“İlham Əliyevin İsrailə səfərinin vaxtı çatıb”

Siyasət

09.03.2024 - 10:26

Yəhudi dövlətinin yüksək rütbəli zabiti: “İsrail ilə Azərbaycanın bir-birinə ehtiyacı var

Dudu (David) Koen səkkiz il İsrail Müdafiə Qüvvələrində xidmət etmiş və 18 il ərzində İsrail Baş Təhlükəsizlik Xidmətində (ŞABAK) mühüm vəzifələrdə çalışmış gənc polkovnik-leytenantdır. O, antiterror, məlumatların toplanması və təhlili, vətəndaşlara və dövlətə qarşı təhlükələrin qarşısının alınması sahəsində tanınmış ekspertdir.

Koen 2023-cü ildə 46 yaşında, məmləkəti İsrailin şimalındakı Tirat Karmel şəhərinin merliyinə namizəd olmaq üçün erkən təqaüdə çıxdı. Lakin HƏMAS terrorçularının oktyabrın 7-də İsrailə hücumu onu çətin anlarda ölkəsinə kömək etmək üçün 2023-cü ilin payız-qış aylarında vəzifəsinə qayıtmağa məcbur etdi.

2024-cü il fevralın 27-də keçirilən seçkilərin birinci turunun nəticələrinə görə, müstəqil və bitərəf namizəd olan Dudu Koen şəhər əhalisinin 36,4 faizinin səsini toplayaraq, yeddi rəqib arasında birinci yeri tutdu. O, martın 10-da keçiriləcək seçkilərin ikinci turu ərəfəsində Aralıq dənizi sahilləri ilə Karmel dağı arasında yerləşən İsrailin ən sürətlə inkişaf edən şəhərinin potensial meridir.

AYNA Koenlə müsahibəsini təqdim edir:

- İsraillə Azərbaycan arasında siyasi, iqtisadi və hərbi əməkdaşlığın hazırkı dərəcəsini necə qiymətləndirirsiniz? Bunu qənaətbəxş hesab etmək olarmı, yoxsa bir növ dərinləşməyə, inkişafa ehtiyac var?

- Bizim ölkələrimiz strateji tərəfdaşdır - və bu, standart ifadə deyil, Yaxın Şərqin ən güclü ölkəsi olan İsraillə Cənubi Qafqazın ən güclü və inkişaf etmiş dövləti olan Azərbaycanı birləşdirən geosiyasi reallığın mahiyyətidir. Bizi təkcə Azərbaycanın yəhudi icmasının çoxəsrlik tarixi bir araya gətirmir. Hər iki ölkə öz şəxsiyyətini qoruyub saxlamaqla, müasirliyi ənənələrlə birləşdirərək dinamik inkişafa can atır. Mənim dövlətim tərəfindən siyasi təmasların səviyyəsi ən yüksək səviyyədədir - İsrailin prezidentləri, baş nazirləri, Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin rəhbərləri dünyanın ən mühüm paytaxtlarından biri kimi Bakıya səfər edirlər. Və həmişə siz onları çox isti qarşılayırsınız. Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin İsrailə cavab səfərinin vaxtı yetişib və əminəm ki, o, ölkənin bir çox şəhərlərində minlərlə israilli tərəfindən sevinclə qarşılanacaq.

Uzun illər orduda və təhlükəsizlik sistemində xidmət etmiş bir zabit kimi ölkələrimiz arasında hərbi sahədə tərəfdaşlığın ən yüksək səviyyədə olması barədə çox eşitmişəm. Sizə düzünü deyirəm: biz İsraildə Azərbaycan ordusunun 2023-cü ildə əldə etdiyi parlaq qələbəyə ürəkdən sevindik. Biz hətta İsrailin, onun hərbi sənayesinin və yüksək texnologiya şirkətlərinin silahlı qüvvələrinizin modernləşdirilməsinə və təliminə layiqli töhfə verməsi ilə fəxr etdik.

İqtisadi əməkdaşlığa gəlincə: mən hər dəfə maşın sürəndə bilirəm ki, avtomobilimin çənindəki benzinin az qala 50%-i Azərbaycan neftindən hazırlanır. Eyni zamanda, hesab edirəm ki, İsrail ilə Azərbaycan arasında hərbi-iqtisadi əməkdaşlığı mülki sahədə tərəfdaşlıqla tamamlamaq, ayrı-ayrı şəhərlər və ictimai təşkilatlar səviyyəsində insani, humanitar və işgüzar əlaqələri gücləndirmək vaxtı çatıb. Bütün bunlar vətəndaşların xeyrinədir.

- Uzun illərdir ki, terror təşkilatları ilə mübarizə aparırsınız. Eyni zamanda, İsrail Yaxın Şərqin İslam ölkələrinin əhatəsində yaşayıb və yaşayacaq. Bir əsrə yaxındır davam edən qarşıdurma vəziyyətindən çıxış yolu varmı?

