“Hökumət qəfil qərarla xəta etdi, amma insanlar da küçələrə axışmamalıydılar”

Dünya

12.04.2020 - 14:36

Həkimlər Klinikalar SEO Xidməti

Toğrul İsmayıl: “Məlum oldu ki, küçələrə çıxanların əksəriyyəti kasıblar deyil və onların bir neçə günlük azuqələri ola bilərdi”

 

Aprelin 10-da Türkiyənin 30 böyük şəhərində 48 saatlıq küçəyə çıxmaq qadağası qoyuldu. Xəbər qadağanın başlamasına 2 saat qalmış elan edildi və insanlar küçələrə, bazarlara axın etməyə başladılar. Yəni, qərarın birdən-birə verilməsi insanların çaşqınlığına və narazılığına səbəb oldu, nəticədə belə bir təhlükəli mənzərə ortaya çıxdı.

 

AYNA-nın mövzu ətrafında suallarını Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, Türkiyədə yaşayan həmyerlimiz Toğrul İsmayıl cavablandırıb:

 

- Toğrul müəllim, aprelin 10-u gecə saatlarında Türkiyədə insanların küçəyə çıxmasını qadağan edən qəfil qərar verildi və qəribə bir mənzərə yarandı: Əksəriyyət küçələrə axışdı. Orada nələr baş verir?

 

- İnsanların həftəsonları havanın istiləşməsi və boş vaxtlarının olması səbəbi ilə küçəyə çıxma ehtimalı yüksək olduğu üçün hökumət 30 böyük şəhərdə və Zonquldaq şəhərində cümə axşamı saat 00:00-dan etibarən küçəyə çıxmaq qadağası qoydu. Bu, əslində psixoloji olaraq cəmiyyətdə ajiotaj yaratdı və insanlar küçələrə axışdılar. Bunun nəticəsində də çox təhlükəli bir hadisə baş verdi. Çünki dünənə qədər çox ehtiyyatla davranan insanlar, sanki aclıqla üzləşəcəklər deyə çörək almaq üçün marketlərə axın etməyə başladılar.

 

- Adətən bu cür qərarlar bir neçə gün əvvəldən verilir ki, insanlar hazırlıqlı olsunlar. Amma qərarın qəfildən verilməsi bu cür xaos yaratdı...

 

- Əlbəttə ki, bu məsələdə hər iki tərəfin xətası var. Birincisi odur ki, birdən-birə belə qərarın verilməsi və insanların hazırlıqsız olması bu durumun yaranmasına gətirib çıxardı. Təbii ki, bu qərar əvvəlcədən verilsəydi, insanlar psixoloji olaraq özlərini bu vəziyyətə hazırlayardılar. Çünki insanlar özləri küçəyə çıxmaq qadağasını tələbə edirdilər. Təbii ki, insanların da pandemiyadan yox, ac qalmaqdan qorxaraq küçələrə axışması da doğru deyil. Düşünürəm ki, cəmiyyət olaraq ciddi problemlə üz-üzə qaldıq.

Toğrul İsmayıl: Milli Məclisin buraxılması qərarı Azərbaycandakı ...

- Hazırda Türkiyədə vəziyyət nə yerdədir?

 

