Hər kəsin nəzəri Konstitusiya Məhkəməsində: BUNDAN VACİB nə iş ola bilər?!

Cəmiyyət

07.10.2023 - 10:24

Deputat: “Gözləntilərimiz böyükdür və inanırıq ki, Konstitusiya Məhkəməsi ədalətli qərar qəbul edəcək”

Ekspert: “Konstitusiya Məhkəməsi tarixi ədaləti bərpa etməli və vətəndaşların xeyrinə qərar çıxarmalıdır”

Xəbər verdiyimiz kimi, Qarabağ müharibəsi və əmək veteranlarının, habelə təqaüdçülərin adından Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Milli Məclisə və Konstitusiya Məhkəməsinə müraciət ünvanlanıb. Müraciət müəllifləri bir milyona yaxın ölkə vətəndaşının əlində qalan özəlləşdirmə çeklərinin taleyinə aydınlıq gətirilməsini xahiş ediblər. 

12.09.2023-cü il tarixində Prezident İlham Əliyev tərəfindən özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması üçün Konstitusiya Məhkəməsinə 1483 saylı qeydiyyatla məktub daxil olub. 18.09.2023-cü il tarixində isə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin adından Konstitusiya Məhkəməsinə 1518 saylı qeydiyyatla və eyni məzmunlu məktub daxil olub.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin və ümumilikdə müstəqil Azərbaycanın tarixində ilk hadisədir ki, dövlət başçısının, vətəndaşların, deputatların, Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyinin, özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlanıb. Özəlləşdirmə paylarının sahibi olan vətəndaşlar adından Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə və Konstitusiya Məhkəməsinin hakimlərinə ünvanlanmış müraciətdə konstitusion haqlarının bərpası tələb edilir.

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Bütün bunlarla yanaşı, özəlləşdirmə çeklərinin sahibləri olan vətəndaşlar adından Konstitusiya Məhkəməsinə edilmiş müraciətə hələ də baxılmaması kütləvi narazılıq yaradır. Müraciət müəllifləri Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevdən bunun məntiqi izahını istəyirlər: “Hörmətli Fərhad müəllim! Sizcə, Konstitusiya Məhkəməsində çalışan hakimlərin 4 aydıır bu məsələni uzatmalarında məqsəd nədir? Gözləyirsiniz ki, Cənab Prezident xaricdəki çıxışları zamanı investisiyalar və insan hüquqlarından danışanda kimlərsə “Cənab Prezident, hansı səbəbdən Siz öz vətəndaşlarınızın mülkiyyətlə əlaqəli konstitusion hüquqlarını pozursunuz və bizləri, ölkənizdə hər şeyin yaxşı olduğunu deyərək ölkənizə dəvət edirsiniz, investisiya qoymağa çağırırsınız?” tipli problemli və siyasiləşdirilmiş suallar ünvanlasınlar?... İndi dövlət öhdəliyi kimi, Ümummilli Liderin imzaladığı qanunla, inflyasiyadan qorunan hər özəlləşdirmə payının 20 000 ABŞ dolları miras əmlak ekvivalenti olması barədə çoxsaylı hüquqşünas alimlərin, YAP-çı hüquqşünas və iqtisadçı ekspertlərin elmi-praktik araşdırmalarından, bu faktların bir ildir çoxsaylı media orqanlarında və “Youtube” kanallarında işıqlandırılmasından sizin hakimlərinizin heçmi xəbəri yoxdur?! Bəs, şəxsən Sizin, cənab Sədr?... Dövlət özəlləşdirmə paylarını 25 ildir satmayan 1 milyon vətəndaşdan hər gün 30 nəfəri öz haqqına çatmadan dünyadan köçür. Deyin, bu gün Konstitusiya Məhkəməsində baxılması üçün bundan vacib nə iş ola bilər?!”.

Azərbaycan Milli Məclisinin üzvü, professor Kamilə Əliyeva mövzuya dair AYNA-ya açıqlamasında özəlləşdirmə çekləri ilə bağlı yaranmış hüquqi problemin tezliklə həll ediləcəyinə ümidvar olduğunu deyib: “Azərbaycanda həyata keçirilən uğurlu islahatların məntiqi nəticəsidir ki, 30 ildir düşmən tapdağında olan torpaqlarımız azad edildi. Ermənistan öz vətəndaşlarını saxta və xam xəyallarla bəslədiyi dövrlərdə ölkəmiz hərbi və iqtisadi qüdrətini artırır və bununla da gələcək tarixi qələbəyə zəmin yaradırdı. Cənab Prezident İlham Əliyevin praqmatik, rasional qərarları  və addımları nəticəsində ölkəmiz regionun lider, dünyanın isə önəmli dövlətlərindən birinə çevrilib. Ölkədə aparılan islahatlar dövlətimizin daha da qüdrətlənməsi və inkişafını özündə ehtiva edir”.