- Yaxşı, ən azından Azərbaycan belə bir həll yolunu uğurla nümayiş etdirir. Niyə sizin ölkədə şiələr, sünnilər, xristianlar və yəhudilər dinc yanaşı yaşayırlar? Çünki ölkə rəhbərliyi müasir Azərbaycanda tolerantlıq və bütün dinlərə və etnik qruplara hörmət mühitinin qorunub saxlanması üçün əlindən gələni edir. Allah nəsib etsin ki, ölkənizin modeli digər İslam ölkələrində daha da geniş yayılsın. Əgər Azərbaycan buna nail olubsa, niyə başqa ölkələr bacara bilmir?

Uzun illər ərəb-İsrail qarşıdurmasının mərkəzində vəzifə yerinə yetirən bir şəxs kimi bu qarşıdurmanın dini komponentini aydın başa düşürəm. Minlərlə israilli dini fanatizmdən qaynaqlanan terrorun qurbanı olub. Və buna baxmayaraq, mən bilirəm ki, başqa bir İslam var - insan həyatına hörmət edən, qarşılıqlı faydalı tərəfdaşlıq şərtləri əsasında dialoqa və dinc yanaşı yaşamaya hazır olan. Buna misal olaraq 2020-ci ildə İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında imzalanmış sülh müqavilələri olan “İbrahim Sazişləri”ni göstərmək olar.

İndi İsrail hökuməti Səudiyyə Ərəbistanı və regionun digər ölkələri ilə də analoji dialoq aparır, onlar özləri üçün təhlükənin İsrail olmadığını başa düşürlər. Əksinə, ağıllı ərəb ölkələri uzun müddətdir ki, İsraili “başlanğıc dövlət” və həqiqətən də firavan yeni Yaxın Şərq qura biləcək koalisiyada güclü regional oyunçu kimi görürlər.

- Təəssüflər olsun ki, hazırda dövlətiniz HƏMAS terror təşkilatı ilə elan olunmamış müharibə vəziyyətindədir və planetin əksər ölkələri hücuma keçən silahlıların tezliklə zərərsizləşdirilməsini və İsraildə sülhün bərqərar olmasını istərdi. Sizdən keçmiş hərbçi kimi soruşmaq istərdim ki, hazırda cəbhədə real vəziyyət necədir və terrorçuları məğlub etmək nə qədər vaxt aparacaq?

- Sualnızı bir az düzəldim: bu, tamamilə elan edilmiş müharibədir - dinc qəsəbə və şəhərlərimizə hücumun elə ilk saatlarında HƏMAS İsrailə müharibə elan etdi. Bizdə isə öz növbəsində müharibəni məhz müharibə adlandırırlar. 1200 qadın, uşaq və qocanın, eləcə də musiqi festivalında dincələn gənclərin vəhşicəsinə qətliamını İran tərəfindən təlim keçmiş və silahlandırılan HƏMAS silahlıları həyata keçirib. 7 oktyabr tarixi nasist Holokostundan sonra yəhudi xalqının ən böyük faciəsi oldu.

Lakin böyük bədbəxtlik bu müharibəni onun ədalətli mahiyyətini tam dərk edərək aparan israilliləri birləşdirdi. Cəbhədəki əsgərlərimizin dediyi kimi, “bu, evimiz uğrunda müharibədir”. Və biz bu Ev üçün mübarizə aparacağıq - yeganə ölkəmiz üçün. İsrail Müdafiə Qüvvələri beynəlxalq hərbi qanunlara maksimum dərəcədə əməl edir. İsrail ordusunun hərəkətlərinin məqsədi heç vaxt Qəzza zolağının mülki əhalisinə qəsdən zərər vurmaq deyil. HƏMAS terrorçuları mümkün qədər çox mülki İsrail vətəndaşını öldürməyə çalışırlar.

Cəbhədəki real vəziyyət ondan ibarətdir ki, HƏMAS-ın 24 batalyonundan 19-u artıq məhv edilib. HƏMAS liderləri sektorun 80%-nə nəzarət etmir və siçovullar kimi yeraltı tunellərdə gizlənməyə məcbur olurlar. Sektorun əsas şəhərlərində - Qəzza və Xan Yunisdə terrorçuların mütəşəkkil müqaviməti qırılıb, ayrı-ayrı məhəllələrin təmizlənməsi və silahlılarla ara-sıra toqquşmalar baş verir. Terrorçuların son qalası Misirlə sərhəddə yerləşən Rəfah şəhəri olaraq qalır. Sektorun hər yerindən bir milyondan çox qaçqın ora toplaşıb və HƏMAS tərəfindən canlı qalxan kimi istifadə olunur. Rəfah əməliyyatı bütün müharibənin yekun hissəsi olacaq. Buna əsaslanaraq, yaxın aylarda Qəzzada əməliyyatın uğurla başa çatmasını gözləmək olar.

