“Hökumət bir nəfər də “xarici terrorçu”nu xalqa göstərməyib”

Dünya

14.02.2022 - 10:18

Kazbek Beysebayev: “Tokayevi devirmək istəyən Nazarbayevin yaxın çevrəsi narazı vətəndaşların etirazından istifadə etdilər”

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev Qazaxıstanda baş verən yanvar hadisələrini müzakirə ediblər. Liderlər Moskvada görüşlərinin açıq hissəsində bəyanatlarla çıxış ediblər.

“Bu, bizim yanvar hadisələrindən sonra ilk görüşümüzdür. O zaman  Qazaxıstan heç bir mübaliğəsiz ölkə daxilində yaranmış ağır vəziyyətdən sui-istifadə edən bəzi beynəlxalq dəstələrin qurbanına çevrildi. Sizinlə yeni ildən əvvəl görüşümüz zamanı heç nə bu cür hadisələrin inkişafından xəbər vermirdi”, - deyə Putin bildirib.

Onun sözlərinə görə, bununla belə, vəziyyət bərpa olunub: “Rusiya KTMT ölkələrindən biri kimi, müqavilənin 4-cü maddəsinə uyğun olaraq, Qazaxıstanı dəstəkləyib və öz qoşunlarını ora göndərib. Mən bilirəm ki, bu hadisələr zamanı itirilmiş hər şeyi bərpa etmək üçün indi çoxlu səylər göstərilməli olacaq. Lakin Qazaxıstan buna baxmayaraq, inamla və möhkəm ayaq üstə dayanır, Sizin səyləriniz sayəsində Sizin rəhbərliyinizlə fəal inkişaf edir”.

Qazaxıstan hadisələrinin başlanmasından bir aydan çox vaxt keçir. O vaxtdan bəri bir şey aydınlaşdımı? Putinin dediyi bu “beynəlxalq dəstələr” kimlərdir? Və özü də nə danışdığını bilirmi? Axı, deyəsən, yanvar hadisələrində iştirak edən bir dənə də olsun əcnəbi tapılmayıb. Həqiqətən nə baş verib və dinc etirazlardan sonra başlayan iğtişaşların arxasında kim dayanıb – Qazaxıstan hakimiyyətinin bu suallara cavabı varmı və onlar səsləndirilibmi? Yoxdursa, niyəsi də maraqlıdır. Bütün bunların Qazaxıstanda hakimiyyət uğrunda elitadaxili müharibənin zahiri təzahürü olduğunu düşünənlər nə dərəcədə haqlıdırlar?

AYNA-nın suallarını tanınmış qazaxıstanlı politoloq Kazbek Beysebayev cavablandırıb:

“Beynəlxalq dəstələr”lə bağlı bu sual Qazaxıstan ictimaiyyətinin diqqət mərkəzindədir. Bundan əvvəl bizim səlahiyyətlilər 20 min əcnəbi terrorçudan danışırdılar. İstənilən müharibədə itkilər və saxlanılanlar olur, lakin Qazaxıstan hakimiyyəti hələ də saxlanılan bir əcnəbi terrorçunu göstərməyib. Beynəlxalq dəstələrin bu üzvlərinin xarici mənşəyini təsdiq edən sənədlər də yoxdur.

Yanvar hadisələrindən sonra saxlanılanlar arasında qonşu Qırğızıstan və Özbəkistanın vətəndaşları da olub. Ola bilsin, onlar bizim yanımızda tikinti sahələrində, başqa obyektlərdə işləyirdilər. Üstəlik, bir növ xarici müdaxilədən danışmaq üçün onların sayı o qədər də çox deyil. Baxmayaraq ki, Prezident Tokayev terrorçuların təyyarələrlə gəlişindən danışıb. Ümumiyyətlə, beynəlxalq terrorçular haqqında çox danışılır, lakin buna sübut yoxdur.

Eyni zamanda Qazaxıstanda aksiyalar olub və on minlərlə insan həqiqətən də orada iştirak edib. Ona görə də mən hesab edirəm ki, bu “terrorçular” Qazaxıstan vətəndaşlarıdır. Üstəlik, onların böyük əksəriyyəti çarəsizlikdən və düşdüyü vəziyyətə görə etiraz edib. Bu narazılıq illər boyu yığılıb və sadəcə öz məqamını gözləyirdi.

Narazı vətəndaşların bu mövqeyindən hazırkı Prezident Tokayevi devirmək istəyən Nazarbayevin yaxın çevrəsindən olan şəxslər istifadə ediblər. Onlar Milli Təhlükəsizlik Komitəsinə (MTK), digər güc strukturlarına rəhbərlik edib, bütün maliyyə axınlarına nəzarət ediblər. Artıq sübutlar var ki, onların Qazaxıstan ərazisində öz düşərgələri olub, burada həmin “xarici döyüşçülər” hazırlanıb.

Bu günlərdə Baş Prokurorluq bəyan edib ki, yanvar hadisələri zamanı bir neçə rayonda polis və DTK rəhbərliyi öz binalarını tərk edib, bəziləri hətta sənədləri yandırıblar. Bütün bunlar Qazaxıstanda dövlət çevrilişinin hazırlandığını təsdiqləyir. Lakin sui-qəsdçilərin planları KTMT qoşunlarının yeridilməsi ilə alt-üst oldu.

Nazarbayevin adamlarının dövlət çevrilişi təşkil etmək istədiyini etiraf etmək Qazaxıstanın Tokayevə hakimiyyətin tranzitinin saxta olduğunu etiraf etməsi deməkdir. Bu, əslində, qonşu dövlətdəki, ən yaxın müttəfiqində sui-qəsdi görə bilməyən Moskvaya da aiddir. Ona görə də inanıram ki, onlar hər şeyi “xarici terrorçular” və “beynəlxalq dəstələr”in boynuna yıxmaq qərarına gəliblər ki, Qazaxıstanın özündə və dünya birliyində bu versiyaya inansınlar”.

Müəllif: Rauf Orucov