“İrandan çəkinməməli, eyni zamanda ehtiyatlı davranmalıyıq”

Aktual

15.11.2022 - 14:30

Mərkəz rəhbəri: “Tehran daxildə etiraza qalxan xalqı sakitləşdirmək, öz ətrafında birləşdirmək üçün xarici düşmən axtarır və bunun Azərbaycan olması istisna deyil”

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İranın Azərbaycandakı casus şəbəkəsinə qarşı növbəti əməliyyat keçirib. DTX-nın məlumatına görə, İranın xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Həyata keçirilmiş tədbirlər nəticəsində beş nəfər Azərbaycan vətəndaşı tutulub.

Məlumatda vurğulanır ki, əməliyyat nəticəsində Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu, Rəsulov Elnur Akif oğlu, Rəsulov Arif Əmrah oğlu, Ağazadə Bəxtiyar Rafiq oğlu və Cəfərzadə Mirhafiz Mirisaq oğlu müxtəlif tarixlərdə Azərbaycanda hərbi hissələrin, qorunan digər dövlət strukturlarının binalarının video və fotolarını İranın xüsusi xidmət orqanlarının əməkdaşlarına maddi-maraq qarşılığında telefonla və görüşərək ötürüblər.

Qeyd olunur ki, Azərbaycan vətəndaşları Zahir Əsgərov, Elnur Rəsulov, Arif Rəsulov, Mirhafiz Cəfərzadə və Bəxtiyar Ağazadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunublar.

Araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar da ifşa edilib. Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib.  

“Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl də DTX İran xüsusi xidmət orqanları ilə əlaqədə olan casus şəbəkəsini ifşa edərək yaxalamışdı. Məlumdur ki, İkinci Qarabağ müharibəsindən sonra İran Azərbaycana qarşı qonşu dövlətə yaraşmayan addımlar atır. Bu, ölkələr arasında münasibətlərin soyuqlaşması ilə müşahidə edilirdi. Son vaxtlar isə İran tərəfindən Azərbaycana qarşı təhdidlərin artması, Araz çayı vadisində SEPAH-ın “əzələ nümayişi” xüsusiyyətinə malik təlimləri ölkələr arasında siyasi gərginliyi daha da artırıb. Tehran ilə Bakı arasında qarşılıqlı etiraz notaları verilib.

Gərginliyin pik həddə çatdığı dövrdə Azərbaycanda İran casus şəbəkəsinin ifşa olunması, bu yöndə addımların davam edəcəyinin bildirilməsi onu deməyə əsas verir ki, İranın Azərbaycanda qarışıqlıq yaratmaq cəhdləri davam edir və buna qarşı mübarizə sərt olacaq.

Prosesləri AYNA-ya şərh edən Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, DTX-nın əməliyyatı həm dövlətin təhlükəsizliyi baxımından, həm də gərginlik fonundakı informasiya savaşı çərçivəsində İranı ifşa etməkdir:

- Düşünürəm ki, bu, doğru davranışdır. İran indiki daxili etirazlar fonunda qısamüddətli olsa da, hərbi toqquşma istəyir. Söhbət təkcə Azərbaycandan getmir, ümumiyyətlə, İranın azmüddətli də olsa, hərbi toqquşmaya ehtiyacı var. Bununla İran “vətən təhlükədədir, xarici düşmənlərimiz bizi əzməyə çalışır” adı altında daxildəki etirazları azaltmaq, xalqı bir yumruq kimi birləşdirmək niyyətindədir. İranın Azərbaycana qarşı geniş informasiya müharibəsinə başladığını nəzərə alsaq, “xarici düşmən” obrazında Azərbaycanın olması ehtimalı az deyil. Onu da deyim ki, İranın Azərbaycanla hərbi qarşıdurmaya cəlb edilməsini istəyən xarici qüvvələr də var.

-Bunu istəyən qüvvə dedikdə Ermənistanı nəzərdə tutursunuz, yoxsa...?

- Əlbəttə, biri Ermənistandır. Ermənistan İranın Azərbaycanla toqquşmasını, bununla ölkəmizin zəifləməsini istəyir və öz istəklərinə nail olmaq niyyəti güdür. Amma regionda öz maraqlarını təmin etmək istəyən böyük güclər də bu toqquşmada maraqlıdır. Söhbət Rusiyadan, ABŞ-dan gedir. Əslində, verilən bəyanatlar, aparılan siyasət bunu deməyə əsas verir. Bu gün Vaşinqtondan “İranla gərginlikdə Azərbaycanı dəstəkləyirik” kimi bəyanatlar verilir. Bu, müəyyən mənada çəkindirici xarakterli bəyanatlar kimi düşünülə bilər. Lakin bir nüansa diqqət edək: ABŞ bu gün Ukraynanı da müdafiə edir, silah-sursatla təmin edir. Bunun nəticəsində Ukrayna Rusiya üzərində üstünlüklər qazanır, Rusiyanı diz üstə çökdürür.

Amma başqa bir nəticə də var ki, Ukraynanın 100 minə yaxın insanı ölüb, şəhərlər darmadağın olub. İnsanların ölümü, şəhərlərin dağılması bu gün ABŞ-ı qətiyyən maraqlandırmır. ABŞ-ın iki hədəfi var ki, bunun birincisi Rusiyanın zəiflədilməsi, tükənməsi və tamamilə çökdürülməsidir. Bundan sonra Rusiyanın Çindən tamamilə ayrılması, Qərb üçün tamamilə idarə olunan ölkəyə çevrilməsidir. Bundan sonra təklənən Çini hədəfə almaq ABŞ üçün daha rahat olacaq. Niyyət budur. İkinci hədəf isə İrandır. Buna görə də hesab edirəm ki, bu gün Azərbaycan cəmiyyəti və dövləti ayıq-sayıq olmalıdır.

- İran Azərbaycanı təhdid edirsə, buna cavab verilməməlidir?

- Əlbəttə, cavab verilməlidir. Mən bunu nəzərdə tutmuram. Bu gün Azərbaycanın İranla toqquşmasını istəyən təkcə İran deyil, dediyim kimi, qlobal güclərdir. Bu baxımdan, ehtiyyatlı olmaq lazımdır. Mən demirəm ki, İrandan qorxmalıyıq. Sadəcə olaraq imkan qədər İranla müharibədən çəkinmək lazımdır. Yenə deyirəm, İran etiraza qalxan xalqı birləşdirmək üçün xarici düşmən axtarır. İrana lazım olan bəhanələr onun əlindən alınmalıdır. Hansı ki, DTX əməliyyat keçirir və İran casuslarını yaxalayır, bununla da İranın niyyətini və mahiyyətini ifşa edir. Bu əməliyyatların hədəfi də İranın əlindən bəhanələrini almaq, ifşa etməkdir.

Bütün dünyaya göstərilir ki, baxın, İran Azərbaycanda dağıdıcı proseslər aparmaq üçün fəaliyyət göstərir, casus şəbəkələri qurub. Azərbaycan və Azərbaycanın təhlükəsizlik orqanları da bu fəaliyyətə sıradan yanaşa bilməz. Dediyim odur ki, Azərbaycan bunu ortaya qoyur, İranın bədnam niyyətlərini ifşa edir. Düşünürəm ki, İranın ifşası ilə bağlı əməliyyatlar artan xətlə davam etməlidir.

- Bu proses nə qədər çəkə bilər?

- İran elə bir şəbəkə qurub ki, bunu qısa müddətdə ifşa etmək asan deyil. Doğrudur, bunun yolları var, bu yollardan biri də sosial şəbəkələrdir. Bu gün sosial şəbəkələrdə vətənpərvər, milli, ziyalı şəxslər İranla bağlı hansısa həqiqəti söyləyirsə, dərhal İranın buradakı casusları tərəfindən təhqirlərə məruz qalır, linç edilir. Əksəriyyəti saxta profillərlə bu qara piarı aparırlar. Amma bu adamların xüsusi xidmət orqanlarımız tərəfindən tapılması problemli deyil.

- Sosial şəbəkələr demişkən, bəziləri açıq şəkildə İranın mövqeyini dəstəkləyirlər, çəkinmədən sosial şəbəkələrdə anti-milli fikirlər səsləndirirlər. Təbii ki, bunları təhlükəsizlik orqanlarımız izləyirlər, onlar nəzarətdədirlər. Amma bilinən adamlar barəsində nədənsə ciddi tədbir görüldüyünü müşahidə etmirik...

- Bilirsiniz, bu əməliyyatlar tədricən həyata keçirilməlidir və keçirilir. Təhlükəsizlik orqanları, əlbəttə, açıq şəkildə iranpərəstlik edən şəxsləri nəzarətdə saxlayır. Onlar onsuz da bəllidirlər, zamanı gələn kimi tədbir görüləcək. İndi daha çox gizli casus şəbəkəsi ifşa edilməkdədir. Bununla İrana mesaj verilir ki, Azərbaycanın təhlükəsizlik orqanları yatmır, hər şeyi bilir, nəzarətdə saxlayır, tədbirlərini görür.

Onu da nəzərə almaq lazımdır ki, din məsələsi var və bu, çox həssas məsələdir. İranpərəstlər də din pərdəsi altında, dindar adı ilə hansısa neqativ fəaliyyətlərini aparırlar. Təhlükəsizlik orqanları bu məsələləri incəliyinə, dəqiqliyinə qədər araşdırır ki, sonradan “dinə basqı edilir” kimi bəhanələr uydurulmasın. DTX bu gün nə etdiyini yaxşı bilir. Ümumiyyətlə, bu gün din pərdəsi altında dövlət əleyhinə gedən şəbəkə var ki, onların da təmizlənməsinə ehtiyac var.

- İran məhz dindən istifadə edərək belə şəbəkələr qurub...

- Bəli, tamamilə, haqlısınız. Casus şəbəkəsinə qoşulanların əksəriyyətinin beyni məscidlərdə yuyulub. Dinə, Allaha tapınmaq istəyən insanların, gənclərin beynini də məscidlərdəki Qum təhsilli agentlər, “imamlar” yuyurlar. Demək istəyirəm ki, bu şəbəkə çox böyük və təhlükəlidir. Qafqaz Müsəlmanları İdarəsi bəyanat verir, çağırışlar edir, amma bu, yetərli deyil. Bu casus şəbəkəsi bəyanatlarla dağılmayacaq, kökündən təmizlənməlidir. DTX məscidlərdə ciddi işlər görməlidir, dini yığıncaqlara nəzarət etməlidir. Cahil insanların məscidlərdə, dini yığıncaqlarda İran agentləri tərəfindən beyinləri yuyulur və onlar bilərəkdən, çox vaxt bilməyərəkdən casus şəbəkəsinin içinə düşürlər. Cahilləri belə şəbəkələrə cəlb etmək daha asandır. Bu proseslərin içərisində bir də cahillərə əlavə maliyyə imkanları yaradılırsa, sosial baxımdan, indiki çətin durumda onları yolundan çıxarmaq daha asan olur. Yenə deyirəm ki, dövlətin aidiyyati qurumları bu məsələdə çox həssas olmalıdır və inanıram ki, DTX həssaslıqla yanaşır.

Müəllif: Anar Bayramoğlu