Hökumət saxta “əlillərə” və ünvanlı sosial yardım alanlara xəbərdarlıq edir

Cəmiyyət

04.10.2019 - 12:25

Nazir: “Saxta yollarla pensiya əldə etmiş şəxslərin pensiya təminatı dayandırılır”

 

“Bu il ərzində 2500-ə qədər şəxsin əlillik statusu, saxta olduğu üçün ləğv olunub. Bunun nəticəsində dövlət büdcəsinə, təqribən 13 milyon manat qənaət edilib”.

 

AYNA xəbər verir ki, bu barədə jurnalistlərə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev açıqlama verib. Bildirib ki, vəfat etmiş, saxta yolla pensiya əldə etmiş şəxslərlə bağlı məlumatlar mütəmadi olaraq monitorinq edilir və pensiya təminatı dayandırılır.

 

“Bununla bağlı görüləcək işlərdən biri də ünvanlı sosial yardımdır. Elektron bazalar üzərindən aparılmış yoxlamalar nəticəsində saxta yollarla ünvanlı sosial yardım əldə edən və ya buna çalışan şəxslərlə əlaqədar müxtəlif tədbirlər görülür. Müxtəlif istiqamətlər üzrə saxtakarlıq hallarına qarşı mübarizə aparılır”, - deyə nazir vurğulayıb.

 

S.Babayevin sözlərinə görə, bu gün ölkədə 70 mindən çox ailə, yəni 270 mindən çox insan ünvanlı sosial yardım alır: “Bu yardımların orta məbləği 200 manatdan çoxdur. Bu məbləğ il ərzində artır. Lakin ünvanlı yardım insanların işləməməsi üçün stimul olmamalıdır. Tam əmək qabiliyyətli, hər hansı bir üzrlü səbəb olmadan işləməyən insanların işləməsi məcburi sayılır. Çox təəssüf ki, bu istiqamətdə bəzi işbazlar saxta əmək müqavilələri əldə etməyə çalışırlar. Məlum olub ki, bəzi şirkətlərin onlarla, bəzən isə yüzlərlə ünvanlı sosial yardım alan işçisi var. Bu işçilərlə əmək müqaviləsi imzalanıb”.

 

Nazir əlavə edib ki, ünvanlı sosial yardım almaq üçün edilən elektron müraciətlərdən sonra bu müqavilələr ləğv edilib: “Bu müqavilələr üzrə hər hansı sosial sığorta və digər ödənişlər edilməyib. Aydın şəkildə görülür ki, bu şirkətlər, daha doğrusu fərdi sahibkarlar sırf manipulyasiya ilə məşğul olaraq ünvanlı sosial yardım sisteminə əlavə vətəndaşların cəlb edilməsinə əl atıblar. Ona görə də elektron sistem üzərindən araşdırma aparılıb. İlk nəticə olaraq 800-ə qədər ünvanlı sosial yardım alan şəxslərlə bağlı tədbir görülüb”.

 

“Araşdırma oktyabr ayı ərzində davam edəcək. Çünki ilkin risk kateqoriyasına daxil olan 3000-dən çox şəxs var. Araşdırmanın nəticələri bu ay ərzində açıqlanacaq. Burada bir daha müraciət edirəm ki, ünvanlı yardıma görə müraciət üçün hər hansı vasitəçiyə ehtiyac yoxdur. Bunun üçün tam şəkildə elektronlaşdırılmış müraciət forması mövcuddur. Vətəndaşlar sadəcə diqqətlə oxuyaraq bu müraciət formasını doldurmalıdırlar. Vətəndaşların heç şirkətlə, əlavə şəxslərlə təmas qurmasına ehtiyac yoxdur”, - nazir diqqətə çatdırıb.

Müəllif: Ayna.az