-Hazırda elə ciddi bir problem yoxdur. Böyük marketlər, mağazalar fəaliyyətinə davam edir. Ümumiyyətlə, Türkiyədə sistem elədir ki, məhəllə baqqalları, çörəkçilər çoxdur deyə, ac qalmaq mümkün deyil. Çox güman ki, insanlarda özünü qoruma instintki baş verdi. Hökumətin axşam qəfildən belə bir qərar verməsi insanların psixoloji olaraq qorxmasına gətirib çıxardı. Qəribəsi isə insanların kütlə psixologiyası ilə hərəkət etməsi oldu. Yəni insanlar təməl ehtiyacları üçün deyil, digər zəruri olmayan tələbatlar üçün evlərini hamılıqla tərk etdilər. Hökumətin səhv etməsiylə yanaşı, vətəndaşların da məsuliyyəti olmalıdır. Çünki maskasız, məsafə gözləmədən insanların belə mənzərə yaratması xoşagəlməz hadisənin yaranmasına gətirib çıxardı. Hətta, araşdırma aparılan zaman məlum oldu ki, küçəyə çıxan insanların əksəriyyəti kasıb insanlar deyildi. Ən azından, bir neçə günlük azuqələri ola bilərdi. Digər araşdırmalara görə, Türkiyədə hər il yüzminlərlə ton çörək israf edilir. Yəni iki gün ərzində insanların çörəksiz qalacaqları mümkün deyil. Təbii ki, hökumət də bu qərarı verməzdən əvvəl sosioloji araşdırma aparmalıydı. Çünki qərar verməzdən əvvəl aparılan bu cür araşdırmalar daha təsirli olur. Hökumət, ən azından sosioloqlarla, psixoloqlarla məsləhətləşsəydi, daha münasib olardı.

 

- Qadağa iki günlük tətbiq edildi. Məlumdur ki, iki gün ərzində pandemiyanın qarşısını almaq olmaz. Ola bilərmi ki, hökumət bu qəfil qərarla insanların sosial psixologiyasını yoxlamaq istəyib?

 

- Mən də bunu təxmin edirdim. Hətta tərəfdarıyam da. Çünki insanlar məsuliyyətlərini hiss eləmirlər. Məsələn, cümə günü mən mağazaya gedəndə küçələrin insanlarla aşıb-daşdığını gördüm. Çıxanlar arasında yaşlılar da var idi, gənclər də, uşaqlar da. Türkiyədə nə qədər polis olmalıdır ki, bu insanlara xüsusi nəzarət edilsin. İnsanların özlərinin də məsuliyyətli olması lazımdır. Yəni vacib ehtiyaclar yoxdursa, insanların küçəyə çıxmasını doğru hesab etmirəm.

 

- Baş verənlərə dövlət tərəfindən rəsmi reaksiya verildi?

 

- Davamlı olaraq açıqlamalar verildi ki, insanlar narahat olmasınlar, hər şey yaxşı olacaq. Dövlət küçəyə çıxmaq qadağası qoysa belə, məlumdur ki, insanları acından öldürməyəcək. Həm də bu, sadəcə dövlətin üzərinə düşən vəzifə deyil, insanlar da ciddi olmalıdırlar. Çünki problem milli yox, beynəlxalqdır. Hər bir insan bu xəstəliyə qarşı fərqli reaksiya göstərir. Ona görə də ilk növbədə insanlar özlərini qorumalıdırlar. Çünki virusun yayılma sürəti çox güclüdür. Yayılma surəti güclü olduğu üçün də ölüm sayının artma ehtimalı da çoxdur. Yəni pandemiya beynəlxalq təhdid olsa da, xəstəlik fərdidir. Hər kəs özünü qorumalıdır. Çünki bu, qlobal təhlükə olduğu üçün, iqtisadiyyatı, təhsil, səhiyyə sistemini, turizm sektorunu məhv edib. Dövlət isə bütün bunlarla yanaşı, insanların evdə oturmasına da nəzarət edə bilməz. Bu, bütün dünyada belədir və insanlar özlərini qorumalıdırlar. O cümlədən Türkiyədə yaşanan hadisə də bütün dünyada yaşana bilər.

 

- Türkiyədə qərarlar daha da sərtləşə bilər? Belə bir ehtimal varmı?

 

- Tək Türkiyə deyil, bütün dünya bu xəstəliyin qarşısını almaqda çətinlik çəkir. Ona görə də əgər xəstəlik daha da irəliləsə, əlbəttə ki, Türkiyədə də bəzi addımlar atılacaq. Hətta, buna ehtiyac da var. Artıq ölkə müxalifəti də bunu tələb etməyə başlayıb ki, ən azından böyük şəhərlərdə bu addımlar atılsın.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş