İmran Xan və həyat yoldaşına hökm oxunub

Dünya

17.01.2025 - 17:08

Həkimlər Klinikalar SEO Xidməti

Sabiq Baş nazir 14, arvadı 7 il müddətinə azadlıqdan məhrum edilib

Lahor Ali Məhkəməsi Pakistanın keçmiş Baş naziri İmran Xanı korrupsiya işi üzrə 14 il müddətinə azadlıqdan məhrum edib. AYNA xarici mediaya istinadən bildirir ki, Xanın həyat yoldaşı Büşra Bibi isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Xanın Baş nazir olduğu dövründə əmlak maqnatı Malik Riazdan “çirkli pulların yuyulmasına” kömək etmək üçün torpaq almaqda günahkar biliniblər. Keçmiş Baş nazir də həmin puldan Riaza cərimələri ödəmək üçün vəsait ayırıb.

Bu, Xanın 2022-ci ildə istefa verdikdən sonra beşinci məhkumluğudur.

Sabiq Baş nazir daha əvvəl də üç başqa işdə, o cümlədən korrupsiya, dövlət sirrinin açıqlanması və yerli nikah qanunvericiliyinin pozulmasında təqsirli bilinib. Xana qarşı irəli sürülən bəzi ittihamlar sonradan götürüldü.

2024-cü ilin dekabrında minlərlə etirazçı Xanın həbsdən azad edilməsi tələbi ilə paytaxt İslamabada yürüş etdi. Ədalət Uğrunda Hərəkat Partiyasının tərəfdarları hesab edirlər ki, Xanın cəzası siyasi motivlidir.

Xan özü də dəfələrlə iddia edib ki, Pakistan müxalifəti Çin və Rusiyaya rəğbət bəsləyən müstəqil xarici siyasətinə görə onu hakimiyyətdən uzaqlaşdırmaq üçün Vaşinqtonla əlbir olub.

Müəllif: Ayna.az