Hərbi kadr çatışmazlığı və "HIMARS" qarşısında aciz S-400 - Rusiyanın gücü tükənir

Dünya

12.08.2022 - 22:28

Oleksandr Musienko: "Onların böyük itkiləri və kadrların azlığı problemi var. Rus bölmələri var ki, döyüş qabiliyyətinin 30-50 faizini itirib"

Bir neçə gündən sonra Rusiyanın "xüsusi hərbi əməliyyat" adı altında Ukraynaya qarşı başlatdığı işğalçı müharibədən 7 ay ötəcək. Bu müddətdə Rusiya Ukraynanın bir neçə şəhər, qəsəbə və kəndlərini işğal etməyi bacarıb. Amma Ukrayna ordusu geri çəkilmir, ərazilərinin azadlığı uğrunda vuruşur. 

Müharibənin gedişi haqqında Ukrayna Hərbi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Oleksandr Musienko UNIAN-a müsahibə verib. AYNA sözügedən müsahibəni istinadla təqdim edir: 

- Ukraynanın cənubunda cəbhədə baş verənlərlə bağlı xəbərləri diqqətlə izləsək belə təəssürat yaranır ki, həm Ukrayna, həm də Rusiya qüvvələri hücuma hazırlaşır. Ancaq belə bir fikir var ki, tərəflər hazırda təşəbbüsü ələ almaq uğrunda mübarizə aparırlar. Sizcə sonda kim qalib gələcək?

- Bu gün Ukrayna müdafiə qüvvələri əksər istiqamətlərdə birinci və əsas vəzifəni yerinə yetirib - düşmənin hücumunu dayandırmaq və irəliləmək. Ciddi hərbi əməliyyatların davam etdiyi Baxmut-Avdivka istiqaməti istisna olmaqla, vəziyyət az-çox stabilləşib. Rus qoşunları oradakı mövqelərimizə mütəmadi olaraq hücum edir, lakin vəziyyət artıq iki ay əvvəl, Severodonetsk və Lisiçansk yaxınlığında rusların fəal şəkildə irəlilədiyi vaxtdakı kimi deyil.

İndi Ukrayna Silahlı Qüvvələri düşmənin irəliləyişinin qarşısını almaq üçün addımlar atır, rus qoşunlarını geri oturtmaq üçün əməliyyatların hazırlanması, qüvvə və ehtiyatların toplanması davam edir. Ruslar da öz növbəsində mövqelərini qorumaq üçün ehtiyatları səfərbər edir və qüvvələrini yenidən yerləşdirirlər. Həm də, ola bilsin ki, əks hücuma keçmək üçün Ukrayna qüvvələrinin hərəkətlərindəki səhvlərdən istifadə etmək istəyirlər.

Əslində bu, təşəbbüsü ələ almaq uğrunda mübarizə deməkdir. Amma hesab edirəm ki, bu gün bu vəziyyətdə artıq dönüş nöqtəsi var. Təşəbbüs tədricən Ukrayna tərəfinə keçir. Və burada biz yalnız əsgərlərimizə cənubdakı ərazilərin işğaldan azad edilməsi planlarının və strategiyalarının həyata keçirilməsində uğurlar arzulaya bilərik.

- Yəni ki, Ukrayna qüvvələrinin hücumunun olacağını proqnozlaşdırırsınız?

- Biz bunu hərbi əməliyyatların inkişafı  ilə görəcəyik. Amma onu da demək lazımdır ki, Ukrayna qüvvələri cənubda üstünlük əldə etmək üçün artıq müəyyən strategiya həyata keçirir. Bu, "HIMARS" sistemlərinin yüksək dəqiqlikli zərbələri ilə özünü göstərir: anbarların, arsenalların və Dnepr çayı üzərindən Xerson bölgəsinin sağ sahilinə keçidlərin məhv edilməsi. Yəni, Ukrayna qüvvələri düşmən qüvvələrini tükəndirmək məqsədi ilə əks-hücuma keçid üçün şərait yaradır. Ancaq birbaşa yerdəki əks-hücum əməliyyatının baş verəcəyini hələ ki, gözləmək məcburiyyətindədir.

- Bəs cənubdakı rusları qoivmaq, körpülərdən əlavə qüvvələr və təminatlarının qarşısını almaq nə qədər vaxt aparacaq?

- Dəqiq zaman söyləməkdən çəkinirəm. Amma rus hərbçiləri onsuz da malik olduğu imkanlardan istifadə etməkdən məhrumdur. Bunu həm Antonovski körpüsündə, həm də Kaxovski körpüsündə görə bilərik. Bəli, bəzi yerlərdə ponton keçidləri qalır, lakin təminat baxımından onlar körpülərlə eyni gücə malik deyil. Yəni ki, biz artıq rusların logistikasına ciddi ziyan vurmuşuq. İndi ən vacibi odur ki, Ukrayna qüvvələri bütün bu keçidləri atəş altında saxlayır: ruslar keçidlərin bərpasına təzəcə başlayırlar . Amma onların maddi-texniki imkanlarını bərpa etməsini mümkünsüz etmək üçün yeni zərbələr endirilir.

Rus qoşunları müəyyən ehtiyatlar toplayıb, lakin onların nə qədər kifayət edəcəyi zamanın işidir. Düşünmürəm ki, bu, uzun müddət onlara kifayət edəcək. Ukrayna qüvvələri bu ehtiyatların tükənməsini təmin etmək üçün hər şeyi edir. Nə qədər lazımdırsa, ruslar logistik imkanlardan məhrum ediləcəklər.

- Bununla belə, Rusiyanın Ukrayna şəhərlərini atəşə tutması halı nəzərəçarpacaq dərəcədə artıb. Nikolayev hər gün atəşlərdən əziyyət çəkir. Bu yaxınlarda Odessa üzərində raketlər vuruldu, amma ruslar Zaporojye AES-i yenidən atəşə tutdular... Bütün bunlar Ukrayna Silahlı Qüvvələrinin rusları cənubdan vurmağa hazırlığı ilə bağlıdır?

- Raket atəşi həqiqətən tez-tez oldu. Gördüyümüz kimi, düşmən Mykolayevi S-300 sistemlərindən atəşə tutur. Zaporojye AES-də ruslar AES-in ərazisinin minalandığı barədə məlumat verdilər. Bildirdilər ki, bura ya rus torpağı olacaq, ya da səhra...

Təbii ki, bütün bunlar Ukrayna qüvvələrinin cənubdakı müəyyən taktiki uğurları ilə bağlıdır. Üstəlik, bütün bunlar Rusiyanın davamlı raket terroru taktikası ilə bağlıdır. Bu yolla Rusiya Federasiyası Ukraynaya, Avropaya və dünyaya təzyiq göstərməyə çalışır.

- Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç bu yaxınlarda bəyan etdi ki, Ukrayna aviasiyası cənubda işğalçılara ən böyük zərbəni vurub. Bunu bizim tərəfimizdən fəaliyyətin intensivləşməsi hesab etmək olarmı?

- Müharibə boyu Ukrayna aviasiyasından istifadə edilib. Təbii ki, bu, böyük risklə baş verdi. Çünki Rusiya işğal etdiyi əraziyə çoxlu sayda zenit-raket kompleksləri gətirdi. Cənubdakı qüvvələrimizin strategiyası mürəkkəbdir. Birincisi, Rusiya qoşunlarının hərbi arsenallarına yüksək dəqiqliklə zərbələr endirilir. İkincisi, maddi-texniki dəstəkləri məhv edilib. Üçüncüsü, Ukrayna Silahlı Qüvvələri düşmənin hava hücumundan müdafiə sistemlərinə zərbələr endirir. Bu xüsusiyyət son iki və ya üç həftə ərzində baş verir. Məsələn, Xerson vilayətindəki Rusiyanın Lazurnı yaxınlığındakı müasir “Podlyot” radiolokasiya stansiyası məhv edilib. 

Daha bir vacib xəbər - Ukrayna tezliklə düşmən radarlarını məhv etmək üçün "HIMARS" alacaq. Bu, çox vacibdir, çünki müəyyən dərəcədə rus qüvvələrini məhv edir. Bütün bunlar Ukrayna aviasiyasının istifadəsi imkanlarını və məkanını genişləndirir.

- Daxili İşlər Nazirliyi rəhbərinin keçmiş müşaviri Viktor Andrusiv Rusiyanın Novofedorivka aerodromunun yaxınlığında baş verən partlayışların 300 kilometrlik raketlərin atılmasının nəticəsi olduğunu ehtimal edib. Bu nə dərəcədə doğru ola bilər?

- Bunlar ATACMS ballistik raketləri ola bilərmi? Hədəfi belə vura bilərdilərmi? Teorik olaraq, bəli. Gəmi əleyhinə raketlər bunu edə bilərmi? Nəzəri olaraq, edə bilərdilər. Bir dron da bunu edə bilərdi. Məsələn, "Bayraktar" TB2 zərbə dronu və ya güclü kamikaze dronları. Amma ola bilsin ki, bu partlayışlar Rusiya hərbi qüvvələrində tez-tez rast gəlinən səhlənkarlığın nəticəsidir. Mənşəyi məlum olmayan partlayış yaradırlar. Mən buna “Allahın cəzası” deyirəm.