Deputatın Konstitusiya Məhkəməsinin çeklərlə bağlı haqlı qərarı qəbul edəcəyindən gözləntiləri böyükdür: “Ulu Öndər Heydər Əliyevin qərarı ilə vətəndaşlara əvəzsiz özəlləşdirmə çeklərinin paylanılması tarixi addım idi. Unutmaq lazım deyil ki, biz o zaman müstəqilliyə yenicə qədəm qoymuşduq və vətəndaşlar arasında təcrübə də yüksək səviyyədə deyildi. Keçmişdə olanları bir kənara qoyaraq gələcəyə baxmaq, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirmək soydaşlarımıza bayram sevinci yaşadar”.

“Ümidvarıq ki, Konstitusiya Məhkəməsi çoxsaylı müraciətlərə müsbət cavab verəcək. Həm ölkə rəhbərliyinin, həm Milli Məclisin deputatlarının, həm də ölkə ziyalılarının çağırışına müsbət cavab veriləcək. Tarixi ədaləti təmin olunmasına inanan vətəndaşlarımızın xeyrinə qərar çıxarılması vacibdir. Əminəm ki, belə də olacaq”, - deyə Əliyeva vurğulayıb.

Əmlak eksperti Fərid Rüstəmov mövzu ilə əlaqədar AYNA-ya açıqlamasında bildirib ki, özəlləşdirmə payları əlində qalan vətəndaşların sayı çoxdur: “Bu səbəbdən onların fərdi qaydada öz haqlarını tələb etməsi çətindir. Hətta deyərdim ki, mümkünsüzdür. Nəzərə alanda ki, ümummilli lider Heydər Əliyevin fərmanında və qanunvericilikdə nəzərdə tutulan vacib məqamlar həyata keçirilməyib və ümumilikdə proses məmur oliqarxiyasının maraqlarına uyğun şəkildə aparılıb, mövzuya Konstitusiya Məhkəməsi səviyyəsində məntiqi yekun vurulması labüddür”.

“Bu proses uzun müddət bu formada davam edə bilməz. Çünki yüzminlərlə ölkə vətəndaşının konstitusion hüquqları pozulub. Dövlət tərəfindən təqdim olunan qiymətli kağızlar dəyərsiz kağız parçasına çevrilib. Digər yandan bu günə qədər edilən çoxsaylı müraciətlərə də müsbət cavab verilməyib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxvektorlu islahatlar nəticəsində ölkəmiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Nəhayət, tarixi məqam yetişib ki, özəlləşdirmə çekləri ilə bağlı məsələyə də məntiqi yekun vurulsun”, - deyə həmsöhbətimiz söyləyib.

Ekspert hesab edir ki, ya tədavül müddəti artırılmalı, ya da dəymiş zərər kompensasiya edilməlidir: “Qarşıda dövlət özəlləşdirmə proqramları həyata keçiriləcək. Hər bir özəlləşdirmə payı üçün inflyasiyadan qorunmaqla bəlli məbləğ də müəyyən olunub. Digər yandan özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin çek sahibi olan vətəndaşlar arasında paylanılması nəzərdə tutulub. Yəni, kifayət qədər əsaslar mövcuddur ki, bu əsaslara söykənərək prosesi yeklunlaşdırmaq olar”.

“Ümumi rəy ondan ibarətdir ki, 2011-ci ildən özəlləşdirmə çeklərinin fərmanla tədavüldən çıxarılması Konstitusiya və qanunlara ziddir, sosial ədalətin tapdanmasıdır. Bu mənada hesab edirəm ki, hazırkı şəraitdə Konstitusiya Məhkəməsinin əsas vəzifəsi özələşdirmə çeklərinin taleyi ilə bağlı vətəndaşların xeyrinə qərar çıxarmaq olmalıdır”, - deyə Rüstəmov fikrini tamamlayıb.

Qeyd

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Əlavə qeyd

Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri QANUNLA verilib!

Heydər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray