Prezident: “Güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır”
Baş nazir: “Pakistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib”
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev qeyd edib ki, bu səfər ölkələrimiz arasında tərəfdaşlıq, dostluq və qardaşlıq zəminində qurulmuş münasibətləri möhkəmləndirəcək.
Baş Nazirlə ikitərəfli münasibətlərin geniş gündəliyini müzakirə etdiklərini söyləyən dövlət başçısı ölkələrimizin suverenliyinə və ərazi bütövlüyünə güclü dəstəyi bir daha təsdiqlədiklərini qeyd edib.
“Biz Pakistanın Baş naziri ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə etdik. Eyni zamanda, birgə hərbi təlimlərin sayının artırılması ilə bağlı müzakirələr apardıq, çünki buna ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır. Ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır”, - deyə qeyd edib.
Ölkə başçısı deyib ki, münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir. Pakistanın Baş naziri ilə təmaslarının müntəzəm olduğunu və ötən il müxtəlif beynəlxalq tədbirlər çərçivəsində iki dəfə görüşdüklərini vurğulayan dövlət başçısı bildirib: “Mən minnətdaram ki, cənab Baş nazir mənim səfərimi qəbul edib və ölkəmizə rəsmi səfərə gəlib”.
“Azərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı bizə güclü dəstək verib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir. Bu məhz işğal səbəbindən baş verib. Bu isə qardaş ölkə mövqeyidir. Buna görə mən minnətdaram”, - deyə dövlət başçısı bildirib.
“Heç şübhəm yoxdur ki, müdafiə sənayesi sahəsində əməkdaşlığımız inkişaf edəcəkdir”, - deyən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif qeyd edib ki, burada heç bir sirr yoxdur: “Biz heç nəyi gizlətmirik. Nəticə etibarilə bu, regionda sülhün təmin edilməsinə xidmət edir. Bu, təcavüz üçün istifadə edilmir. Biz öz hüquqlarımızı qoruyuruq və regionu sülhə təşviq edirik ki, xalqlarımızın mənafeyini qoruya bilək”.
Baş nazir deyib ki, Pakistan və Azərbaycan qardaş xalqlardır. Pakistan hökumət başçısı bu gün Azərbaycan Prezidenti ilə səmərəli danışıqlar keçirdiyini diqqətə çatdırıb.
"Bizim ikitərəfli və çoxtərəfli məsələlərdə mövqelərimiz üst-üstə düşür. Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və qarşılıqlı ehtiram üzərində qurulub", - Baş nazir vurğulayıb.
Şahbaz Şərif bildirib ki o, Bakıda Pakistan bayraqlarının dalğalandığını görüb: "Bu Azərbaycanda Pakistan olan münasibətdir. Və eyni dərəcədə də Pakistan xalqı Azərbaycan xalqını sevir. Siz də uzaqgörən lider olaraq bu işə öz töhfənizi vermisiniz. Tam səmimi olaraq deyə bilərəm ki bu münasibətlər, əsrlər boyu davam edən bu əlaqələr çox güclüdür, amma bu gün bizim ticarətimiz və sərmayə portfelimiz təəssüf ki, həmin münasibətləri əks etdirmir. Qarşılıqlı əməkdaşlıq sahəsində daha çox işlər görə bilərik. Bilirəm ki, cənab Prezident, siz bunu gücləndirmək niyyətindəsiniz. Biz də bu əzmdəyik. Bu gün biz spesifik sahələrdə bu əlaqələri necə gücləndirə, artıra bilərik onu müzakirə etdik”.
“Pakistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Biz Qarabağ üzərində Azərbaycanın hüququnu hər zaman birmənalı olaraq dəstəkləmişik. Sizin ordunuz cəsurcasına döyüşərək Qarabağı geri qaytarmış və öz hüququnu bərpa etmişdir. Pakistan da Azərbaycanı dəstəkləmişdir. Bu bizim qardaş olaraq vəzifəmiz və borcumuz idi ki, biz bunu həyata keçirmişik”, - Baş nazir vurğulayıb.