Hökumət inadından əl çəkmir: pensiya üzü görmədən həyatla vidalaşacağıq

Cəmiyyət

22.11.2022 - 10:16

Deputat: “Azərbaycanda yaş ortalaması çox deyil, əksər adam 70 ildən çox yaşaya bilmir”

İqtisadçı: “Bu məsələyə məsuliyyətsiz və dırnaqarası yanaşmaq olmaz”

Milli Məclisin ötən həftə keçirilən plenar iclasında 2023-cü ilin büdcə layihələrinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev Azərbaycanda pensiya yaşının azaldılması təşəbbüsü ilə çıxış edib. Deyib ki, Dövlət Statistika Komitəsinin rəsmi açıqlamasına görə, Azərbaycanda kişilərin 47 faizi 65 yaşına qədər yaşayır.

“Belə çıxır ki, kişilərin yarıya qədəri ümumiyyətlə pensiya ala bilmir. Bu isə absurddur. Bu baxımdan ölüm halları üzrə yaş nisbəti nəzərə alınmalı və pensiya yaşı aşağı salınmalıdır. İnsanlar pensiyanı tez almalıdırlar. Kişilər tez ölürsə, onların pensiyaya çıxmaq yaşı azaldılmalıdır”, - deyə deputat bildirib.

Qeyd edək ki, dünyanın bəzi ölkələrində orta ömür müddəti Azərbaycandan çox olsa da, onlarda pensiya yaşı daha azdır. Məsələn, Türkiyədə kişilər üçün 60, qadınlar üçün 58, Özbəkistanda qadınlar üçün 55, kişilər üçün 60, ABŞ-da həm kişilər, həm də qadınlar üçün 62 yaş pensiya yaşı olaraq qəbul edilir. Azərbaycanda isə hər il onminlərlə insan pensiya almadan dünyadan köçür. Onlar uzun illər ərzində Dövlət Sosial Müdafiə Fonduna ödəmələr etsələr də, hökumətin onlara ayırmalı olduğu pensiyadan və qocalıq müavinətindən yararlana bilmirlər.

Azərbaycanda pensiya yaşının azaldılması gözlənilirmi?

Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa AYNA-ya açıqlamasında söyləyib ki, pensiya yaşının azaldılması labüddür: “Bu mənada deputat həmkarım Qüdrət Həsənquliyevin təklifini dəstəkləyirəm. Dünya təcrübəsinə istinad etsək, görərik ki, hər bir ölkədə obyektiv ölüm yaşı müəyyən edilir. Bu, müəyyən edildikdən sonra şəxsin minimum 12 il pensiya alması təmin edilir”.

“Azərbaycanda obyektiv ölüm yaşı ya qəbul edilməyib, ya da buna məhəl qoyan yoxdur. Əgər bizdə orta ölüm yaşı 70 ildirsə, o halda pensiya yaşı olaraq 58 yaş müəyyən edilməlidir. Bütün hesabalmalar və qərarlar buna müvafiq olaraq verilməlidir. Digər yandan dünyanın inkişaf etmiş ölkələrində, Avropada və s. insanların uzunömürlüyünü təmin etmək üçün icbari tibbi sığorta sistemi işləyir. Bizdə isə bu sistem yeni oturuşur. Bütün hallarda hökumət obyektiv ölüm səbəblərinin azalmasına qarşı ciddi mübarizə aparmalı, habelə pensiya yaşını aşağı salmalıdır”, - deyə deputat vurğulayıb.

Mustafanın sözlərinə görə, bəzi vətəndaşlar pensiya yaşına çatmadan dünyasını dəyişirlər: “Onkoloji və qan-damar xəstəlikləri səbəbindən dünyadan vaxtsız köçənlərin sayının artdığını nəzərə alsaq, pensiya yaşının azaldılması istiqamətində təxirəsalınmaz qərar qəbul edilməlidir. Vətəndaşın sağlığını qoruyacaq başqa mexanizmlər yoxdur. Avropada icbari tibbi sığorta var və vətəndaş müalicə olunaraq 90 yaş yaşayır. Statistika nə deyirsə desin, Azərbaycanda yaş ortalaması çox deyil, əksər adam 70 ildən çox yaşaya bilmir. Təxmini olaraq 50 faiz vətəndaş bu imkandan yararlana bilmir. Bu, kifayət qədər ciddi rəqəmdir. Nəsillərin dəyişməsinə rəvac verilməli, pensiya yaşı olmasına baxmayaraq, əmək fəaliyyətinin qanunla məhdudlaşdırılmadığı vətəndaşlar istisna olmaqla digər vətəndaşlara pensiya almaq imkanı yaradılmalıdır”.

İqtisadçı-ekspert Rəşad Həsənov da AYNA-ya şərhində pensiya yaşının azaldılmasına ciddi ictimai tələb olduğunu qeyd edib: “Statistik göstəricilər özü buna çağırışlar yaradır. Son illər əhalinin orta yaş həddi azalmağa başlayıb. Bəzi xəstəliklərin nəticəsində tamamilə sağlam insanların qısa müddət ərzində dünyasını dəyişməsi vaxtsız ölümlərin sayını artırır. Çox təəssüf ki, Azərbaycanda orta ömür müddəti bir çox dövlətlərlə müqayisədə aşağıdır. Bu səbəbdən bizim ölkədə pensiya yaşı da aşağı olmalıdır. Bu, həm qadınlara, həm də kişilərə şamil olunmalıdır. Ölkəmizdə orta pensiya müddəti 7 il təşkil etdiyi halda, digər dövlətlərdə bu 14 ildir. Bu çox aşağı göstəricidir”.

“Azərbaycan hökuməti bununla bağlı hərəkətə keçməli və müvafiq addımlar atmalıdır. Bu gedişlə xeyli vətəndaşımız pensiya almadan bu dünyadan köçəcək. Buna isə məsuliyyətsiz və dırnaqarası yanaşmaq olmaz”, - deyə ekspert bldirib.

Həsənov DSMF-in gəlirləri hesabına xərclərini ödəməyə çalışdığı qənaətindədir: “İctimai narazılıqlara baxmayaraq, hökumət bu siyasətdən imtina etmir. Orta ömür müddətinin azalmasına və əhalinin sosial ehtiyaclarının artmasına rəğmən, pensiya yaşı nəinki azalmır, əksinə, artırır. Misal üçün, Yaponiyada orta pensiya dövrü 20 ildir. Yaponiya hökuməti də sosial müdafiədən daxil olan ödənişlər vasitəsilə xərclərini qarşılaya bilərdi. Lakin bunu etmir. Çünki orada insan həyatı qiymətlidir. Əgər bütün bunlara önəm vermədən hökumət pensiya yaşını artırırsa, deməli, insanların həyatı bir o qədər də ciddi əhəmiyyət kəsb etmir. Ölkə əhalisinin təxminən 12-13 faizi pensiyaçıdır. Bu, böyük rəqəm deyil. Uzağa getməyək, qonşu Gürcüstan və Türkiyənin təcrübəsinə istinad etsək, görərik ki, onlarda bu faiz nisbəti xeyli yüksəkdir”.

Müəllif: Azər Niftiyev