İsrail Silahlı Qüvvələri (TSAXAL) İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək, ordunun bütün qollarının inteqrasiyası ilə bu hərbi əməliyyatlar zamanı parlaq nəticələr, bacarıq, təlim və atəş gücü nümayiş etdirir. Qeyd edim ki, biz dünyada ilk dəfə nəinki quru, hava, dəniz, həm də yeraltı əməliyyat həyata keçiririk. Hətta “West Point” hərbi akademiyasının amerikalı ekspertləri bu yaxınlarda bildiriblər ki, TSAXAL-ın nailiyyətləri dərsliklərə daxil ediləcək və Qərbin hərbi akademiyalarında öyrəniləcək müasir şəhər müharibəsi klassikasıdır.

- Siz azərbaycanlı mühacirlərin əhəmiyyətli bir icmasının yaşadığı şəhərin meri olmaq istəyirsiniz. Bu kateqoriyadan olan vətəndaşların çoxlu problemləri varmı, onlar, ümumiyyətlə, digər sakinlərlə bərabər şəhərin məişətində iştirak edirlərmi?

- Müxtəlif ölkələrdən və qitələrdən olan yəhudilərin yaşadığı şəhərimizin rəngarəng mozaikasının fəal və hörmətli hissəsi Azərbaycandan olan insanlardır. Azərbaycanı xatırlayan insanlar həmişə ölkəniz haqqında xoş sözlər deyirlər. İsraildə yaşadıqları onilliklər ərzində onlar demək olar ki, tamamilə İsrail cəmiyyətinə inteqrasiya olunublar. Onların problemləri bütün israillilərin problemidir. Biz birlikdə xidmət edirik, birlikdə işləyirik, birlikdə qeyd edirik.

“Bizim Tirat Karmel” hərəkatındakı yoldaşlarım, məsələn, Qafqaz yəhudilərinin irsi üzrə mütəxəssis Anatoli Benyaminov və İsraildə yaşamış keçmiş bakılılar – şair, yazıçı və publisist Boris Quberman kimi, Azərbaycanda doğulmuş və 30 ildən artıq İsraildə yaşayan parlaq şəxsiyyətlərdir. Baxmayaraq ki, mənə deikləri kimi, keçmiş bakılılar olmur. Anatoli Benyaminov ölkələrimiz arasında bəşəri dostluq körpüsünün canlı təcəssümüdür. O, uzun illərdir ki, İsrail ilə Azərbaycan arasında ikitərəfli layihələrdə iştirak edir. 2023-cü ilin avqustunda şəhərimizdə Benyaminovun topladığı 3500 eksponat əsasında sərgi təşkil olundu. Və mən onun “Tirat Karmel”də muzey və Qafqaz Yəhudilərinin Tarixi və Mədəniyyətinin Öyrənilməsi Mərkəzinin yaradılması təşəbbüsünü tam dəstəkləyirəm.

- Əgər seçilsəniz, Tirat Karmeldə dəyişmək istədiyiniz ilk şey nədir? Məlumdur ki, sizin şəhər Şamaxımızla qardaşlaşmış şəhərdir. Bu əlaqələr nə vaxtdan yaranıb və bu gün iki şəhər arasında əlaqələr hansı səviyyədədir?

- İlk növbədə, mən şəhər rəhbərliyi üçün vətəndaşları və onların maraqlarını ən yüksək prioritet kimi qoymaq istəyirəm. Meriya üçün sakinlər yox, insanların layiqli yaşaması üçün ən yüksək səviyyədə bələdiyyə xidməti olmalıdır. Şəhərimizi möhtəşəm transformasiyalar gözləyir - baş inkişaf planına əsasən, Tirat Karmel 10-15 il ərzində iki dəfə artmalı, yeni ərazilərin tikintisi hesabına 32 min sakindən 75 min nəfərə yüksəlməlidir. Bizə yeni standartlar, yeni məktəblər və uşaq bağçaları, yeni yollar, yeni idman kompleksləri, konsert zalları lazımdır. Yeni şəhər rəhbərliyi isə həyat keyfiyyətini yaxşılaşdırmaqla onları təmin etməyə borcludur. Komandamla birlikdə bunu necə edəcəyimi bilirəm.

Şamaxı ilə qardaşlaşma haqqında: çox təəssüf ki, 2017-ci ildə bu barədə imzalanmış müqavilə kağız üzərində qaldı. Amma mən əminəm ki, biz bu gözəl şəhərlə - dağ kurortu və qədim xalçaçılıq mərkəzi ilə qardaş şəhər əlaqələrimizi mahiyyətlə dolduracağıq. Tirat Karmel də tərəfdaşlarımıza təklif edəcək bir şeyə malikdir. Yeri gəlmişkən, şəhərimizin inkişafı çərçivəsində yeni yaşayış binaları, ofis və ticarət-əyləncə mərkəzləri tikiləcək. Ölkənizdən olan investorlar bizə qonaq olacaqlar. İsrail ilə Azərbaycanın bir-birinə ehtiyacı var. Və əminəm ki, tərəfdaşlığımız çox gözəl nəticələr verəcək.

Müəllif: Rauf Orucov