermənistan tərəfindən təxribatlar davam etsə, təhlükə yaransa, Azərbaycan cavab verməyə hazırdır. Azərbaycanın silahlanması son 30 illik təcrübədən irəli gəlir. Ermənistan ərazilərimizi işğal edib, 30 ildən çox işğal siyasətini davam etdiriblər, 44 günlük müharibədən əvvəl də, sonra da Qarabağla bağlı bütün addımları məcburi şəkildə atıblar, öz xoşları ilə heç nə ilə razılaşmayıblar. Nəhayət, Ermənistanın hələ də qanunvericiliyində ərazi iddiası mövcuddur. Belə olan halda, Azərbaycan həm silahlanacaq ki, öz təhlükəsizliyini təmin etsin, eyni zamanda, şərtlərinin yerinə yetirilməsi üçün İrəvana tələblərini təkrarlayacaq. Onlar anlamalıdırlar ki, kiçik təxribat Ermənistan üçün ağır nəticələrə gətirib çıxara bilər. Prezidentin dedikləri həm də Ermənistana bir xəbərdarlıq idi ki, ağıllarını başlarına yığsınlar. Həqiqətən də ağıllarını başlarına yığmasalar, nəticəsi çox ağır olacaq. Bunu Ermənistandakılar dərk etməlidirlər, həm də hər bir kəsim: hakimiyyət də, cəmiyyət də, revanşistlər də.  

- Prezident söylədi ki, Ermənistanda həm açıq revanşistlər var, həm də passiv revanşistlər var, hansı ki, onlar hakimiyyətdə təmsil olunurlar. Bununla İrəvana hansı mesajlar verildi?

- Açıq revanşistlər bəllidir. Onlar Rusiyanın dəstəklədiyi erməni müxalifətidir. Elə Qərbə meyilli revanşistlər də yetərincədir. Rusiyaya bağlılar bildirirlər ki, Qarabağ məsələsini Moskvanın vasitəsilə yenidən müzakirə predmetinə çevirə bilərlər, Qərbpərəstlər də deyirlər ki, Qərb institutları vasitəsilə bunu edə bilərlər. Yəni revanşistlərin mövqeyi eynidir. Hakimiyyətdəki passiv revanşistlərə gəlincə, Ermənistan rəhbərliyinin verdiyi bəyanatlarla atdığı addımlar arasında ziddiyyətlər var. Biz 44 günlük müharibədən sonra keçən iki il ərzində Ermənistanın Baş naziri Nikol Paşinyanın dilindən müxtəlif formalarda eşidirik ki, !Qarabağ Azərbaycandır”. Bununla yanaşı, Paşinyan həm də Qarabağdakı separatçılara maliyyə dəstəyi verirdi, öz ordusunu orada saxlayırdı. İndi də sülh bəyanatları verirlər, amma Azərbaycanın tələblərini yerinə yetirmirlər. Bu addımlar erməni hökumətinin passiv revanşist olduğunu göstərir. Prezident hələ ilin əvvəlində bildirmişdi ki, Paşinyan hökumətinə etibar yoxdur. Biz ancaq əmələ inanırıq. Prezident mesajında bildirdi ki, Azərbaycan Ermənistanın niyyətindən xəbərdardır və Azərbaycana qarşı təhlükənin qarşısı dərhal və qəti şəkildə alınacaq.

- Prezident çıxışında həm də Cənubi Qafqazdakı geosiyasi oyunlar məsələsinə toxundu...

- Bölgədə böyük güclərin geosiyasi oyunları gedir. Təbii ki, bu oyunlarda alət yenə də Ermənistandır. Cənubi Qafqazda ayırıcı xətlər formalaşdırmaq istəyən qüvvələrin oyunları, açıq desək, Avropanın, Fransanın oyunları Ermənistan tərəfindən çox rahatlıqla qəbul edilib. Sanki Ermənistan alət olmaqdan həzz alır, istifadə olunmaq xoşlarına gəlir. 25 il idi ki, Ermənistan öz suverenliyini Rusiyaya bəxş etmişdi, hansı ki, hələ də bunun əziyyətini çəkir. İndi isə Qərbi ağası etmək istəyir. İrəvan regionda marağı olan güclərdə belə bir ümid yaradır ki, Ermənistan vasitəsilə Cənubi  Qafqazda ayırıcı xətləri həyata keçirə bilər. Bu isə birincisi, Azərbaycanın marağında deyil, ikincisi, digər qüvvələri hərəkətə gətirir. Qonşuluğumuzda olan qüvvələrin hərəkətə gəlməsi regionda təzyiqi yüksəldir. Azərbaycan Prezidenti də İrəvana mesaj verdi ki, bu siyasətlə heç nəyə varılmayacaq. İndi İrəvanda bu mesajları necə qəbul edəcəklər, hansı reaksiya veriləcək, bunu qarşıdakı müddətdə görəcəyik.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş