Oleksandr Musiyenko: "Desant qüvvələri Ukrayna müdafiə qüvvələri üçün yaxşı hədəfə çevriləcək"
"Rusiya işğalçıları Odessa vilayətində dəniz sahilində kəşfiyyat aparır. Onlar hücuma keçməyə cəhd göstərə bilərlər. Lakin Odessanın işğalı ilə bağlı ruslar uğur qazana bilməyəcəklər".
AYNA xəbər verir ki, bu sözləri "Kanal 24"ün efirində Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Oleksandr Musiyenko deyib.
Onun sözlərinə görə, ruslar artıq desant gəmiləri ilə sınaqlar təşkil edərək Odessa vilayətinin sahillərini dənizdən atəşə tutmağa cəhd ediblər: "Başa düşməlisiniz ki, əlavə quru kontingenti olmadan, qurudan əlavə qoşunların dəstəyi olmadan hücum etmək demək olar ki, qeyri-mümkün və ya çox çətindir. Əks halda, bu desant qüvvələri Ukrayna müdafiə qüvvələri üçün yaxşı hədəfə çevriləcək".
Musiyenko vurğulayıb ki, hadisələrin Yujnobuqski istiqamətində inkişafından çox şey asılıdır: "Bildiyimizə görə, qüvvələrimiz orada düşmənin irəliləməsinin qarşısını ala biliblər. İşğalçılar daha irəli gedə bilmirlər, Nikolayevdən yan keçirlər. Eyni zamanda, Ukrayna müdafiə qüvvələri də orada əks-hücuma keçir".
“Nə qədər ki, düşmən Cənub səddini keçə bilməyib, onun Odessanı tutmaq niyyətinin baş tutmayacağını deyə bilərik”, - hərbi ekspert bildirib.
Musiyenko onu da qeyd edib ki, Ukrayna müdafiəsini gücləndirməkdə və əlavə silah növləri almaqda davam edərsə, Rusiya hərbçilərinin quru əməliyyatında hər hansı uğurdan danışmağa ehtiyac qalmayacaq.