Diqqət edilməli olan əsas məqam odur ki, əgər bu, pilotsuz təyyarə və ya raketdirsə, o zaman aerodromu əhatə edən Rusiyanın hava hücumundan müdafiəsini keçməli idilər. Ya onlar çox gec fərqinə varıblar, ya da ki, üçuçiyyətlə, fərqinə varmayıblar. Bu mənada rusların hava hücumundan müdafiə vasitələrinin işləmədiyini görə bilərik. 

- Avqustun əvvəlində Ukrayna tərəfdaşlarından "Gepard" və "Mars II" kimi sistemlər alıb. Düşmənin yeni silahları varmı?

- Onların S-400 və "Buk-M3" hava hücumundan müdafiə sistemləri var. Yəni rusların prinsipcə bu tip silahları var. Məsələn, S-400-lər işğal olunmuş Krımda görünüb. Bəlkə də indi həmin silahlar Xerson bölgəsindədir. Lakin gördüyümüz kimi, bunlar "HIMARS"ın zərbələrindən qorumur.

Rusiya texnikasının hər hansı modernləşdirilməsi aparılıbmı və ya həyata keçiriləcəkmi? Teorik olaraq, mümkündür. Ancaq indi Rusiya üçün nəyisə götürüb onu təkmilləşdirmək çox çətindir. Ən son raketlərin işləmə prinsipini belə başa düşmək çox vaxt aparır. Bundan əlavə, Rusiya hazırda texnologiya və müasir silah istehsal etmək imkanları baxımından yaxşı vəziyyətdə deyil. Bununla belə, sanksiyalar Rusiyaya getdikcə daha çox təsir edir. Rusiya Federasiyasında silah komponentlərinin çatışmazlığı göz qabağındadır və istehsal üçün lazımi komponentləri əldə etmək getdikcə çətinləşir.

- Dediniz ki, rusların silahlarını çətin ki, modernləşdirə bilsinlər. Köhnə hərbi texnikanın da tükəndiyini deyə bilərikmi?

- Bu cür silah növləri üçün, məsələn, bəzi zirehli texnika bölmələri üçün müvafiq tendensiya var. Xüsusilə, tanklarla bağlı biz paradoksal şeylər görürük: rusların külli miqdarda texnikanı anbardan çıxarmasına baxmayaraq, onların heç də hamısı uyğun vəziyyətdə deyil. Belə ki, onların cəbhədəki texnika ehtiyaclarını ödəməyə və əllərində olan bölmələrə qulluq etməyə vaxtları olmur. Niyə tankları qeyd etdim? Məsələ burasındadır ki, Rusiya əsasən modernləşdirilmiş T-70 və ya T-90 tankları ilə zərbə qrupu yaradıb. Bununla belə, düşmənin çoxlu sayda modernləşdirilmiş və ya daha yeni texnikası məhv edildi. Beləliklə, indi köhnə seriyanın tankları artıq xidmətdədir: T-72 və ya hətta T-64. Onların müəyyən hissəsi hələ də Rusiya anbarlarında qalır, hələ tükənməyib.

Artilleriya baxımından da görə bilərsiniz ki, tədricən bəzi komponentlərdə ruslar sistem çatışmazlığını hiss etməyə başlayıblar. Məhz buna görə də “Pion” kimi artilleriya kompleksləri gətirilməyə başlandı. Bununla yanaşı, düşmən aviasiyadan daha az istifadə edir. Çünki Ukraynanın hava hücumundan müdafiə texnikasından qorxur.

- Rusların canlı qüvvə baxımından vəziyyəti necədir?

- Şəxsi heyət baxımından əziyyət çəkdikləri çox nəzərə çarpır. Rusiyanın Ukraynaya aktiv şəkildə texnika ötürməyə çalışması ilə paralel olaraq gizli səfərbərlik tədbirlərinin də gücləndiyini görürük. Rusların bəzi texnikalarının tükəndiyini düşünmürəm. Amma peşəkar hərbi kadrlar - bu texnikalardan səmərəli istifadə və texniki xidmət göstərə bilənlər çatışmır. Rusiya ordusunun ruhdan düşməsini də qeyd edərdim. Görünür ki, bəzi istiqamətlərdə onlar əlavə heyət, rotasiyalar və aktiv hərbi əməliyyatlar bölgəsindən geri çəkilməyi gözləyirlər. Məsələn, İzyum istiqamətində belə bir tendensiya müşahidə olunmağa başlayıb. Onların böyük itkiləri və kadrların azlığı problemi var. Bəli, rus bölmələri var ki, döyüş qabiliyyətinin 30-50 faizini itirib. Onlar yalnız nominal olaraq, kağız üzərində mövcuddurlar. Və onlar döyüşə həvəsləndirilmir. Çünki bölmələrə əlavə canlı qüvvələr göndərilmir.

Müəllif: Turan Abdulla