“Hər qarış uğrunda şiddətli döyüşlər gedir”

Dünya

09.03.2023 - 18:07

İdrak Camalbəyli: “Ukrayna genişmiqyaslı əks-hücumu ilə Rusiya ordusunu məhv edəcək”

Rusiyanın Ukraynaya “xüsusi əməliyyat” adı altında başlatdığı işğalçı müharibə bir ildən çoxdur davam edir. Hazırda da təmas xəttində şiddətli döyüşlər gedir, Rusiya ordusu zaman-zaman Ukrayna şəhərlərini raket atəşinə tutur, mülki insanlar həlak olur. İşğalçı ordu ağır itkilər bahasına müəyyən uğurlar da əldə edir.

Hazırda mövqe döyüşləri öz şiddətini qorusa da, tərəflərin genişmiqyaslı hücumları müşahidə edilmir. Lakin hücumların kəsərli olacağı bildirilir. Ukraynanın yaz aylarında genişmiqyaslı əks-hücuma hazırlaşdığı barədə məlumatlar var. Rusiya tərəfinin də hücuma keçəcəyinə dair xəbərlər dolaşır.

Ukrayna cəmiyyətinin müharibə barədə düşüncələri, hazırkı hərbi vəziyyət və müharibənin dönüş nöqtəsinin nə zamana təsadüf edəcəyi barədə AYNA-nın suallarını Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli cavablandırıb.  Müharibəni yaxından izləyən həmsöhbətimiz xatırladıb ki, ötən il fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin və hərbi komandası 3 gün müddətində Ukraynanın tamamını işğal edə biləcəklərini zənn edirdi:

- Amma bu xəyal baş tutmadı. Müharibənin ilk günündən Ukrayna xalqı döyüşə atıldı, öldü, öldürdü, amma işğalla barışmayacağını bəyan etmiş oldu. Ötən ilin bu günləri ukraynalılar üçün çox çətin idi. Çünki Ukrayna ordusunun silah-sursatla bağlı problemləri mövcud idi. Eyni zamanda, Ukrayna Rusiyadan fərqli olaraq müharibəyə hazır deyildi. Ukraynalılar üçün gözlənilməz idi ki, belə genişmiqyaslı müharibə olacaq. Bəli, müharibədən əvvəl müəyyən söhbətlər gedirdi ki, hücum olacaq, müharibə olacaq və s. Amma Ukrayna xalqının əksər hissəsi son anadək Rusiyanın belə bir addım atacağını gözləmirdi. Bütün bunlara baxmayaraq, xalq ordusunun yanında oldu, işğalla barışmayacağı fikrini ortaya qoydu, döyüşə atıldı.

Ölkəni tərk edənlər də oldu. Ukraynadan gedənlərin əksəriyyəti yaşlı insanlar, qadınlar, uşaqlar idi. Bütövlükdə isə Ukrayna xalqı mübarizəni davam etdirdi. Ukrayna ordusunun cəsarətini görən, ordusunun döyüşdüyünü, təslim olmaq niyyətində olmadığını görən bir çoxu da sonradan vətəninə qayıtdı. Demək istədiyim odur ki, 13 aydır Rusiya məqsədinə nail ola bilməyib.

- Və müharibə davam edir...

- Bəli, müharibə davam edir, nəzərə almaq lazımdır ki, Ukrayna ordusu da ötən ilin bu vaxtkı ordusu deyil. Ukrayna ordusunun dünyanın ikinci güclü ordusu adlandırılan Rusiya ordusuna qarşı belə mətanətlə, rəşadətlə döyüşməsi faktə var. Bunu görən Qərb müttəfiqləri Ukraynaya yardım etmək qərarı verdilər və bu gün Ukrayna bütün növ silah-sursatla təmin edilməkdədir. Ən ağır silahların belə, veriləcəyi gözlənilir. Eyni zamanda, Ukrayna ordusunun peşəkar komandanlığı var ki, dəqiq əməliyyatlar keçirə bildiklərini göstərdilər.

Müharibənin əvvəlində ərazilər itirən Ukrayna ordusu gün keçdikcə işğalda olan torpaqlarını qaytarmaq uğrunda döyüşür, müsbət nəticələr əldə edir. Ərazilərin əvvəldən itirilməsi Ukrayna ordusunun silah-sursatının çatışmaması ilə bağlı idi. Zamanında Ukrayna lazımi silah-sursatla təmin olunsa idi, bu gün müharibə davam etmirdi, artıq Ukraynanın qələbəsi ilə başa çatmışdı.

- Hazırda ağır döyüşlərin getdiyi bildirilir...

- Bəli, ağır döyüşlər gedir, hər iki tərəf itkilər verməkdədir. Ukrayna üçün çətindir, ağırdır, amma ordu var gücü ilə döyüşür və heç bir halda işğalla barışmayacağını göstərir. Hər qarış uğrunda şiddətli döyüşlər davam edir.

- Belarus istiqamətindən Ukraynaya hücum olacağı gözləniləndirmi?

- Uzun müddətdir ki, Rusiya hərbi texnikasını Belarus ərazisində cəmləşdirib, dəfələrlə təlim keçirib. Kəşfiyyat məlumatlarına görə, rusların bölmələri hazırda Belarusun Ukrayna ilə sərhəd ərazilərindədir. Amma Ukrayna Prezidenti Belarus tərəfindən təhlükə olmadığını bəyan edir. Bununla yanaşı, həmin istiqamətdə Ukrayna ordusu lazımi müdafiə tədbirləri görüb. Rusiya ordusu Belarus istiqamətindən hücum edərsə, “sürprizlərlə” qarşılaşacaq.

- Müharibənin gedişi hansı proqnoza imkan verir?

- Ukrayna ordusu müasir silahlarla silahlanır, Qərbdən tədarüklər başlayıb. “Leopard” kimi tanklar, haubitsalar artıq Ukraynadadır. Bu silahlardan istifadə üçün təlim keçmiş hərbçilər komplektləşdirilib. Ukraynanın genişmiqyaslı əks-hücumunun olacağı gözlənilir. Bəzən aprel-may aylarını nəzərə alıb buna “yaz hücumu” deyirlər. Lakin hərbi sirr olduğu üçün dəqiq nə zaman əks-hücuma keçiləcəyini demək çətindir. Ukrayna ordusu böyük işlər görüb, hansı ki, bu, yaxın zamanlarda genişmiqyaslı hücumun olacağını anons edir. Bu əks-hücumla da Ukrayna demək olar ki, müharibənin taleyini həll edəcək. Yaz aylarının müharibədə dönüş nöqtəsi olacağını hərbi analitiklər, siyasətçilər bəyan edirlər. Üstünlük Ukraynanın tərəfindədir.

- Rusiya ordusunun da hazırlıqları barədə məlumatlar var...

- Belə məlumatlar var, amma çox vaxt bunun təbliğat xarakterli olduğunu görürük. Müharibənin gedişi onu göstərdi ki, Rusiya ordusu yalnız kağız üzərində “dünyanın ikinci güclü ordusu”dur. Rusiya ordusu bu gün texniki təchizat baxımından da, təminat baxımından da, silah-sursat baxımından da əziyyət çəkir. Silah sarıdan Rusiya ordusunda demək olar ki, böhran hökm sürməkdədir. Şəxsi heyətlə bağlı da Rusiya ordusunun ciddi çatışmazlığı var. Böyük səfərbərlik də Putinin işğalçı ordusunun dərdinə çarə olmadı. Rusiya ordusu görün nə gündədir ki, Priqojin kimi cinayətkarın terrorçu “Vaqner” dəstəsinin ümidinə qalıb. Yaxud da cinayətkar Kadırovun axmaq qruplaşması ilə nəsə etmək istəyirlər. Bu ordu ilə Rusiya heç zaman qalib ola bilməz. Ona görə də hesab edirəm ki, Ukrayna genişmiqyaslı əks-hücumu ilə Rusiya ordusunu məhv edəcək, işğalda olan ərazilərinin tamını işğalçılardan təmizləyəcək.

Müəllif: Anar Bayramoğlu