İrəvana ciddi xəbərdarlıq və ya “sentyabr hadisələrinin ikiqatı təkrarlana bilər”

Aktual

11.01.2023 - 18:05

Ədalət Verdiyev: “Demək olar ki, 2023-cü ildə Ermənistanı ciddi sürprizlər gözləyir”

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərindən danışakkən maraqlı məıqamlara toxunub. Ölkə başçısı rəsmi Bakının yeni müharibə istəmədiyini elan etməklə yanaşı, Ermənistanın təxribatlara davam edəcəyi təqdirdə 2023-cü ildə də əməliyyatların ola biləcəyini istisna etməyib.  

“Mən ümid edirəm ki, artıq Ermənistan açıq-aydın dərk edir ki, bu təxribatların heç bir nəticəsi olmayacaq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim Ermənistan tərəfinə göndərdiyimiz siqnallar da ondan ibarət idi ki, siz bu vəziyyətlə barışmalısınız və kapitulyasiya aktına imza atmaqla faktiki olaraq bizim aramızdakı bu qarşıdurma başa çatmalıdır. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik, əksinə, Ermənistan həm Qarabağda, həm sərhəd istiqamətində öz planlarından əl çəkmədi və biz məcbur olub tədbirləri gördük, biz onlara xəbərdarlıq etmişdik”, - deyə ölkə başçısı müsahibəsində bildirib.

Prezident ümid etdiyini söyləyib ki, bundan sonra belə hallar olmayacaq: “Çünki son bir il ərzində - mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz”.

“Hesab edirəm ki, artıq 3 dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq”.

Azərbaycan lideri daha sonra bəyan edib: “Yenə də demək istəyirəm, bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur. Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər... Ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik”.

Azərbaycan Ordusunun gücü ilə bağlı danışan ölkə rəhbəri deyib ki, Azərbaycan Ermənistanla məsələni həll edib: “Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır. Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin”.

Prezidentin İrəvana xəbərdarlıq xarakterli açıqlamalarını AYNA-ya şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, ölkə başçısı Azərbaycanın mövqeyinin dəyişmədiyini bir daha xatırlatdı:

- Prezident bir sıra bəyanatlar verdi ki, bunların heç biri sıradan deyildi. Məsələn, sərhədlərlə bağlı danışarkən maraqlı məqama toxundu və bildirdi ki, delimitasiya yoxdursa, sərhədlər müəyyənləşməyibsə, o zaman sərhədlər biz istədiyimiz yerdən keçir. Bu, İrəvana mesajdır ki, yola gəlsinlər. Prezident bir bəyanat səsləndirirsə, onun alt qatında fəaliyyət planı artıq hazırdır.

Azərbaycan nə istəyir ki... Rəsmi Bakı 10 noyabr Üçtərəfli Birgə Bəyanatın maddələrinin icra olunmasını, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini istəyir. Ermənistan isə 26 aydır ki, bu öhdəliklərin icrasından yayınmaqla məşğuldur. Düzdür, dünən Nikol Paşinyan da bəyanatlar səsləndirib və onun dediklərində müəyyən qədər pozitiv məqamlar görə bilərik. Amma məsələ burasındadır ki, biz belə bəyanatları İrəvandan 26 ay ərzində çox eşitmişik. Reallıqda isə qarşı tərəf sülhə gəlmədiyini nümayiş etdirir.

Azərbaycan Prezidenti səviyyəsində bir daha bildirildi ki, Bakının sülh təklifləri var, hansı ki, onu İrəvan da prinsipcə qəbul edib. Prezident qeyd etdi ki, o təkliflər hələ ki, masadadır, amma uzun müddət masada qala bilməz. Demək ki, Azərbaycanın səbri sonsuz deyil və Ermənistan yola gəlməsə, adekvat addımlar atılacaq.

- Prezidentin mesajlarını hərbi əməliyyatlar anonsu saymaq olarmı?

- Təbii ki, mesajlarda bu var. Ermənistan nəticə çıxarmalıdır. İrəvan nəticə çıxarmazsa, ötən ilin sentyabr hadisələrinin ikiqatı təkrarlana bilər. Çünki artıq Üçtərəfli Birgə Bəyanatın imzalanmasından iki ildən çox vaxt keçib, amma şərtlər icra edilməyib, qarşı təfər öhdəliklərini yerinə yetirməyib. Həllini tapmayan çoxsaylı məsələlər var ki, onlar həllini tapmalıdır. Separatçı yaraqlılar Qarabağdan çıxarılmayıb, Zəngəzur dəhlizi açılmayıb, sərhədlərin delimitasiyası olmayıb. Bununla yanaşı, ötən il Ermənistanın hərbi təxribatları da mütəmadi baş verdi. Bütün bunlar Azərbaycanı dərindən narahat edir. Demək olar ki, 2023-cü ildə Ermənistanı ciddi sürprizlər gözləyir. Çünki biz İrəvandan bəyanat görürük, real addım yox. Real addımlar atarlarsa, təbii ki, Azərbaycanın ritorikasında yumşalma ola bilər. Ermənistanın mövqeyi, addımları bizə müharibə proqnozundan başqa variant tanımır.

- Prezident həmçinin Azərbaycan Ordusunun gücü haqqında danışdı və bildirdi ki, heç kəs hərbi qüdrətimizin qarşısında dayana bilməz...

- Bunun özü Ermənistana və onun havadarlarına bir xəbərdarlıq idi. Prezident Azərbaycanın müharibə istəmədiyini bildirdi, amma təxribatlara sərt cavab veriləcəyini, Azərbaycana qarşı xırda bir təhlükənin dərhal qarşısının alınacağını bəyan etdi. Ordumuzun gücü bəllidir. Bunu 44 günlük Vətən müharibəsində bütün dünya gördü. Ondan sonra ordunun quruculuğunda yeni mərhələ başlayıb. Müharibə təhlil olunub, nöqsanlar varsa, aradan qaldırılıb. Yəni ki, Azərbaycan Ordusu bu gün istənilən tapşırığı qısa müddətdə həyata keçirməyə qadirdir. Buna heç kəsin şübhəsi olmamalıdır. Prezident də məhz bunu bəyan etdi.

Yenə deyirəm, Azərbaycan üçüncü müharibənin baş verməsində maraqlı deyil. Amma Ermənistan da gərək müharibədə maraqlı olmasın və sülh şərtlərinə əməl etsin. Yox, təxribatları davam edəcəksə, laiqli cavabını artıqlaması ilə alacaq.

Müəllif: Anar Bayramoğlu